18:30
26 Dekabr 2019

Azərbaycanda təqaüd alan tələbələrin sayı AÇIQLANDI

“Bu il ölkə başçısının sərəncamları ilə ali təhsil müəssisələrilə bağlı mühüm qərarlar qəbul edilib. Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirməsi ilə bağlı ayrı bir sərəncam olub. Eyni zamanda bu il martın 1-dən təqaüd alanların sayı 16 min vahid artırılıb”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ilin yekunları ilə bağlı məlumat verərkən bildirib. Onun sözlərinə görə, builki tədris ilində təqaüd alan tələbələrin sayı 45 faizə çatdırılıb:

“2020-ci ildə bu rəqəmin 50 faizə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, dövlət sifarişli yerlərinin sayı 66,1 faiz artıb. Bu çox yüksək göstəricidir. Tələbələrin təqaüdünün həcmi də təxminən 20 faiz artırılıb. Bütün bu tədbirlər 110 mindən artıq tələbəni əhatə edib”.

Aparat rəhbərinin müavini qeyd edib ki, Azərbaycanda tələbələrin sosial müdafiəsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir:

“Hazırda ali təhsil müəssisələrində təhsil alan həssas qruplardan olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir".

Dİgər xəbərlər