1351
19:13
13 Dekabr 2019

Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL

Rusiyalı milyarder Fərhad Əhmədov növbədənkənar parlament seçkiləri və “yeni müxalifət yaratmaq”la bağlı yazı yazıb.

Əslində, milyarderin yazdıqlarına (ya da şəxs əvəzliyi olmadan, bu yazılan yazıya) ciddi siyasi təhlil demək olardı, bir sıra diletant yanaşma olmasaydı.

Əvvəla, dərhal görünür ki, təhlildə cəmiyyətin siyasi mənzərəsi haqqında politoloqların bildiyi nəzəriyyə xatırladılıb və sırf politoloji terminologiyadan istifadə edilib. Dərhal hiss olunur ki, Fərhad Əhmədov bu qədər ajiotaja səbəb olan məqaləni özü hazırlamayıb və yaxud tək hazırlamayıb. Rus və Azərbaycan dillərində reklam əsaslarla sosial şəbəkələrdə paylaşılan məqalənin targetləndiyi də görünür. Ziddiyyətli məqamlardan ibarət, ultumativ tonlarla zəngin olan bu məqalənin seçkilərə iki ay qalmış, reklam əsaslarla müzakirəyə çıxarılmasının motivlərini anlamaq elə də çətin deyil.

O zaman bu mesajdan nə anlamaq mümkündür? Mövcud konstruktiv müxalif siyasi düşüncənin səhnədən silinib, Əhmədovun və onun düşüncədaşlarının “konstruktiv müxalifət” hesab etdiyi düşüncənin qanunverici orqan və icra strukturuna yerləşdirilməsi? Yoxsa ancaq “boykot” mövqeyi tutan, heç bir formada siyasi sabitliyi olmayan radikal dəstələrin müxalifət kimi strukturlaşmasına kömək etmək? Axı onlar bütün resurslarını tükətmiş, heç bir real siyasi təsir imkanı olmayan aqressiv, “hər şey pisdir” tezisindən başqa bir şey bilməyən kiçik siyasi dəstələrdir! Ayrılmış meydanda aksiya keçirməyən, elan olunmuş seçkiyə getməyən, heç bir dəyirmi masa, müzakirə prosesinə qoşulacaq adekvatlığı olmayan acıqlı siyasi dəstələri necə “sağlam müxalifətə” çevirmək mümkündür?

Məqalədə rənglər həddən ziyadə tündləşdirilib. Azərbaycan reallığı oliqarxın imzası olan təhlildən xeyli fərqlənir.

Diqqəti ilk çəkən "demokratiya üçün yol xəritəsi" ifadəsi və ya "yeni müxalifət yaratmağın" vacibliyi mesajıdır. Əslində, bunlar tanış mesajlardı. Azərbaycanda həlledici məqamlarda, xüsusən seçkilər öncəsi “yol xəritələri” meydana çıxır və “yeni müxalifət” adı ilə ölkə hüdudlarından kənarda yaşayanların siyasətə təsiri müşayiət edilir. Belə deyək, deyəsən, biz bu filmə əvvəllər də baxmışıq.

Birincisi, “yol xəritəsi” termini iqtidar opponentləri tərəfindən o qədər gözdən salınıb ki, bu ad ilə hətta ən yaxşı politoloji məhsulu belə ictimai rəyə təlqin etmək imkansızdır. İkincisi, yeni müxalifət formalaşdırmaq akt imzalamaq, rəsmi sənəd qəbul etməklə həyata keçirilmir. Bu, uzun və əziyyətli prosesdir. Müxalifət düşərgəsində mühüm yer almaq və protest elektoratının rəğbətini qazanmaq azad siyasi rəqabətdən doğur. Cənab Əhmədov bu prosesin də məsuliyyət yükünü iqtidara yükləmək istəyir. Bu isə nonsensdir. Heç bir ölkədə müxalifət təyin edilmir. “Müxalifətçi” vəzifəsi mövcud deyil. Siyasi müstəvidə elita və əks siyasi elita mövcud olur. Heç bir iqtidar özünün intellektual, siyasi cəhətdən onunla eyni yetkinlikdə və ya ondan daha hazırlıqlı alternativinin olmasında maraqlı olmur. Lakin buna mane də olmur, öz komandasını yeniləməklə daha sanballı formada saxlamağa çalışır. Yeni müxalifət siyasi müstəvidə rəqabət nəticəsində formalaşır və ən əsası cəmiyyət heç vaxt birrəngli olmur. Belə desək, alternativ siyasiləri cəmiyyət təbii şəkildə yaradır, əgər buna ehtiyac görürsə...

Fərhad Əhmədov dolayısı ilə “yeni müxalifətin yaradılması” ilə bağlı sərəncam gözlədiyini vurğulayır. Oliqarxa görə, xariclə biznes maraqları olan “yeni müxalifət” formalaşmalı, onların təmsilçiləri parlamentdə oturmalı və “lazım olan” qanunların qəbuluna nail olmalıdırlar. Onların biznes maraqlarına mane olan qanunların qəbuluna isə əngəl yaratmalıdırlar. Bu deyilənlər demokratiya anlayışına tamamilə ziddir. Fərhad Əhmədov Azərbaycana nəzarət edə biləcək bir investora çevrilmək arzusunu gizlətmir. Lakin nədənsə bir-birinə zidd iqtisadi modellər təklif edir. Rusiyalı milyarder unudur ki, kapital dünyasında alverçilər gerçək investroların yalnız xidmətçiləri ola bilər. Əhmədov sözdə belə bir dəyişiklik təklif edir - sovet modelindən biznes modelinə keçid. Amma nədənsə biznes modeli dedikdə, azad liberal münasibətləri deyil, xaricdə yaşayan böyük maliyyə boslarını nəzərdə tutur.

Digər məsələ, özünü azad siyasi münasibətlərin tərəfdarı kimi təqdim edən oliqarx dini müxalifətin fəaliyyətinin qanunla qadağan edilməsini tələb edir. Məzhəbçilik məsələsini qabartmaqla isə oliqarx artıq şantaja keçir. Əlbəttə, bu, heç bir halda xoş məram sayıla bilməz. Əvvəla, Azərbaycanda dini fəaliyyətlə bağlı azadlıq olsa da, ölkədə din siyasi istifadə elementinə çevrilməyib. Ölkədə nüfuzlu din xadimləri var, lakin onların heç biri siyasətçi kimi qəbul edilmir. Dinin və siyasətin öz sərhədləri var və heç bir dini icma rəhbəri özünü siyasətdə görmür. Son illər dinə maraq artıb, sözsüz ki, burda sosial narazılığın da müəyyən qədər rolu ola bilər.

Lakin dini müxalifət ifadəsinin Azərbaycana şamil edilməsi yumşaq desək, yerli cəmiyyəti tanımamaqdır.

Digər tərəfdən, nəzəri baxımdan fərz edək ki, situasiya F. Əhmədovun yazdığı kimidir, dini icmalar siyasi baxımdan aktivdir, mobilizə edilib və hazır komanda gözləyir. Belə olan təqdirdə proporsional seçki sisteminin tətbiqini təklif etmək nəyə xidmət edir? Əgər vəziyyət Fərhad Əhmədovun dediyi kimidirsə və sekulyar institutlar iflasa uğrayıbsa, proporsional seçki sisteminin bərpası daha çox ziyan vura bilərdi. Siz nə yazmaq istəmisiniz, cənab və ya cənablar?!

Əhmədov bildirir ki, ölkədə müxalifətin strukturlaşması prosesi həyata keçirilməyib, müxalifət partiyaları olduqca zəifdir, onların çoxu "acıqlı adamlar"dan ibarətdir. Anlamaq olmur Əhmədov nə istəyir? Əgər strukturlaşmış müxalifət yoxdursa, ümumi narazılıqlar fonunda seçki sisteminin dəyişdirilməsi parlamentə ancaq "acıqlı adamlar"ın düşməsinə səbəb olmayacaqmı? Əhmədov seçki sistemi dəyişdirilməyi niyə təklif edir? Axı öz məntiqi tamamilə fərqli reseptlər göstərir.

Fərhad Əhmədov təhlilində etnik separatçılıqdan söz açır, Ermənistan və Gürcüstanda olduğu kimi, əks balans formalaşdırmağı təklif edir. Daha sonra məqalədə Yaxın Şərq, Latın Amerikası nümunələri ilə paralellər aparılır və açıq şantaja keçilir. Məqalə müəllifi İraq hadisələrinin Azərbaycanda da təkrar olunacağı ilə qorxudur.

Bölgədə cərəyan edən proseslərin şübhəsiz ki, Azərbaycana da təsiri var. Prezident İlham Əliyevin bu ilin əvvəlindən həyata keçirdiyi islahatlar, böyük sosial paketlər, Azərbaycanın tamamilə yeni kadrlarla yeni, smart idarəetmə modelinə keçidi ölkəyə müasir, mobil və daha effektli idarəetmə təmin etmək üçündür. Əhmədov onu unudur ki, onun tezisvari üstündən keçdiyi sosial problemləri, azad bazar mühitinin formalaşması üçün olan bürokratik əngəlləri Prezident İlham Əliyev daha açıq və kəskin şəkildə çox tez-tez, daha sərrast və siyasi peşəkarlıqla ictimaiyyətə deyir, xalqla bu məsələləri danışır.

Ermənistanın daha demokratik olmasını iddia etməklə isə Əhmədov İrəvanda baş verən vətəndaş savaşını görməzdən gəlir. Bu tezislə “Paşinyan inqilabı”nı cəlbedici adlandırır, lakin Ermənistanda son aylar baş verənləri təhlil etməkdən yayınır, ya da təhlilçiyə bu hissə “maraqlı” olmur.

Bu yazıda ciddi yaddaş problemi də üzə çıxır. Bütün hesablamalar, siyasi təsvirlər ötən əsrin 90-cı illərinə xasdır. Liberal iqtisadiyyatın inkişaf etdiyi bir ölkədə “bölgə xanlarının”, “zəngin ağaların” proseslərə təsiri azalır. Xarici ölkədə milyard dollar qazanan və uzaqdan Azərbaycana barmaq silkələyən heç bir iş adamının “təyinatı” ilə Azərbaycanda seçki keçirilməz və keçirilmir.

1993-cü ildən başlayaraq, hər seçki ilində xaricdə yaşayan, Azərbaycanla bağları qalmayan bəzi simaların canlanması və qısa zamanda yoxa çıxması müşahidə edilib. Bir daha vurğulayaq, biz bu kinoya çox baxmışıq...

P.S. F. Əhmədovun sosial şəbəkələrin birində diskussiya apardığı məqaləsinin altında maraqlı bir rəy var idi. Sosial şəbəkə istifadəçisi oliqarxa maraqlı replika vermişdi: “Almalar yaddan çıxdı...”