Futbolumuzun “tüstüləyən” sabahı
21 noyabr 2019 12:23 (UTC +04:00)

Futbolumuzun “tüstüləyən” sabahı

 

- Dayı, oyuna biletin olmaz?
- Xeyr, yoxumdur.
- Dayı, belə olmağıma baxma e, mən də aşağı yaş qrupu üzrə millinin futbolçusuyam.
- Millidə oynayırsansa, o tüstülətdiyin siqaret nədir bəs?
- Eh ay dayı, guya əsas yığmada oynayanlar bunun dadını bilmirlər? İstəyirsən, sənə adları ilə deyim ki, hansı nə hoqqalardan çıxır...
- Onların oynadığı futbol elə buna görə belədir də. Sən də böyüyəndə onlar kimi olmaq istəyirsən?
- Yox, dayı, gələn aydan siqareti atacağam, söz vermişəm.
- Sənin nə yaşın var ki, indidən siqaret çəkirsən? Bu yaşda belə edirsənsə, səndən nə futbolçu çıxacaq? Niyə özünə Messini, Ronaldonu yox, bizimkiləri örnək götürürsən?
- Nə olsun dayı, "zato" yaxşı qazanırlar. Həm də yığmamızın baş məşqçisinin xəbəri var. Söz vermişəm ki, dekabrdan çəkməyəcəm.

Bu dialoq millimizin Uelslə oyunu günü "Vosmoy" bazarından üzüaşağı gedərkən bir uşaqla aramda keçdi. Həyatdan küsmüş görünən idman "stilli" həmin oğlanla düz stadiona qədər söhbəti davam etdirdim. Ad-soyadını soruşdum, fikirləşdim, yəqin "gopa basır". 

Söhbət edə-edə özünə hiss elətdirmədən AFFA-nın rəsmi saytında baxdım ki, həqiqətən də, aşağı yaş qrupu yığmalarının birinə çağırılır. Uşağın adını, oynadığı yaş qrupunu yazmıram, yazığı bədbəxt eləməsinlər. Əlindən siqaret düşməyən dünyadan bixəbər millilərdə futbolçusundan məşqçisinə qədər, kim nə yeyir, nə içir, hamısını başladı sadalamağa. Yığma komandaya qədər yüksəlmiş bir futbolçunun niyə bu qədər gileyli olmağına izah tapa bilmədim. Amma artıq stadionun həndəvərinə çatanda ayrılmalı olduq, səbəbini soruşa bilmədim. Onunla bağlı sevindiyim yeganə məqam yolda havayı biletlə bağlı zəng almağı oldu.

Məncə, niyə insanların "Azərbaycanda futbol yoxdur, olmayacaq da" fikrinə sadiq qalmasının, yığma komandamızın biabırçı oyununun və seçmə mərhələni rüsvayçı nəticə ilə bitirməsinin cavabı bu dialoqda gizlənib. İndi bu uşağın, onun yaşıdlarının böyüyəndə necə futbolçu olacaqlarını təsəvvür eləmək çətin deyil. Onsuz da, hər nəsil dəyişikliyində futbolumuz quyunun dibinə doğru enişinin sürətini artırır. 

İndiki futbolçulardan əlini üzüb 5-10 il sonraya ümid bağlayanlaradır sözüm: boş yerə gözləməyin. İndi 1 xala üzülən xalqımız bu gedişlə 5-10 ildən sonra buna da şükür edəcək. Ona görə də, yaxşısı budur, vaxt var ikən 1 xalın kefini sürək. (apasport)

# 814
avatar

Oxşar yazılar