2128
15:00
21 Dekabr 2019

Professordan ilginc açıqlama: "Xəstə pulsuz müalicə olunanda..."

Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmayıb:

"Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən tibb elmləri doktoru, professor Əhməd Babayev bildirib ki, xəstə pulsuz müalicə olunanda sağlamlığının qədrini bilmir:

“Ümumiyyətlə, dövlət klinikalarında, eləcə də özəl klinikalarda olan həkimlərin fərqi olmamalıdır. Yəni, onlar hər iki məkanda da xəstələrlə eyni cür davranmalı, maraqlanmalıdırlar. Həkimlərin vicdanları həmişə göstərdikləri xidmətlərə görə təmiz, rahat olmalıdır.

Düşünürəm ki, ölkədə icbari tibbi sığorta tətbiq edildikdən sonra həkimlər üçün xəstələr arasında heç bir fərq olmayacaq və onlar hamıya lazımi xidməti göstərəcəklər. Necə ki xaricdə istər dövlət, istərsə də özəl klinikaların heç bir fərqi yoxdur, bizdə də elə olmalıdır və olacaq. Çünki burada vətəndaş pul ödəməyəcək, onun əvəzinə dövlət ödəyəcək”.

Ə.Babayev qeyd edib ki, həkimin səhvini bağışlamaq olsa da, səhlənkarlığını bağışlamaq olmaz:

“Həkim bəzən səhv edərək düzgün diaqnoz qoymaya, müalicəni düzgün aparmaya bilər. Ancaq xəstələrə qarşı səhlənkarlıq etməyi qəbul etmək olmaz. Bu cür halda həkimlər qanun çərçivəsində də cəzalandırılır”.