11:35
27 Dekabr 2019

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı


Dekabrın 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkətini sərhəd naryadı müşahidə edib.

Dövlət Sərhəd Xidmətindən Lent.az -a verilən məlumata görə, sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (1 kiloqram 355 qram marixuana, 6 kiloqram heroin, 4 kiloqram 265 qram metamfetamin, 1 kiloqram 340 qram tiryək və 990 ədəd “Preqabalin -150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

Dekabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində qaçaqmalçıların dövlət sərhədindən narkotik vasitələrin keçirməsinin qarşısı alınıb. Nəticədə hadisə yerində 24 kiloqram 765 qram narkotik vasitə (4 kiloqram 065 qram heroin, 20 kiloqram 700 qram tiryək) aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər