692
18:21
22 Dekabr 2019

Azərbaycanda psixoloqa kimlər müraciət edirlər? AÇIQLAMA

Hazır ki, dövrdə qarşılaşdığımız bir çox problemlər psixi gərginliklərə səbəb olur. Belə ki, rastlaşdığımız maneələr, ailə-məişət qayğıları, insanlarda depressiyaya və digər psixi problemlərə gətirib çıxarır. İnsanların əksəriyyəti psixoloji travma aldıqdan sonra hesab edir ki, bu problemlərin öhdəsindən tək gələ biləcək. Bununla belə, son vaxtlar psixoloqa müraciət edənlərin sayı çoxalıb.

Maraqlıdır, Azərbaycanda psixoloqlara daha çox kimlər və nə səbəbdən müraciət edirlər? Məsələn, bu günlərdə Rusiya saytlarında maraqlı bir araşdırmaya rast gəldik. Və məlum oldu ki, bu ölkədə psixoloqa müraciət edənlərin çoxu kişilərdi. Bəs Azərbaycanda vəziyyət nrcədir?

Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan psixoloq Elnur Rüstəmov bildirib ki, Azərbaycanda psixoloqa müraciət etmək ənənəsi artıq formalaşıb:

“Psixoloji yardımla bağlı qanunun qəbul edilməsi, eyni zamanda təcrübə, psixoloji xidmətlə əlaqədar qanuna edilən əlavələr, Azərbaycanda psixologiyanın inkişafına, həm bu sahədə maariflənmə işinin aparılmasına, insanların psixologiyaya tərəf yönəlməsində kömək olur. Buna görə də demək olar ki, psixoloji problem yaşayan hər kəs psixoloqa rahatlıqla müraciət edir. Sadəcə bizdə qadınlar daha çox təşəbbüskar olurlar. Yəni, təkcə psixoloqa görə deyil, istər ürək, böyrək və ya digər problemlərlə bağlı qadınların israrı ilə bir çox kişilər həkimə müraciət edirlər”.

E. Rüstəmov bildirib ki, kişilərlə, qadınların müraciət səbəbi fərqlidir:

“Kişilərdə müraciət səbəbi daha çox təşviş-həyəcan pozuntusu, stress faktoru, və s. olur. Qadınlarda isə təmizlik obsesiyası və ya qarışıq obsesiyalar, ailə problemi ilə bağlı olur. Eyni zamanda ailələr uşaqlarla bağlı müraciət edirlər ki, uşaqda davranış pozuntuları, müxtəlif psixi problemlər yaşayır”.

Psixoloq Gülnar Orucova isə bildirib ki, Azərbaycanda ən çox psixoloqa uşaqla bağlı müraciət edirlər:

“Böyüklər düşünürlər ki, dərdlərini qonşuya və hansısa yaxına danışaraq həll edə bilərlər. Əslində isə belə deyil. Çünki psixoloqlar bu üzrə təhsil alırlar, mütəxəssisləşirlər və insanlara necə kömək edəcəklərini daha yaxşı bilirlər. Azərbaycanda belə bir psixologiya vardır ki, özümdə problem olsa da bunu mən özüm həll edərəm, əsas uşaqdır. Hal bu ki, uşaqlarda olan problemlərin çoxusu da elə bundan qaynaqlanır. Valideyn bilməlidir ki, birinci elə onun özü sağlam olmalıdır ki, cəmiyyət üçün sağlam övlad böyütsün. Məsələn ana uşağını gətirir və bildirir ki, onun uşağı gülmür, danışmır, özünə qapanır və s. Uşaqla söhbət apararkən o bildirir ki, anam mənə deyir gülmə özünü ağıllı apar, nə isə səhv edəndə deyir sənin ağlın olsaydı bu səhvi etməzdin və s. Bəlli olur ki, uşağın bu vəziyyətə düşməsi elə valideynin psixoloji basqısından yaranıb . Valideyn uşaqların psixologiyasını pozur, özlərinə qarşı inamsızlıq yaradır”.

G.Orucova bildirib ki, uşaqlardan sonra isə daha çox kişilər müraciət edirlər.