Mövsümə nöqtə və ya quruyan göz yaşları
17 dekabr 2019 17:18 (UTC +04:00)

Mövsümə nöqtə və ya quruyan göz yaşları


Avropa ölkələrində futbol zövqlə izlənilən idman növüdürsə, Azərbaycanda meydandan kənardakı rəngarəngliklər daha çox "göz oxşayır". Şəhər birinciliyi səviyyəsində keçən çempionatımızın durumuna ağlamaqdan göz yaşlarımız quruyub. Qitənin tək-tük geridə qalmış futbol ölkələrindənik ki, israrla "it hürən tərəfə" doğru gedirik. Tərslikdən "işıq gələn tərəf" də yoxdur.

Başqa ölkələrdə futbolçuların meydanda etdikləri səhvlər, məşqçilərin taktiki gedişləri, hakimlərin VAR-ı düzgün dəyərləndirməməsi müzakirə mövzusudursa, Azərbaycanda assosiasiya və klub rəhbərlərinin qərarları yaşıl meydandakı cansıxıcı, həvəskar səviyyəli oyunları kölgədə qoyur. Növbəti gülməli qərarı da dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirdi. Peşəkar sözü ilə başlayan qurumun rəhbərinin həvəskar açıqlaması mövsümə bəribaşdan nöqtə qoydu.

Musayev gələn mövsüm Premyer Liqada 10 komandanın iştirak edəcəyini, "Turan-Tovuz"la "Kəpəz"in elitaya qayıdacağını müjdələdi. Çempionatda klub sayının artması, futbolun bölgələrdə yenidən nəfəs alması sevindirici xəbərdir. Üstəlik, bunlar ölkəyə neçə-neçə futbolçular bəxş edən Gəncə və Tovuzdursa. Bu, öz yerində. Ancaq bunun indi açıqlanması böyük səhvdir.

Ramin Musayevin muştuluqla verdiyi xəbər nələri silib-süpürmədi ki. Bu o deməkdir ki, Premyer Liqadan düşən olmayacaq, iddiası olmayan klublar rahatlıqla mövsümü yola verə, dosta-qardaşa güzəşt edə bilərlər. Həmçinin o məna kəsb edir ki, I divizionda ikinci dövrənin keçirilməsinə ehtiyac yoxdur. Onsuz da, gələnlər bəllidir.

Görəsən, AFFA bu yaxınlarda 7 futbolçusunu danışılmış oyunlara görə futboldan uzaqlaşdırdığı "Turan-Tovuzu", eləcə də Premyer Liqa klublarının əvəzedici heyətləri ilə də bacarmayan "Kəpəz"i hansı meyarlara əsaslanaraq elitaya qaytarır? Bir daha təkrar edirəm, Tovuz və Gəncənin yeri hər zaman yüksək dəstə olmalıdır. Ancaq bu şəkildə deyil.

AFFA rəhbərliyi hər dəfə Əsasnamədən, Nizamnamədən elə ciddi danışır ki, sanki bunları ilk pozan onların özləri deyil. Qurumun baş katibi Elxan Məmmədov hər dəfə lisenziyalaşdırma şərtlərini, maliyyə tələblərini futbol ictimaiyyətinin az qala gözünə "soxur". Yaxşı, Tovuzda, Gəncədə birdən-birə xəzinə tapıldı ki, 6 ay öncədən onların bu tələblərə cavab verəcəyini qərara alırsınız? Yox, əgər "ürəyimiz belə istədi" deyirsinizsə, say artımı xatirinə bu addıma əl atırsınızsa, onda "Zaqatala"nı da buraxın çempionata, şəmkirlilər, lənkəranlılar, imişlililər də bir komanda düzəltsinlər, onları da qəbul edin, 14 komanda oynasın da. Məncə, indiki "Turan-Tovuz", "Kəpəz" səviyyəsində komandanı adlarını çəkdiyim bölgələrin sakinləri də bir araya gəlib qura bilərlər. AFFA niyə düşünmür ki, bu qərarın indi açıqlanması ən azı "Zaqatala"nın məhvinə yol açır. Kim zəmanət verə bilər ki, "Zaqatala"lı futbolçular ikinci dövrədə oyun satmayacaqlar? Axı bundan sonra 5 ay meydanda can qoymaq, mübarizə aparmaq onların nəyinə lazımdır?

Hələ bilmək olmaz, bir də gördük yaya qədər "it hürən tərəf"dən qarşımıza yeni sürprizlər çıxdı.

apasport.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255

Oxşar yazılar