669
12:49
26 Dekabr 2019

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş IX Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub. APA -nın məlumatına görə, tədbirdə Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil nazirinin müavini İdris İsayev , FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Qeyd edilib ki, sentyabrın 27-dən start verilən müsabiqənin məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi olub.

Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 139 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülüb, 52 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib. Sonra müsabiqə qalibləri mükafatlandırılıblar. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında bildirib ki, Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin 2010-cu ildə imzaladığı razılaşmaya əsasən, 2011-ci ildən hər il "Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilir: "Bu yarışda ümumtəhsil məktəblərinin, o cümlədən də internat tipli məktəblərin şagirdləri iştirak edirlər. Müsabiqədə iştirak edənlər arasında 5 nominasiya üzrə qaliblər müəyyənləşdirilir. Kifayət qədər mötəbər münsiflər heyətimiz var. Bu il 167 şagird müsabiqənin qalibi olub".

Nazir müavini qeyd edib ki, belə müsabiqələrin keçirilməsi uşaqlarda bu biliklərin daha da artırılmasına imkan verəcək və onların gələcək inkişaflarına müsbət təsirini göstərəcək.