1180
17:36
18 Dekabr 2019

Valideynlərin DİQQƏTİNƏ: uşaqlara hədiyyə qutuları alarkən ... - RƏSMİ

Yeni illə əlaqədar hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb. Bu çadırlarda Yeni il aksessuarları ilə yanaşı quru meyvələr, müxtəlif növ şirniyyatlar, eləcə də uşaqlar üçün içində qida məhsulları olan hədiyyə qutuları da satışa çıxarılıb.

Bayram çadırlarından başqa, bazar və mağazalarda da uşaqlar üçün hədiyyə qutularının satışına başlanılıb. Bu qutulardakı qida məhsulları təhlükəsizdirmi? Valideynlər onları aldıqları zaman nələrə diqqət etməlidir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az -a bildirilib ki, Yeni il ilə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

“İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də istehlakçıların yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur”.

Məlumatda qeyd edilib ki, əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.