4801
18:20
12 Yanvar 2020

Bu hadisələr dünyanı şoka salıb - DƏHŞƏTLİ QƏZALAR - FOTOLENT

Ukraynaya məsxus və göyərtəsində 178 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması bütün dünyanı sarsıtdı. Qəzada təyarənin göyərtəsində olan bütün insanlar həyatını itirib.

Təyyarə qəzası dünyada baş verən ən dəhşətli təyyarə qəzalarını yada salıb.

Lent.az xəbər verir ki, tarixdə bir neçə dəfə dəhşətli təyyarə qəzaları baş verib.

Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, yaxud terror aktı hesab olunur.

1. 3 mart 1974-cü il

Türk Hava Yollarına məxsus aerobus Ankara-İstanbul-Paris-London reysini həyata keçirən zaman təyyarənin yük yeri möhkəm bağlanmayıb. Havaya qalxdıqdan yarım saat sonra qəflətən yük yeri açılıb, nəticədə təzyiq fərqi yarandığından bir neçə kreslo sərnişin qarışıq yerindən qopub uçub. Hava gəmisinin idarəetmə mexanizmi də sıradan çıxıb. Nasazlıq yaranandan 77 saniyə sonra təyyarə Parisdən 37 km aralıda böyük sürətlə dağa çırpılıb. Qəzada təyyarədəkilərin hamısı-546 nəfər ölüb.

2. 27 mart 1977-ci il Tenerife, Kanar adaları

Tenerife şəhər aeroportunda qeydə alınan səmada deyil, quruda baş verib. İki “Boeing-747”-nin toqquşması zamanı 583 nəfər ölüb. Dispetçer komandasının anlaşılmazlığı ucbatından pilotlara səhv komanda verilib. Las-Palmas aeroportunda baş verən partlayışa görə bütün təyyarələr Tenerife aeroportuna yönləndirilib. Çoxlu sayda gözləyən və eniş edən təyyarələr olduğuna görə, yanlış qərar nəticəsində 2 təyyarə bir-birinə çırpılıb.

3. 25 may 1979-cu il


ABŞ-ın də Çikaqo şəhəri yaxınlığında “American Airlines”-a məxsus “DC-10” təyyarəsi qəzaya uğrayıb. Qəza zamanı 273 nəfər ölüb.

4. 19 avqust 1980-ci il, Ər-Riyad, Səudiyyə Ərəbistanı


Bu qəza təyyarə qəzaları içərisində ən tükürpədicisidir.
Təyyarə Pakistanın Kəraçi şəhərinə istiqamət alsa da, göyərtədə meydana gələn tüstü ucbatından o, havaya qalxdığı məntəqəyə - Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə qayıtmalı olub. Pilotlar uğurlu eniş edib, onu aeroportun uçuş zolağına sürüb, hətta təyyarəni saxlayıblar. Ancaq mühərriklər hələ söndürülməyib. Buna görə də 3 dəqiqədən sonra təyyarə alışıb yanmağa başlayıb. Hava gəmisi yerdə olduğu halda sərnişinlər köməksiz vəziyyətdə yanıb ölüblər. 301 nəfərin heç biri təyyarədən sağ çıxmayıb.


5. 23 iyun 1985-ci il, Atlantik okeanı


Bu, su üzərində ən irimiqyaslı aviaqəzadır. İrlandiya sahillərində, daha dəqiq Atlantik okeanı üzərində “Boeing-747”-nin parça-parça olması indiyə qədər mübahisəli məsələdir. Layner Monreal-London-Dehli-Bombey reysini həyata keçirirdi. 9400 metr hündürlükdə təyyarədə partlayış səsi eşidildi və qalıqları Atlantik okeanına düşdü. 329 nəfər həlak oldu. 20 il davam edən təhqiqat işlərinə 130 milyon Kanada dolları xərcləndi. Kanada hökuməti hadisəyə görə hind ekstremistlərinin məsuliyyət daşıdığını müəyyənləşdirdi. Bazası Şimali Amerikada yerləşən sikx hərbi qruplaşmasının baqaja bomba yerləşdirdiyi məlum oldu. Hindistanda yaşayan bu milli azlıq o zamanlar müstəqillik uğrunda mübarizə aparırdı və terror aktı ilə diqqəti özlərinə cəlb etmək istədilər. Hərçənd təhlükəsizlik xidmətinin əməkdaşları hazırlanan terror aktından öncədən xəbərdar idilər, çünki partlayıcı vasitə təyyarənin göyərtəsinə sərnişinlərdən birinin çantasında keçirilib və aeroport əməkdaşları buna göz yumub. Partlayış sahildən 190 km aralıda baş verib. Ölənlərin aldıqları bədən xəsarətlərindən müəyyənləşdirmək mümkün oldu ki, təyyarə partladılıb. Lakin bu günə qədər sikx qruplaşması iddia edir ki, bu qəzada onların əli yoxdur, partlayışı ABŞ xüsusi xidmət orqanları törədib ki, sikxlərə dünyada etimad azalsın.
6. 12 avqust 1985-ci il
Yaponiyada “Japan Airlines” şirkətinə məxsus təyyarə Tokio yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində cəmi 4 nəfər sağ qalıb. Havaya qalxan təyyarənin gövdəsində yaranan çat nəticəsində uçuşdan 12 dəqiqə sonra laynerdə texniki nasazlıq yaranıb, salonda təzyiq aşağı düşüb. Pilot idarəetməni itirib və təyyarə 4100 metr hündürlükdən sürətlə aşağıya düşüb. Təhqiqatdan belə aydın olub ki, 1978-ci il iyunun 2-si eniş edərkən təyyarənin quyruğu zolağa dəyib və təmir işləri keyfiyyətlə aparılmadığından 7 il sonra bu cür qəzaya gətirib çıxarıb.
7. 3 iyul 1988-ci il, Fars körfəzi
Fars körfəzi səmasında baş verən qəzanın səbəbkarı nə pilotdur, nə də texniki nasazlıq. İran Hava Yollarına məxsus “Airbus A300” sərnişin təyyarəsi hərbiçilər tərəfindən vurulub. Təyyarə 28 dəqiqəyə Dubaya çatmalı idi. Həmin il Fars körfəzində ABŞ hərbi-dəniz kreyseri keşik çəkirdi. O, İran-İraq müharibəsi zamanı Küveyt nəqliyyatını mühafizə edirdi. Amerika hökumətinin açıqlamasına görə, kreyser aerobusunu hərbi döyüş təyyarəsi zənn edib. 20 km məsafədən təyyarəyə 2 raket buraxılıb və hədəfə dəyib. Amerikanlar hadisəni hərbi insident kimi qiymətləndirdiyi üçün heç kəs cəzalandırılmayıb. Qəza nəticəsində 290 nəfər həyatını itirib. İran hökuməti neytral su hövzələrində təyyarəyə hücumu cinayət kimi qiymətləndirib. Yalnız 8 ildən sonra ABŞ tərəfi rəsmi Tehranın mövqeyi ilə razılaşaraq 62 milyon dollar ödəyib. Ancaq kompensasiya kimi deyil, könüllü jest olaraq verdiyini bildirib..
8. 8 yanvar 1996-cı il
İndiki Konqo şəhərində yerləşən N'Dolo aerodromundan Rusiyanın An-32 təyyarəsinin havaya qalxmaq cəhdi baş tutmayıb. Havaya qalxandan sonra isə təyyarə şəhərin mərkəzində yerləşən aeroportun yaxınlığında olan bazara çırpılıb. Sonradan təyyarənin həddindən artıq yüklənməsi qəzaya səbəb olub. Hadisə zamanı 350 nəfər ölüb, 450 nəfər isə yaralanıb. Yarım illik təhqiqatın nəticəsi olaraq hər iki pilot qətldə günahkar bilinərək həbs edilib.
9. 12 noyabr 1996-cı il,
Çimkənddən Hindistanın paytaxtı Dehliyə uçan Qazaxıstana məxsus İl-76TD təyyarəsi ilə Dehlidən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə istiqamət götürən Boeing-747 təyyarəsi toqquşub. Dehlidən 75 km aralıda 500 km/s sürətlə hərəkət edən təyyarələr bir-birinə çırpılıb. Zərbənin təsiri avtomobillərin bir-birinə çırpılmasından 700 dəfə güclü idi. Hər iki təyyarədə olanların hamısı-348 nəfər ölüb. Xilasedicilər heç bir cəsədin kimliyini müəyyənlişdirə bilməyib. İnsidentə görə qazaxıstanlı pilotun günahkar olduğu bildirilib.

10. 11 sentyabr 2001-ci il, Nyu-York, ABŞ

Bu aviaqəza bütün dünyanı şoka salıb. İki "Boeing-767" terrorçular tərəfindən qaçırılaraq Nyu-Yorkdakı əkiz qüllələrə çırpılıb. Göyərtədə ümumilikdə 137 sərnişinin olmasına baxmayaraq hadisənin qurbanlarının sayı 3 minə çatıb. Hər iki bina yerlə yeksan olub, dağıntılar altında minlərlə insan qalıb. Bu, insan itkisinə görə, ən genişmiqyaslı təyyarə faciəsi idi.

11. 1 iyul 2002-ci il, Uberlinqen, Almaniya

Almaniyadakı bu qəza digərlərindən fərqlənir. Burda diqqət çəkən məqam ölənlərin sayı deyil, onların yaş həddidir. Rusiyaya məxsus “TU-154” ilə Almaniya şirkətinə məxsus “Boeing-757” yük təyyarəsinin toqquşması zamanı ölənlərin əksəriyyəti uşaqlar olub. Dispetçer cihazında baş verən nasazlıq pilotları çaşdırıb. Hər iki təyyarənin ekipajı toqquşmadan qaçmağa çalışsalar da, dispetçerdən düzgün və vaxtında məlumatın daxil olmaması səbəbindən yanlış qərar veriblər. Ölənlərin əksəriyyəti qəzanın baş verdiyi yerin yaxınlığında dəfn olunub, onların xatirəsinə memorial inşa edilib.
12. 17 iyul 2014-cü il, Ukrayna
Ən dəhşətli təyyarə qəzalarından biridir. Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın Kuala-Lumpur şəhərinə uçan Malayziya Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsi Donetsk yaxınlığında separatçılar tərəfindən vurulub. Göyərtədə olan 298 nəfərin hamısı ölüb. Daha çox siyasi xarakter daşıyan bu insident dünya liderlərini də şoka salıb.
13. 31 oktyabr 2015-ci il, Sinay yarımadası
Şarm-əl-Şeyxdən qalxan Rusiya təyyarəsi 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub. Hadisəyə görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Qəzanı araşdıran Rusiya tərəfi də qəzanın səbəbi olaraq terror versiyasını təsdiqləyib.
14. 16 mart 2016-cı il
Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər həlak olub. “Flydubai” aviaşirkətinə məxsus “Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. Yayılan ilkin məlumatalara əsasən, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. Təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə xaricilər olub.
15. 16 yanvar 2017-ci il
Honqkonq-Bişkek reysini həyata keçirən Türkiyə aviaşirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkekdə “Manas” hava limanına eniş edən zaman qəzaya uğrayıb. Təyyarə yaşayış massivinə düşüb. Hadisə yerindən 38 cəsəd çıxarılıb ki, onların 16-ı uşaq olub. 30-dək ev isə dağılıb.
16. 18 fevral 2018-ci il
Tehran-Yəsuc reysini həyata keçirən İranın “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 sərinişin təyyarəsi qəzaya uğrayıb və nəticədə 70-dək insan həyatını itirib.
17. 31 iyul 2018-ci il
Meksikanın Duranqo şəhəri yaxınlığında Aeromexico avişaşirkətinə məxsus “Embraer-190” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 103 nəfər olub. Mexikodan havaya qalxmaq istəyən təyyarə lazimi yüksəkliyə qalxa bilmədiyindən uçuş zolağına enə bilmədiyindən kənara çıxış və yanıb. Xobəxtlikdən ölən olmayıb. Amma müxtəlif xəsarət alan 98 nəfər xəstəxanaya yerləşdirilib.
18. 14 yanvar 2019-cu il
İranın Kərəc şəhərində hərbi təyyarə qəzaya uğrayıb. Bişkekdən uçan “Boeing 707” hərbi təyyarəsi Kərəcin “Payam” hava limanına enmək əvəzinə səhvən “Fəth” hava limanın eniş edib. Pilot idarəetməni itirməsi nəticəsində təyyarə yaşayış massivinə düşüb. Nəticədə 15 nəfər ölüb, 1 nəfər sağ qalıb.
19. 27 dekabr 2019-cu il
Almaata- Nur-Sultan reysini həyata keçirən Bek Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı hündürlük məsafəsini itirib və ikimərtəbəli tikintiyə dəyərək qəzaya uğrayıb. Fokker-100 tipli təyyarənin qəzası zamanı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
20. 2 yanvar 2020-ci il
Sudanın Qərbi Darfur əyalətində Əl-Qeneyna şəhərindəki hava limanından uçan An-12 təyyarəsi 5 dəqiqədən sonra qəzaya uğrayıb. Qəzada 18 nəfər həyatını itirib. onların 7-i ekipaj üzvü, 4-ü uşaq olub.