1509
17:35
27 Noyabr 2019

"Qarabağın Həcəri"ndən Cümşüd Nuriyevə CAVAB: "Yaxasından yapışıb..."

“Cümşüd Nuriyevin dediklərini eşidəndə halım pisləşdi, qolum-qanadım qırıldı”.

Bu sözləri Lent.az -a Gəncə batalyonunun "Qarabağın Həcəri" ləqəbli əfsanəvi qadın döyüşcüsü Sabirə Mahmudova deyib. O bildirib ki, 1988-ci ildən baş verən bütün proseslərdə iştirak edib:

“Sözügedən dövrdə Bərdədə 3 nömrəli məktəbin direktor müavini idim, eləcə də bölgədə qadın hüquqlarının müdafiə cəmiyyətini yaratmışdım. Sonra elə oldu ki, Dağlıq Qarabağda, Ağdam qərargahında prezident Ayaz Mütəllibovun səlahiyyətli nümayəndəliyində ictimai əsaslarla fəaliyyət göstərməyə başladım. Orada nə qədər ac, susuz, meşələrdən ayaqyalın, başıaçıq, yaralı qaçan ailələrin, qadınların, uşaqların yerləşdirilməsinə yaxından iştirak etmişəm. Bunu orada hamı bilib”.

S.Mahmudova Cümşüd Nuriyevlə ilk tanışlığından da söz açıb:

“1992-ci il yanvar ayının sonlarında Ağdam qərargahına gəlmişdi. Ona qədər onu görməmişdim. Orada mənim fəaliyyətimə, danışıqlarıma baxırdı. Sonradan qəfil qapını açanda gördüm ki, mənim agent kimi bura daxil olduğumu deyir. Onda yaxasından yapışıb dedim ki, məni hamı tanıyır və təmiz qarabağlıyam. Eləcə də bölgə tanışdır və iştirak edirəm, sən niyə narahat olursan?

Sonra Bərdəyə gedəndə oranın icra hakimiyyətində başçı olan rəhmətlik Yusif Allahverdiyev dedi ki, Cümşüd mənimlə maraqlanıb, bir neçə sual verib. Yusif müəllimdən onun nə üçün gəldiyi ilə maraqlandım. Dedi ki, Cümşüd gəlib burada ailələrə veriləcək mebellərdən birini aparıb. Başçı bundan çox narazı qalmışdı.

Həmin vaxt qaçqınlar ayaqyalın, başıaçıq meydanlarda qalanda, bölgələrə sığınanda o öz mənafeyini güdüb, evinə mebel aparmışdı.

Xatırlayıram, "OMON"un bir hissəsi indiki Şıxov tərəfdə yerləşəndə Cümşüd Nuriyevin qabağını kəsib, onu döymək istəmişdilər. Buna səbəb onun lazım olan heç bir qidanı, ehtiyacları gətirməməsi ilə bağlı idi. Ona bununla bağlı nə qədər məlumatlar verilsə də, heç nə etmirdi. Bu adam heç vaxt şəhid ailəsinə əl tutmayıb, özü ilə gələndə heç nə gətirməyib. Onun cəbhəçilərlə bağlı nə müsbət addımını eşitmişəm, nə də görmüşəm”.

Əfsanəvi döyüşçü qadın qeyd edib ki, həmin dövrdə azərbaycanlı qadınların müharibəyə etdiyi köməkliklər danılmamalıdır:

“Ağdamda mədəniyyət evinin müdirəsi Çimnaz xanım var idi, nə qədər qaçqına kömək etmişdi. Sonralar uzun müddət Ağdamın deputatı oldu.

Daha sonra Bakıdan qadın şurasının sədri Zemfira Verdiyeva, professor Tamara Rzayeva və d. Qadınlar Dağlıq Qarabağa gələrək, ailələrə kömək edirdilər. Biz onda çox əziyyət çəkmişik. Mən Dağlıq Qarabağı addım-addım gəzmişəm, çox şeyin şahidi olmuşam.

Cümşüd Nuriyev, deyəsən “ləkələdiyi” qadınların içərisində milli qəhrəmanların olduğunu unudub. Gözümün önündə aprelin 10-da Rəhilə Orucova şəhid olub. Məleykə Əhmədova, Gültəkin Əsgərova - hamısı mübarizə aparıb. Onlarla qadın həkim kimi də bizimlə birlikdə çalışıblar.

Cümşüd Nuriyev nəyə görə, müharibədə olan qadınları təhqir edir? Onun bizim haaqımızda dedikləri öz nəslindəki qadınlara aiddir.

Cəmiyyətə səslənirəm, onun layiqincə cavabı verilməlidir”.

Qeyd edək ki, keçmiş deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir edib:

“Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.