609
14:27
27 Noyabr 2019

Sosial ev almaq üçün sınaq versiyası istifayədə verildi - DİQQƏT

Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə bu gündən “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.

Lent.az -a MİDA-nın mətbuat xidmətindən verilən məlumata görə, müvafiq xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası dekabrın 24-ü 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Qeyd edək ki, sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

• ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
• agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Həmçinin vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.