11:20
30 Dekabr 2019

"Yeni Agentlik təhsildə böyük işlər görməyə imkan verəcək" - EKSPERT

Dekabrın 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.

Prezident İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qeyd edək ki, Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiyə qədər fəaliyyət göstərən Akkreditasiya və Nostrifikasiya İdarəsinin bazasında formalaşacaq.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bundan sonra təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş sənədləri təstiq edəcək.

Təhsil eksperti Kamran Əsədov Lent.az -a bildirdiyinə görə, bu o deməkdir ki, yaxın illərdə Azərbaycanda distant təhsil alanların da diplomları tanınacaq: “Agentlik hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyənləşdirilməsi ilə bağlı təklif etmək hüququna malikdir. Yaxud təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək hüququ var. Bu da yeni və vacib məsələdir. İlk dəfə olaraq, ölkədə bir qurum effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nəzarət edəcək.

Müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək verəcək.

Düşünürəm ki, bu agentlik keyfiyyətin ölçülməsi üçün qəbul və buraxılış imtahanlarını, ali təhsil müəssisələrinin tədris proqramını ciddi təhlil edəcək.

Ümumilikdə Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, ölkə prezidenti təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlıdır.

Agentliyin nizamnaməsi kifayət qədər əhatəlidir. Təhsil sistemində böyük işlər görməyə imkan verir”.

Dİgər xəbərlər