4178
09:48
24 Noyabr 2019

Qadağan edilən qidalar hələ də marketlərdə satılır - Sədrdən CİDDİ ETİRAZ

“Azərbaycana gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsil xəstəlik mənbəyidir”.

Lent.az xəbər verir ki, bu açıqlama ilə deputat Fazil Mustafa çıxış edib. Millət vəkili vurğunu əsasən də süd məhsulları, kərə yağı, şəkər tozunun üzərində saxlayıb: “Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini ölkəyə gətirilən keyfiyyətsiz qidalarda axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar. Südün tərkibi də çox vaxt təmiz olmur. İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir”.

Doğurdanmı Azərbaycanda xəstəliklərin artmasında keyfiyyətsiz qidaların rolu çoxdur? Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a bildirib ki, Azərbaycan dünyada ən çox əczaxana şəbəkəsi olan ölkələrdən biridir. AİB sədri ölduğu ölkələrdə apardığı müşahidələr nəticəsində bu qənaətə gəlib. Onun sözlərinə görə, Azərbaycanda əczaxanalarda olan növbələr də xarici ölkələrə müqayisədə çox olur: “İnsan nə yeyirsə əslində odur. Təəssüflər olsun ki, heç bir elmi-tədqiqat aparılmır ki, insanlar nə üçün bu qədər xəstələnir və dərmanlara təlabat hiss edir. Qidanın burda böyük rolu var. Sovet hakimiyyəti illəri ərzində bir cür qida rassionuna öyrəşən insanlar, azad bazar iqtisadiyyatı ilə bağlı olaraq, birdən-birə azad qida rassionuna keçdilər. Xəstəliklərin artmasında bu amilin də rolu var. Elmi-tədqiqatlar göstərir ki, insanın öz doğulduğu torpağın 50 kmlik radiusunda olan qidalarla qidalanması daha yaxşıdır. Onkoloji xəstəliklərin yaranmasında qidanın böyük rolu var”.

AİB sədri bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycanda hazırlanan təhlükəli kəllə qəndlərlə bağlı verdiyi açıqlamanı xatırladıb: “Biz bir müddət əvvəl 17 kəllə qəndin ekspertizasını aparmışdıq və elan etmişdik ki, kəllə qəndləri ağartmaq üçün kimyəvi üsullardan istifadə olunur. Agentlik də aşkar etdi ki, bəzi kəllə qəndlər hazırlanarkən ağardılmasında təhlükəli kimyəvi maddələr istifadə olunur. Bu gün əldə etdiyim məlumata görə, agentliyin təhlükəsi ilə bağlı açıqlama verdiyi kəllə qəndlər marketlərdə hazırda satılır. Təəssüflər olsun ki, agentlik hansısa bir qida ilə bağlı xəbərdarlıq etdikdən sonra həmin məhsulların bazardan yığışdırılma mexanizmi gec baş verir”.

AİB sədri palma yağları probleminə də toxunub: “Palma yağları bitkinin gövdəsindən və qida məqsədilə toxumundan hazırlanır. Qida məqsədilə hazırlanan yağlar normaldır və insanın bədən temperaturunda əriyir. Xaricdə uşaq qidalarının hazırlanmasında da istifadə olunur. Əgər ölkəyə gətirilən palma tərkibli qidalar AQTA tərəfindən nəzarətdən keçibsə, narahatlığa əsas yoxdur”.