Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”
07 dekabr 2019 13:00 (UTC +04:00)

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

 Lent.az-ın “Bizim filmlər” layihəsində “Təhminə” filmi

 

Görüşdük nə çətin, ayrıldıq nə asan...

Hardasan əzizim, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, izlədim

Hər səhər, hər axşam, hər gecə gözlədim.

 

Əlvida, o günlər, ulduzlu gecələr, əlvida

Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada...

 

Filmin məzmununa bu qədər oturuşmuş musiqi... İfaçının da taleyinə yazıldı.

 

Universitetdə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini keçirdik. Auditoriyada müzakirələrdə elə alovlu danışdım ki, əsər və Təhminə barədə, müəllim mənə baxıb gülümsündü, “Təhminə başını xarab eləyib deyəsən” - dedi. Lap sonralar başa düşdüm ki, bizim ədəbiyyat müəllimimiz də Zaurun prototipi imiş. Düşüncə baxımından Zaur Azərbaycan kişisinin ümumiləşdirilmiş obrazıdır.

 

Filmdə də Rasim Ocaqov bunu deməyə çalışıb, daha doğrusu, deyib. 

1985-ci ildə Akademik Dram Teatrın səhnəsində Mərahim Fərzəlibəyovun quruluşunda “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tamaşası oynanılıb.   

Rollarda Amaliya Pənahova, Fuad Poladov, Həsən Məmmədov, Zərnigar Ağakişiyeva oynayıblar. Uğurlu da tamaşa olub. Uğurlu olmazmı bu cür imzalarla?... Birinin çıxması ilə səhnə dolardı. İndi həmin səhnə dolu olur aktyorla, amma yenə boş görünür.

Keçək mətləbə.

1993-cü ildə Rasim Ocaqov filmin çəkilişləri üçün razılıq alanda elə həmin aktyorlardan bəzilərini öz rollarına dəvət edib. Məsələn, Zivər ana roluna Zərnigar xanımı dəvət edib. Professor Zeynallı - ata roluna da Həsən Məmmədovu.

Əsas obrazları, yəni Zaurla Təhminəni dəyişib. Fuad Poladov və Amaliya Pənahova bu obrazlar üçün artıq yaşlı idilər. Odur ki, rejissor onları bu rollarda görə bilməyib. Zaur obrazı üçün Füzuli Hüseynov dəvət olunub. İkinci rejissor Ramiz Əliyevin təklifi ilə kinostudiyaya gələn Füzuli Hüseynov Rasim Ocaqovun otağına girəndə rejissor – “bu aktyoru tanıyıram” – deyib. Ona qədər Füzuli Hüseynov onun 3-4 filminə sınaq çəkilişinə dəvət olunub, amma çəkilməyib. Dediyinə görə, məhz bu səbəbdən də yenə ümidsiz imiş.

- Səni çəkəsi olsam, 5 kilo arıqlayarsan? - deyə rejissorun sualına aktyor

- Çəksəniz, 10 kilo da arıqlayaram – deyə cavab verib.

- Yaxşı, get, sənə xəbər edəcəklər.

Füzuli dönüb gedəndə Rasim Ocaqov onu yenidən çağırıb. Aktyor qapı ağzından dönüb rejissora baxıb. Yaxşı... yaxşı get, çağıracaqlar – deyə rejissor onu yola salıb. Deyəsən, ayaq üstündə dönüb çiyni üstündən geri baxması lazım imiş rejissora. Rasim Ocaqov həm də operatordu axı.

 

Bir neçə gün sonra Füzuli Hüseynova “Rasim Ocaqov səni sınaqsız Spartak roluna çəkmək istəyir” - deyiblər. Aktyor danışır ki, Zaur rolu üçün bunu etməyəcəkdim, amma Spartak rolu üçün qonorarımı oxudum.

İstədiyi qonorarı verib, aktyoru Spartak roluna çəkirlər. Füzuli Hüseynov Lent.az-a danışır ki, cəmi iki gün çəkilişim oldu, şəhərdə Xaqani küçəsində, bir də Mərdəkanda.

Ümumilikdə filmin çəkilişləri “Azərbaycanfilm” kinostudiyasında aparılıb. Bəzi yerlər  Türkiyədə çəkilib.

Zaur obrazına isə əvvəlcə Adel Al-Hadad adlı ərəb aktyor çəkilib. Filmin xeyli hissəsi çəkiləndən sonra aktyorla rejissor arasında narazılıq yaranıb. Füzuli Hüseynov deyir ki, mən eşitmişdim, aktyor cins şalvarda çəkilmək istəyib, Rasim Ocaqov razı olmayıb ki, sovet adamı cins geyinmir – ona görə razılığa gələ bilməyiblər. Təhminə obrazını oynayan aktrisa Meral Konrat isə deyir ki, həmin aktyorla film yarıya qədər çəkilmişdi: “Elə bilirdim, Fəxrəddin Manafov Spartakı oynayacaq. Sonra Rasim bəy mənə zəng edib dedi ki, Meral xanım, çəkdiyimiz filmi bəyənmədim. Zaur Təhminənin qarşısında zəif qalıb, çox pis oynayıb. Buna görə də Zauru Fəxrəddin Manafov adında azərbaycanlı bir aktyor oynayacaq”.

Ana roluna Zərnigar Ağakişiyeva dəvət olunanda aktrisa saçları ağardığından başına çalma bağlayıbmış. Rasim Ocaqov “çalmanı aç, mənə elə ağ saçlarınla lazımsan” - deyib.

Filmdə Larisa Xələfova (Mədinə), Həsənağa Turabov (Dadaş), Tofiq Mirzəyev (Muxtar), Laura Rzayeva (Firəngiz), Elmira Şabanova (Aliyə), Məlik Dadaşov (Murtuz), Dadaş Kazımov (Məmmədnəsir), Eldəniz Rəsulov (Aspirant), Georgi Ştil (starşina Lisiçkin), Məbud Məhərrəmov (Zaurun iş yoldaşı), Nuriyyə Əhmədova (Sima) çəkiliblər.

Meral Konratı Təhminə rolunda Nəcibə Hüseynova, Larisa Xələfovanı Mədinə rolunda Əminə Yusifqızı səsləndiriblər.

Film elə 1993-cü ildə Azərbaycan filmlərinin II festivalında iki mükafata layiq görülüb - rejissor Rasim Ocaqov və aktrisa Zərnigar Ağakişiyeva.  

Filmin bəstəkarı Emin Sabitoğludur. Filmdə “Küçələrə su səpmişəm” adlı xalq mahnısından və Şopenin musiqilərindən istifadə olunub.

“Əlvida” mahnısını isə sonda Rafiq Babayev öz ansamblı ilə ifa edir. Həmin Rafiq Babayev ki, 1994-cü il martın 19-da Bakı metrosunda ermənilərin törətdiyi terror nəticəsində itirmişik. “Əlvida” oxuyandan bir neçə ay sonra...

Qayıdıram, əvvələ. Təhminə Azərbaycan qadınının obrazı deyil. Demirəm pis obrazdır, sadəcə, tipik Azərbaycan qadını deyil. Zaur isə tipik Azərbaycan kişisidir. Hətta ayrılıq səhnəsindən sonra bulvarda çəkdiyi siqaretin kötüyünü dənizə atmasına qədər.

Daha bir tipik Azərbaycan kişisi, təpədən-dırnağa kinoaktyor Həsən Məmmədov isə filmdə professor Zeynallının işlətdiyi nalayiq sözləri işlətmək istəmirmiş. “Mən o ifadələri deyə bilmərəm” - deyib. Rasim Ocaqov isə “deyəcəksən” – deyə təkid edib və izah edib ki, professor belə olsan, sən razı deyilsən ki, yeganə oğlun adı Bakı ilə bir olan bir qadınla ailə qursun. Bu, sənin ailənin adına yaraşmaz. Axırda aktyor vəziyyətlə razılaşmalı olur.

Görüşdük nə çətin, ayrıldıq nə asan...

Hardasan əzizim, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, izlədim

Hər səhər, hər axşam, hər gecə gözlədim.

 

Əlvida, o günlər, ulduzlu gecələ, əlvida

Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada...

 

 

# 11837
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar