Qəbul imtahanında balınızı bu formada artıra bilərsiniz - RƏSMİ AÇIQLAMA
11 dekabr 2019 12:25 (UTC +04:00)

Qəbul imtahanında balınızı bu formada artıra bilərsiniz - RƏSMİ AÇIQLAMA

Məktəblərdə təhsil alan şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (yəni əsas xarici dil) fənnindən imtahan verirlər.

Maraqlıdır, ali təhsil müəssisələrinə qəbul olmaq üçün məktəbdə tədris olunan əsas xarici dildən başqa digər xarici dil fənnindən imtahan vermək mümkündürmü?

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır:

“Lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən də əlavə imtahan verə bilərlər.

Xarici dil fənnindən əlavə imtahan verən abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır”.

Məlumatda həmçinin qeyd edilib ki, əlavə bir xarici dil fənnindən imtahan vermək istəyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı elektron ərizələrində imtahan vermək istədikləri əlavə xarici dil fənnini seçirlər.

# 6315
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar