Yuxarı instansiya məhkəmələrinə müraciətlərin azlığının ƏSL SƏBƏBİ - İnanmırlar?
13 dekabr 2019 13:59 (UTC +04:00)

Yuxarı instansiya məhkəmələrinə müraciətlərin azlığının ƏSL SƏBƏBİ - İnanmırlar?

“Azərbaycanda aşağı məhkəmələrin verdiyi qərarların 90%-i dəyişmir”.

Bu sözləri İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov deyib. Onun sözlərinə görə, ölkədə baxılan mülki işlərin 85%-dən tərəflər şikayət vermirlər: “Yalnız baxılan işlərdən 16%-dən apelyasiya, 3-4%-dən isə kasasiya şikayəti verilir. Kasasiya mərhələsində bu işlərin 1%-ə qədəri barədə aşağı instansiya məhkəməsinin qərarları dəyişdirilir. Aşağı məhkəmələrin qəbul etdiyi qərarların 90%-i dəyişmir”.

Bu statistikadan göründüyü kimi, ölkədə insanlar yuxarı instansiya məhkəmələrinə çox üz tutmurlar. Ekspertlərin izahına görə, vətəndaşlar 2-ci instansiya məhkəməsinin işə ədalətlə baxacağından tam əmin olmadıqları üçün şikayətçi olmurlar. Həqiqətən vəziyyət belədir və ya başqa səbəblər var? 

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçmiş üzvü, V çağırış deputatı Çingiz Qənizadə Lent.az-a açıqlama verərkən 1-ci instansiya məhkəmələrinin qərarları ilə insanların əksər hallarda razılaşdığını söyləyib:

“Yuxarı instansiya məhkəmələrinə hamı müraciət etməli deyil. Əgər müraciət az olubsa demək tərəflər 1-ci instansiya məhkəməsinin qərarı ilə razılaşıblar. Əslində insanlar 1-ci instansiya məhkəmələrində qərarların düzgünlüyünü qəbul edərək apelyasiya və kasasiya məhkəmələrinə üz tutmurlar. Yəni, apelyasiya və ya kasasiyaya az şikayət ünvanlaması bu məhkəmələrə inamsızlığın olması ilə əlaqədar deyil. Onsuz da insanlar narazı qaldığı qərarlardan, hökmlərdən şikayətlər edirlər. Məhkəmə-hüquq sahəsindəki islahatların dərinləşməsi ilə bağlı cənab Prezidentin vermiş olduğu fərman gələn ildən artıq işə düşəcək. Bununla bağlı hesab edirəm ki, məhkəmələrə insanların inamı artmalıdır”.

 

Mövzu ilə bağlı Lent.az-a münasibət bildirən vəkil Ceyhun Yusifov digər faktorların da məsələyə təsir etdiyini bildirib. Vəkil insanların öz hüquqlarını sonadək qorumasına maneə olan bəzi amillərə aydınlıq gətirib:

“1-ci instansiya məhkəməsinin gəldiyi nəticənin doğruluğu, məkan amili, maddi imkanının aşağı olması və.s səbəblərdən vətəndaşlar hüquqlarının arxasınca gedə bilmir. Bütün bu amillər ola bilər ki, hüququnu sonadək müdafiə etməkdən insanları çəkindirsin. Yəni, şikayətlərin azlığını 1-ci instansiya məhkəməsinin doğru qərar verməsi ilə və ya yuxarı instansiya məhkəmələrinə inamsızlıqla əlaqələndirmək də düz deyil. Məsələn, götürək Astarada kiminsə məhkəmədə az miqdarda təzminat işi var. Məhkəmənin qərarı ilə razılaşmayıb və apelyasiya Şirvana göndərilib. İndi bu şikayətçi xırda bir təzminatdan ötrü o qədər yolpulu xərcləməli, yol qət etməli və qalmağa yer tapmalıdır. Bütün bu amilləri nəzərə alan insan şikayətçi olmaqdan vaz keçir”.

 

Vəkil onu da bildirir ki, ölkədə apelyasiyaya verilən işlər o qədər də az deyil: 

 

“Hüquq təfəkkürü inkişaf edərsə şikayətlər də azalacaq. Belə hesab edirəm ki, ölkədə apelyasiya şikayətinin verilməsində o dərəcədə azalma yoxdur. Əgər bir məsələdə tərəf varsa, belə olan halda şikayət mövcud olmalıdır. Hüquq təfəkkürü inkişaf etdikcə yuxarı instansiya məhkəmələrinə müraciətlər də azalacaq. İnsanlar 1-ci instansiya məhkəmələrinin verdiyi qərarların doğruluğuna birmənalı olaraq inam göstərdikdən sonra apelyasiyaya da şikayətlərin sayı azalacaq”.

# 1562
avatar

Mehman Nəbiyev

Oxşar yazılar