54 nəfəri aldadan "jurnalistlər" saxlanıldı
17 dekabr 2019 12:27 (UTC +04:00)

54 nəfəri aldadan "jurnalistlər" saxlanıldı

Qazaxda dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə Qazax rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə  “Çağdaş Təhsil”  jurnalında məqalə və şəkil dərc etdirəcəklərinə vəd verərək onlardan müxəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri, 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini, 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin fəaliyyətinə adı çəkilən jurnalın rəhbərliyi bir müddət əvvəl son qoyub. Lakin buna baxmayaraq, onlar, özlərini  “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər. 

Onlar dindirilmə zamanı törətdikləri cinayət əməlini boyunlarına alıblar və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla mütəlif vaxtlarda ümumilikdə 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat pul alıblar.

Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1418
avatar

Mehman Nəbiyev

Oxşar yazılar