3899
16:00
05 Yanvar 2020

Hərracda tuna balığı 1,8 milyon dollara satılıb - FOTO

Yanvarın 5-də də Tokionun Toyoşu balıq bazarında ilk hərrac zəngləri çalınıb. Topdan satış tacirlərinin nümayəndəsi bildirib ki, o, cari ildə mavi tuna balığı hərraclarının uğurla davam edəcəyinə inanır.

İlin və yeni Reyva dövrünün ilk hərracına yerli vaxtla səhər saat 5-də start verilib.

Yaponiyanın şimalında yerləşən Aomori prefekturasında tutulmuş 276 kiloqram ağırlığında tuna balığı 193 milyon yenə (təqribən 1,8 milyon dollar) satılıb. Bu, hərracların tarixində ötən il qeydə alınan rekord məbləğdən sonra ikinci göstəricidir.

Hərracların qalibi isə mənzil-qərargahı Tokionun Tsukizi rayonunda yerləşən suşi restoranlar şəbəkəsinin sahibi olub.

Həmin şəbəkənin prezidenti Kiyoşi Kimura deyib ki, qiymət çox baha olsa da o, yeni ilin və yeni Reyva dövrünün ilk hərracını qazanmaqdan məmnundur.

K.Kimura əlavə edib ki, indi onun restoranları öz müştərilərinə ən yaxşı tuna balığını təklif edəcək.

(AZƏRTAC)