2901
16:06
26 Noyabr 2019

Metrodakı problemlərin ƏSAS SƏBƏBİ: qüsurlar sadalanır

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Bakı metrosunda qatarların hərəkətində yubanmalar olub. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 08:30-da “Həzi Aslanov” stansiyasında maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib və nəticədə qatarların hərəkətində 4 dəqiqə yubanma olub.

Noyabr ayının 24-ü saat 05:41-də də "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib. Problemin operativ aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni"nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq strukturların mütəxəssisləri cəlb edilib.

Həmin vaxt "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb və saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Əlavə edək ki, son günlər mediada qatarların hərəkət intervalında gecikmələrin yaranması barədə xəbərlərlə tez-tez qarşılaşırıq.

İqtisadçı-ekspert Vüqar Bayramovun Lent.az -a bildirdiyinə görə, qurum fəaliyyətini elə qurmalıdır ki, yubanmalar və nasazlıqlar tez-tez baş verməsin:

“Bakı Metropoliteni” demək olar ki, regionda infrastruktur baxımından ən zəif genişlənən qurumdur. Ancaq bununla bağlı sözügedən istiqamətdə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.

Moskvada, eləcə də digər ölkələrdə demək olar hər il metro stansiyalarının sayında artımlar olur, ancaq Azərbaycanda yeni metro tikintisi xeyli zaman ərzində baş tutur”.

V.Bayramovun fikrincə, qatarlar arasında fasilələrin müddəti, yubanmalar və mütəmadi olaraq texniki problemlərin baş verməsi ondan xəbər verir ki, "Bakı Metropoliten"i hələ də fəaliyyətini səmərəli qura bilməyib:

“Düşünürəm ki, hazırda dövlətin ayırdığı vəsaitin səmərəli xərclənməsi ilə bağlı həm dövlətin, həm də ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. İctimai nəzarət çox vacibdir. Vəsaitin ayrılması, xərclənməsi, onun təyinatı və istiqamətlərinin müəyyənləşdirilməsi nəzarətə götürülməlidir.

Qurum strategiyaya malik olmalıdır. Həm genişlənmə, həm də yubanmaların, fasilələrin azalmasına dair strateji yanaşma mütləq olmalıdır, ancaq görünür ki, bu yanaşma yoxdur”.

İqtisadçı-ekspert “Bakı Metropoliteni”nin sərnişindaşımadan yaranan zərərinin fəaliyyətinə təsir edib-etməməsi ilə bağlı sualı isə bu cür cavablayıb:

“Metroda baş verən problemlər qiymətlərin xərcdən aşağı olmasına təsir göstərməməlidir. Çünki qalan hissə dövlət büdcəsinin hesabına ödənilir. Bir sözlə, qurum üçün vəsaitin hər hansısa mənbədən alınmasının fəaliyyətinə təsiri mümkünsüzdür”.

Xatırladaq ki, ötən il “Bakı Metropoliteni” verdiyi açıqlamada bir sərnişinin daşınmasının maya dəyərinin 47 qəpik olduğu bildirilib:

“Bu qiymət yalnız sərnişin daşınmasına sərf olunan istismar xərcləri hesabına formalaşır və buraya metronun perspektiv inkişafı, tikintisi, mövcud infrastrukturun əsaslı təmiri, modernləşdirilməsi, yenidənqurma tədbirləri, yeni qatarların alınması və s. daxil deyil. O da sirr deyil ki, hazırda bu məsələlər Azərbaycan dövlətinin büdcə vəsaiti hesabına həll edilir”.