280
10:26
26 Noyabr 2019

Azərbaycanda intiharların qarşısının alınması üçün plan hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının keçirdiyi dəyirmi masada Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. A.Kərimov intiharların səbəbləri kimi bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir: "Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır".

Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. Nazir müavini bildirib ki, ilk növbədə intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır: "Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur".