"Candy Crush" oynayanlar, pornoya baxanlar, soyunanlar: Dünyada deputatlar parlamentdə nə işlə məşğuldur?
05 yanvar 2020 16:24 (UTC +04:00)

"Candy Crush" oynayanlar, pornoya baxanlar, soyunanlar: Dünyada deputatlar parlamentdə nə işlə məşğuldur?

Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə ali səlahiyyətli və qanunverici orqan kimi parlamentlər fəaliyyət göstərir. Parlament qızğın müzakirələrin getdiyi yer olsa da, bəzən burada maraqlı hadisələr yaşanır.

Lent.az dünyanın müxtəlif ölkələrinin parlamentlərində baş vermiş ən maraqlı hadisələri təqdim edir:

Ukrayna - Ukrayna Sosialist Partiyasının lideri İlya Kiva həmkarının andiçmə mərasimində “Batman” filmindən “Joker” obrazının maskasını geyib. Bununla da o, digər deputat Sergey Rudikə öz etirazını bildirib.

- Ukrayna parlamentində digər bir maraqlı hadisə adı həmişə qalmaqallarda hallanan Ukraynanın Radikal partiyasının lideri Oleq Lyaşkonun adı ilə bağlıdır. Belə ki, Ali Radanın iclası zamanı Ukrayna Radikal partiyasının başçısı Oleq Lyaşko öz mobil telefonunda kişilərin yarıçılpaq şəkillərinə baxarkən yaxalanıb. Bu haqda parlamentin fotoqrafı Boqdan Bortakov “Facebook”da yazıb. Bortakov həmçinin həmin şəkilləri öz səhifəsində dərc edib.

İtaliya - İtaliyada iki millət vəkili parlamentin tualetində cinsi əlaqəyə girərkən yaxalanıb. Ölkəni ayağa qaldıran bu hadisədən sonra həmin deputatların istefası tələb edilib. Millət vəkillərinin adları və görüntüləri özəl həyatın məxfiliyi prinsipi ilə əlaqədar açıqlanmayıb.

- İtaliya parlamentində baş verən digər maraqlı hadisə dünya mediasının gündəminə düşməyi bacarıb. Baş nazir Silvio Berluskoninin partiyasından olan deputat parlamentdə xoşagəlməz vəziyyətə düşüb. Qızğın müzakirələrin getdiyi bir vaxtda, Simeone De agno Abbrescia adlı deputat “iPod”u ilə lüt qızlara baxırmış.

- İtaliya parlamenti maraqlı hadisələrlə zəngindir. Belə ki, parlamentdə cinsi azlıqlara qarşı ayrı-seçkiliyə etiraz olaraq qadın millət vəkilləri qadın, kişilər isə kişi həmkarları ilə dodaq-dodağa öpüşməyə başlayıblar. Təbii ki, bu olay mətbuatın ön səhifələrini bəzəyib.

- İtaliya parlamentində daha bir maraqlı hadisə millət vəkili Flavio Di Muronun adı ilə bağlıdır. Nümayəndələr Palatasının iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib. Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb.

Portuqaliya - Portuqaliyanın tərkibində olan Madeira Adasındakı parlamentdə İşçi Partiyası millət vəkili Xose Manuel Koelho etiraz aksiyası ilə bütün dünyanın diqqətini çəkib. 63 yaşındakı deputat maaşların azaldılmasına qarşı etiraz edərək məclisdə şalvar və köynəyini çıxarıb. Paltarlarını parlament sədri Xose Qomes Tranquadaya verən deputat alt paltarları ilə məclisdə dolaşmağa başlayıb.

Böyük Britaniya –Böyük Britaniya Parlamentinin deputatı məhkəmə islahatına həsr edilən dinləmə zamanı planşetdə “Candy Crush” oyunu oynayarkən yaxalanıb.

Gürcüstan -  hakim “Gürcü Arzusu” partiyasının deputatları Rati İonatamişvili və Savalan Mirzəyev dinləmələr zamanı Rati İonatamişvilinin qarşısındakı mobil telefonunda nəyisə maraqla izlədiyi, Savalan Mirzəyevin isə qulaqcıq taxaraq mobil telefonu ilə oynadığı diqqət çəkib. Onlar daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelaurinin parlamentdə çıxışı zamanı “Candy Crush” oynayıb.

Bundan əvvəl də Gürcüstan parlamentində Marneuli və Qardabani rayonlarının majoritar deputatları - Ruslan Hacıyev “Cooper Cat”, Savalan Mirzəyev isə “Candy Crush” oyununu oynadıqları qeydə alınıb.

Çexiya – Çexiya parlamentində anoloji hal yaşanıb. Ölkənin xarici işlər naziri Karl Şvarsenberq prezident Miloş Zemanın parlamentdə çıxışı zamanı yatıb. Dövlət başçısı ölkənin məhz xarici siyasəti məsələsi və məqsədlərindən danışdığı zaman nazir yatdığından yeni səfirlərin təyin olunması ilə bağlı ünvanına səsləndirilən tənqidləri qaçırıb. Prezident nazirin yatdığını görüb. Bundan sonra zalda gülüş səsləri eşidilib. Şvarsenberqin müxalif partiyasının üzvləri isə buna etiraz əlaməti olaraq, zalı tərk ediblər.

Braziliya – Braziliya parlamentində deputatlardan biri iclas zamanı mobil telefonunda pornoya baxarkən yaxalanıb. Sosial Demokrat Partiyasından millət vəkili olan Joao Rodriques SBT telekanalının kameralarına düşüb. Belə ki, deputat iclasda rahat şəkildə porno izlədikdən sonra yanında oturan həmkarına da göstərib. Daha sonra deputat jurnalistlərin suallarını cavablandırıb. Videonu istəmədən “WhatsApp”dan aldığını bildirən braziliyalı vəkil onu silmək istədiyini deyib.

Rusiya – Rusiya Dövlət Dumasının deputatı Aleksandr Norçin də bu qəbildən olan şəxslərdəndir. Belə ki, siyasətçi dumanın iclası gedən zaman sosial şəbəkədəki səhifəsində porno şəkillər paylaşıb. Açıq şəkillərin paylaşmasına siyasətçi belə aydınlıq gətirib: “Bu, bilmədən oldu. Əlim düyməyə dəydi və paylaşdım. Heç bu cür etmək fikrim yoxdu”.

Avstraliya -  Avstraliyalı senator Larisa Uoters parlamentin iclasında gözlənilməz addım atıb. “Yaşıllar Partiyası”nın üzvü səsvermə zamanı ikiaylıq qızı Aliya Conu əmizdirərkən diqqət çəkib. Qeyd edək ki, Avstraliya parlamenti qadın senatorlara azyaşlı övladlarını iclasa gətirmək, onları qidalandırmaq kimi əlavə üstünlüklər verib. Amma bu vaxta qədər heç bir qadın siyasətçi bu hüququndan istifadə etməyib.

- Avstraliya parlamentində digər maraqlı olay homoseksuallarla bağlıdır. Belə ki,  37 yaşlı Tim Vilson millət vəkili homoseksual evliliklər barədə çıxışı zamanı maraqlı addım atıb. O həmin gün Parlamentdə izləyici kimi əyləşən həmcinsi olan sevgilisi, ibtidai sinif müəllimi Ryan Bolgerə evlilik təklif edib. Həmin səhnəni digər millət vəkilləri coşqu ilə alqışlayıb.

Argentina – Argentina parlamentində də 37 yaşlı deputat Viktoriya Donda Perez iclasa 8 aylıq qızı ilə birlikdə qatılıb, ona süd verərkən obyektivlərə tuş gəlib.  

Türkiyə - Türkiyə parlamentində qadın deputatlar arasında dava medianın gündəmini bir müddət zəbt edib. Konstitusiyaya dəyişiklik səsverməsində görünməmiş etiraza imza atan Ankaradan millət vəkili seçilmiş Aylin Nazlıaka qolunu tribunanın mikrofonuna qandallayıb. Bitərəf Ankara millət vəkilinin bu hərəkəti parlamentdə gərginliyə səbəb olub.  Nəticədə AKP və HDP-dən seçilmiş qadın deputatlar arasında yaranan mübahisə daha da böyüyərək davaya çevrilib. AKP-li millət vəkili Gökçen Özdoğan HDP-li deputatlara təpik atıb, Leyla Birlik və Burcu Çelik isə saç-saça tutublar. Qarışıqlıqda CHP-çi Şafak Pavel arxası üstə yerə yıxılıb, qolundakı pratezı çıxan Paveli partiya dostları yerdən qaldırıb. Sinəsinə zərbə alan HDP-li Pervin Buldanın halı pisləşib. 1.5 saat sonra AKP-li qadın deputatların kürsüyə çıxaraq mikrofonu yerindən qoparmasıyla aksiya sona çatıb.

Qeyd edək ki, Gürcüstan, Ermənistan, Ukrayna, Türkiyə parlamentlərində deputatlar  tez-tez əlbəyaxa dava edir.

# 10299
avatar

Firuzə Vahid

Oxşar yazılar