Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız Aralıq dənizində ən böyük ada, İtaliyanın muxtar vilayətlərindən olan Siciliyaya həsr olunur.
- Eramızdan əvvəl Siciliya qədim Yunanıstanın əsas sənət mərkəzlərindən biri idi.
- Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki Arximed Siciliyada anadan olub.
- Təxminən min il əvvəl Siciliyanın əhalisi 2 milyona çatdı və bu ada planetimizin ən sıx məskunlaşdığı bölgə idi.
- Siciliya 15 il Avstriyaya aid olub.
- Siciliya bayrağı 1282-ci ildə qəbul edilib. Dünyanın ən qədim 4-cü bayrağıdır. Mərkəzində üçayaqlı insan təsvir olunub. Ayaqlar Siciliya adasının üç ucqar nöqtəsinə işarədir. Qırmızı və sarı rənglər isə fransızlara qarşı birgə mübarizə aparan Palermo və Korleone şəhərlərini özündə ehtiva edir.
- Siciliyada 200-dən çox orta əsr qalaları qorunaraq saxlanılıb.
- Adada təxminən 650 min hektar ərazi becərilən sahələrdir.
- Siciliya adasında yerləşən Sirakuza bir zamanlar ən böyük yunan şəhəri olub.
- İtaliyanın bir hissəsi olmasına baxmayaraq, adanın öz danışıq dili var. Siciliya və italyan dilləri bir-birindən çox fərqlənir. Hazırda 7 milyondan çox insan Siciliya dilində danışsa da, onların rəsmi dili italyan dili sayılır.
- Ən aktiv vulkanlardan sayılan Etna məhz Siciliyada püskürür. Bu vulkan vaxtaşırı təkcə İtaliyanı deyil, bütün Avropanı təşvişə salır.
- 1109-cu ilə aid olan Avropanın ən qədim sənədi Siciliyada, Palermo Muzeyində saxlanılır.
- "Mafiya" anlayışı Siciliyada meydana gəlib. Bu sözün açılışı belədir: İtalyanlar fransızların ölümünü gözləyirlər (Morte Ai Francesi Italia Aspetta). Mafiyanın Fransa ilə müharibə dövründə yarandığı ehtimal edilir. Siciliya və Kalabriya biznesmenlərinin 80 %-i mafiyaya xərac verir.
- Siciliya küçə yeməkləri ilə məşhurdur. Bu səbəbdən “Avropada küçə yeməklərinin paytaxtı” olaraq tanınır. Adadakı küçə yeməkləri Avropa və Afrika mətbəxinin qarışığıdır.
- Siciliya alış-veriş üçün də əlverişlidir. Xüsusən Palermo, Kataniya və Taorminada hər şey tapmaq mümkündür: dəbli paltarlardan tutmuş əntiq əşyalara qədər.
- Massimo Opera Teatrı Siciliyada, konkret olaraq, Palermo şəhərinin Verdi meydanında yerləşir. İtaliyanın ən böyük teatrıdır, Avropada isə ən böyüklərdən biridir.
- İtaliya şəhərləri arasında zəlzələdən ən çox Siciliya muxtar vilayətində yerləşən Messina əziyyət çəkib. 1908-ci ildə Messinada baş vermiş güclü yeraltı təkanlar 100 mindən çox insanın həyatına son qoyub.
- Siciliyada çoxlu tərk edilmiş evlər tapa bilərsiniz. İnsanlar qanunsuz evlər tikib, torpaq pulu ödəmirdilər. Dövlət onlardan vergi ödəməyi xahiş etdikdə isə evlərini birdəfəlik tərk etməyi üstün tutmuşdular.
- Siciliyada qan davası ənənəsi hələ də güclüdür.
- Siciliya ənənəsinə görə, qız oğlanı sevirsə, ancaq atası buna qarşıdırsa, qızı qaçırmaq lazımdır. Əvvəlki illərdə bu adət daha geniş yayılmışdı. Sevdiyi qızla evlənə bilməyən oğlanlar məhz bu yolla istəklərinə çatırdılar.
- Siciliyada piyada zolağı ilə yol keçməyə heç vaxt cəhd etməyin. Burada piyada zolağı “turist tələsidir”. Yerli sakinlər piyada keçidlərinə çatanda nəinki maşını saxlamır, heç sürəti də azaltmırlar. Çünki siciliyalıların yolu piyada zolağı ilə keçmədiklərini bilirlər.