Son payızda “Azərbaycan baharı”: Yeni tarix başlayır
05 dekabr 2019 15:37 (UTC +04:00)

Son payızda “Azərbaycan baharı”: Yeni tarix başlayır

“Mən Azərbaycanı sevirəm. Bakıya vurulmuşam. Sizin şəhərdə ilk dəfə 4 il əvvəl olmuşdum. Mənə “ASAN xidmət” barədə danışdılar. Ora apardılar. Heyrətə gəlmişdim. Bu, möcüzə idi. İnsanlar heç bir bürokratik əngəllər olmadan 10 dəqiqənin içində problemlərini həll edirdilər. Onda özümə söz verdim: mən şəhərimdə bunu quracam”.

 

Svetlana Openışeva deyir bunları, Rusiyanın Ulyanovsk vilayəti hökumətində Çoxfunksiyalı Xidmət Mərkəzinin baş direktoru. Dünyaya nümunə olan “ASAN xidmət” modelini indi Çelyabinskdə tətbiq etmək istəyir. Hə, necə deyərlər, üzümüz-gözümüz öyrəşdiyi, indi bizim üçün adiləşən “ASAN xidmət”i. O “Asan xidmət ki, prezident İlham Əliyev onu “inqilab” adlandırmışdı. Prezidentdən sitat: “ASAN xidmət” Azərbaycan məhsuludur. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır”.

 

Hə, “Asan xidmət” bir inqilab idi. Əsil inqilab isə bu payız baş tutdu. Necə deyərlər, payızda “Azərbaycan baharı”. Prezident BDU-nun 100 illiyi ilə bağlı tarixi çıxışında bu məqama toxundu və bəzi xarici qüvvələrin islahat kursuna mane olmaq istədiyini bildirdi. “Rəngli inqilablar”ın dağıntılar gətirdiyini vurğulayan ölkə başçısının özü qurucu, mütərəqqi inqilabi dəyişikliklərin müəllifi oldu.

 

Bu il nələr olmadı?

 

Prezident qanunverici və icraedici orqanlarda kardinal struktur və kadr dəyişikliklərinə başladı. Əslində, ilin əvvəlindən mərhələli şəkildə aparılan islahatlar yeni mərhələyə qədəm qoydu. Heç bir tərəddüdsüz və əminliklə demək olar: Azərbaycan yenilənir. Ölkənin iqtisadi və siyasi dizaynı yenidən çəkilir. Korrupsiyasız, rüşvətsiz, bürokratiyasız Azərbaycan modelinə keçilir.

 

Hətta kənar müşahidəçilərin də gördüyü budur ki, Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi və köhnəlmiş idarəetmənin tamamilə yeni metodologiya ilə əvəz edilməsidir. Ölkə başçısı böyük açılıma gedir və ölkənin yeni iqtisadi-siyasi inkişafı istiqamətindəki prioritetləri müəyyənləşdirir.

 

Prezident İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, ciddi dəyişiklik tərəfdarıdır. O, problemləri həll edir, lakin yeni yanaşma ilə çalışır. Ən əsası, Prezident praqmatik və mütərəqqi siyasətçi olmaqla yanaşı, kardinal dəyişikliklər edəcək qədər qətiyyətlidir.

Dövlətimizin başçısının sərəncamları ilə yeni köməkçiləri təyin edildi, onların sayı 9-a qaldırıldı və bu postlara təyin edilənlər sırasında tamamilə yeni, gənc simalar da var.

2019-cu il islahatları ölkə iqtisadiyyatından da yan keçməyib.

 

Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi iqtisadi inkişafı sürətləndirmək tapşırıqların icrasının effektivliyini təmin edəcək. Yadınızdadırsa, Cənab Prezident yeni təyin olunmuş iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək, qarşıda duran bir sıra problemlərin aradan qaldırılması üçün tapşırıqlarını verdi. O cümlədən, “kölgə iqtisadiyyatı”ndan danışıldı, korrupsiya və rüşvətə son qoyulmasını prioritet tapşırığa çevrildi. Prezidentin də dediyi kimi: “Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar”.

 

İndi də bir məqama nəzər yetirək; təsəvvür edin, “Azərbaycan “Doing Business-2019” reytinqinə görə, 190 ölkə arasında 25-ci yerdədir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi-2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur”. Bu, əslində olduqca böyük uğurdur. Aparılan islahatlardan doğulan bir uğur.

 

İndi isə “Deloitte” şirkətinin Azərbaycanda apardığı sorğularla bağlı nəticələri də diqqətinizə yetirək. Belə ki, ölkəmizdə fəaliyyət göstərən, illik 100 milyondan artıq dövriyyəsi olan şirkətlərin 87%-i fikirləşir ki, onların gəlirləri daha da artacaq. “Ernst Young”ın sorğularının nəticələrinə görə, 2018-ci ildə Azərbaycanda işləyən Avropa şirkətlərinin 33%-i hesab edirdi ki, ölkənin vergi sistemi effektivdir, 2019-cu ildə isə bu faiz 45-ə yüksəlib. Rəyi soruşulan şirkətlərin 75%-i 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib. Bu onu göstərir ki, biznes Azərbaycandakı islahatlar kursuna inanır.

 

Başqa bir məqam. Hamıya məlumdur ki, ölkədə sosial rifaha söykənən bir siyasət yeridilir. Növbəti ilin büdcəsinin də xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3.7 milyard manat əlavə xərclərə səbəb olub. Yalnız son islahatlar paketi 5 milyard manat həcmində olmaqla, 4 milyon insanı əhatə edib. Bu məqamın özü sübut edir k, dünyada Azərbaycanda aparılan səviyyədə uğurlu humanist sosial siyasət həyata keçirən bir ölkə yoxdur.

 

Azərbaycan Prezidentinin ən əhəmiyyətli sosial islahat proqramlarından biri də gələn ildən fəaliyyətə başlayacaq icbari tibbi sığortadır (İTS). Bu layihə səhiyyə sahəsində bir çox problemlərin həllini asanlaşdıracaq, bəzilərini isə tamamilə aradan qaldıracaq. Qeyd edək ki, bu proqram bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Bu sistemə keçid Azərbaycan üçün daha vacibdir.

İslahatlar artıq qanunvericilik orqanını da əhatə edib. Söhbət ondan gedir ki, ölkənin indiki inkişaf mərhələsinin qanunvericilik təminatı sahəsində dörd ilə yaxın fəaliyyət göstərsə də, parlamentin rolunu və fəallığını daha da artırmaq qaçılmaz zərurət kimi ortaya çıxdı. Bir sözlə, ölkə yenilənir və bu yenilənmə qanunverici orqanın real yardımı olmadan tam mənada həyata keçirilə bilməzdi. Milli Məclisin buraxılaraq azad və ədalətli əsaslarda yeni seçkilərin keçirilməsi aparılan hərtərəfli islahatların məntiq və tələbinə tamamilə uyğundur. Ekspertlərin fikrincə, parlamentin buraxılması və yeni parlamentin formalaşdırılması son illərdə daha intensiv xarakter almış islahatların tərkib hissəsi və bu islahatları bütövləşdirən vacib faktordur. İcra hakimiyyəti sistemində, sosial-iqtisadi sahədə aparılan struktur və kadr islahatlarının qanun yaradıcılığı sistemini və onun ən aparıcı institutu olan Milli Məclisi də əhatə etməsi mövcud reallığın obyektiv tələbidir. Azərbaycanda parlament islahatı ölkənin indiki mərhələdə üzləşdiyi çağırışlara ən optimal cavab vermək baxımından misilsiz addımdır.

 

Azərbaycanda dövlət idarəetmə islahatları BMT-nin davamlı inkişaf məqsədləri, yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur. Bir neçə gündən sonra bələdiyyə seçkilərinin də keçirilməsi nəzərdə tutulur ki, bu da yerli idarəetmənin də yeni dövrün tələbinə və islahat gündəliyinə uyğun olaraq yenilənməsini ehtiva edir.

 

İslahatların zəruriliyi müasir dövrün yaratdığı reallıqlara uyğun komanda qurmaqdan da keçir. O baxımdan da iqtisadi-siyasi gedişatı daha da yaxşılaşdırmaq üçün kompleks yanaşmanın kökünə kadr islahatları da əlavə edildi. Buna səbəb daha dinamik, çirkaba bulaşmayan, korrupsiyada adı hallanmayan, yüksək ali təhsili olan, müasir innovativ idarəetməni bilən şəxsləri idarəetməyə gətirilməsidir.

 

Ölkə rəhbəri yuxarıdan islahatlara getdi, eyni zamanda rəy dövlətinin qurulması üçün addımlar atdı və vətəndaş fikrini, ictimai rəyi alaraq, islahatları xalqın çağırışları əsasında qurmağa başladı. “Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”. Və onu da deyir ki, “Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir”.

 

Azərbaycanda ciddi sosial-iqtisadi islahatlar, kadr və struktur dəyişiklikləri ilə yadda qalan 2019-cu ilin başa çatmasına çox az qaldı. Məmləkət 2020-ci ilə pozitiv bir başlanğıcla daxil olur. İndi qarşıda daha bir mərhələ durur. Dəyişikliklərdən sonra yerdə qalan problemləri həll etmək və daha geniş, irimiqyaslı islahatlar... Daha böyük islahatlar isə yeni komanda ilə həyata keçirilə bilərdi və ölkə rəhbəri komandasını əsaslı dərəcədə yenilədi. Yenilənmə isə davam edəcək, ortada prezidentin qətiyyəti var, buna heç kimin şübhəsi olmasın.

 

Bir dostumuzun dediyi kimi, islahatları uğurla başa vuran dövlət başçıları adlarını həmişə tarixə qızıl hərflərlə yazdırıblar. Onların islahatları tarixə düşüb və bu gün də tarix dərslikləri vasitəsilə tədris olunur. Yeni tarix başlayır, Yeni tariximiz mübarək!

(“SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazılıb)

# 1453
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar