Ötən il ərzində Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı 2018-ci illə müqayisədə 26,4 faiz artaraq 4 447 ədəd təşkil edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində mərkəzə daxil olan sorğulardan 96,4 faizinə baxılıb və təmin edilib.
Ötən il ərzində Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 266 hesabat təqdim edilib ki, bu da 2018-ci ilin göstəricisini 67,3 faiz üstələyir.
Mərkəzdən verilən məlumata əsasən, il ərzində Azərbaycan internet məkanında dövlət qurumlarına aid 45 yeni domen və 107 subdomen qeydiyyatdan keçib ki, bu da 2018-ci ilin göstəricisindən müvafiq olaraq 21,6 faiz və 3,8 dəfə daha çoxdur.