1115
16:54
12 Yanvar 2020

Öz görkəmində qüsur axtarmaq xəstəlikdir? - Həkim danışır

Zahiri görkəmi ilə heç cür barışa bilməmək və özündə daim qüsur axtarma olaraq izah edilən “Dismorfik pozuntu” insanın var olmayan və ya həqiqətdə olandan çox daha qabarıq bir şəkildə görünüşündə qüsur axtarması və bununla davamlı məşğul olmasıdır. Şəxsin qüsur olaraq gördüyü əlamət bir çox halda xəyali xarakterlidir, yəni hər hansı bir fiziki qüsur olmadan da bu düşüncələr obsessiv bir hal ala bilər.

Yunan mifologiyasında “Dysmorphia” anormal və quruluş sözlərinin birləşməsi olaraq çirkinliyi təmsil edir. 1880-ci ildə ilk dəfə dismorfofobia adı ilə müəyyənləşdirilmiş olan dismorfik pozuntu hazırda DSM və (Psixi pozuntuların diaqnostik və statistik əl kitabı) əsasən “Obsessiv Kompulsiv və Əlaqəli Pozuntular adı altında “Bədən dismorfik pozuntusu” olaraq qəbul edilib.

Adətən 15-20 yaşlarda ortaya çıxan xəstəlik, daha çox qadınlarda görünsə də bu problemə bağlı psixi sağlamlıq mərkəzlərinə deyil, ilkin olaraq estetik cərrahlara müraciət edildiyi üçün çox vaxt müalicə gecikir və ya heç alınmır. Əlbəttə, hər estetik cerraha müraciət edən şəxs bu pozuntudan əziyyət çəkir demək deyil, ancaq unudulmamalıdır ki, özünü daim çirkin görüb qüsur axtarma qavrayışın pozuntusudur və cərrahi müdaxilələr obsessiv xarakterli düşüncələri aradan qaldıra bilməz. Medikamentoz və psixoterapiya dəstəyi ilə müalicəsi aparılmaqdadır.

Cəmilə Rəhimli-Uzman Psixoloq