3529
16:34
15 Noyabr 2019

Yandırılan əsər, güllələnmə qorxusu, qayınananın qaranlıq taleyi – “Bizim filmlər”

Lent.az -ın “Bizim filmlər” layihəsində bu dəfə “Qayınana” komediyası haqda danışacağıq.

“Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...”

“Sən arvad saxlayan yetim deyilsən”

“Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın”

“Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin”

“Gördün, yıxılmışdım”…

Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəm. İndi keçək mətləbə. “Qayınana” filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur “Qayınana”dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.

1978-ci ilin filmidir. Əsəri Məcid Şamxalov yazıb. Filmin xülasəsində belə yazılıb, hər halda. Filmi araşdıranda məlum oldu ki...

Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü ildə çap olunub. Ondan hələ səkkiz il əvvəl - 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında belə bir əsər səhnəyə qoyulub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. Olub musiqili komediya.

1865-ci ildə Qubada dünyaya gələn, sonradan Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin “Gəlin və qayınana” adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edirmiş. Həmin illərdə də "Əbülfəz və Rəna" hekayəsini, daha sonra "Elmin bəhrəsi", "Haqq söz acı olar", "Gəlin və qayınana" pyeslərini yazıb. Bu pyeslər qadın obrazlarının qabardıldığı ilk Azərbaycan əsərləridir.

Səkinə xanım işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, özü quruluş verirdi: "Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar" şüarı ilə meydana atılıb.

Səkinə Axundzadə Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailərinin dövrünün sənətkarı idi. Onlarla birgə Azərbaycanda dramaturgiyanın, teatr mədəniyyətinin inkişafı üçün çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.

Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.

1920-ci ildə sovet işğalından, Hacı Zeynalabdin Tağıyevin mülklərinin müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət astma xəstəliyindən yatır və 1927-ci ildə vəfat edir.

Oğlu, professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (ilk qadın rəssamımızdır) baş verənlərdən və verəcəklərdən qorxuya düşüb, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır. Yaddaş...

1950-ci illərə isə o məşhur şahidlərdən kimsə qalmamışdı. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını çəkə bilməzdilər.

Məcid Şamxalovun "Qayınana” pyesi məzmunca Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesi ilə eynidir, ya yox – bunu deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov imzası ilə "Qayınana"dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlinmir.

Qayıdaq “Qayınana” filminə. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır. Əjdər İbrahimovun həyat yoldaşıdır. Bu filmdən başqa daha iki filmdə bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur (“Qəribə adam”), üçüncüsü “Narahat adam” filmidir ki, onun ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.

“Qayınana” filmini Hüseyn Seyidzadə çəkib. Musiqilər Tofiq Quliyevindir.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə, rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri elə bil evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş “İnqilab”, indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Oradakı “Diş kabineti” indi də durur. Filmin çəkilişləri 5-6 ay davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.

İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad Yegizarov, Fuad Poladov. Bəli, baş rolu oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib.

Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.

Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb - rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov çəkilib.

Rejissor filmdə aktyorların heç bir improvizasiyasına yol verməyib, deyib ki, situasiya elə komediyadır, onu verin, yetər.

Ümumiyyətlə, Hüseyn Seyidzadə oyunçuluğun və şit zarafatların əleyhinə olan rejissor idi. Komediyanı da ciddi oynamağın tərəfdarı idi.

Məsələn, belə bir situasiya olub çəkiliş vaxtı Nəsibə xanım oğlunun arxasınca – “çamadanlarından muğayat ol” - deməliykən “maçadanlarından muğayant ol” - deyib. Rejissor çəkilişi saxlayıb və möhkəm acığı tutub aktrisaya.

İlham Namiq Kamalın dediyinə görə, onun “mehriban olun” ifadəsi də özünün improvizasiyasıdır, amma bu söz yerinə düşdüyü üçün Əjdər İbrahimovun etirazı olmayıb. Rejissor özü improvizələr edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, gəlinin kuklası filmə rejissorun əlavəsidir. Cənnət xalanın başının üstündə asılan “Məşədi Kazım”ın şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan çəkiblər ki, kadrı oynadanda şəklin ifadələri dəyişirmiş kimi görünsün. Çilçırağın qırılıb xrustal kimi dağılması, yanğınsöndürənlərin hoqqabazlığı rejissor təxəyyülünün məhsuludur.

Filmdəki heyətdən, İlham Namiq Kamaldan başqa, sağ qalan ikinci aktyor Afət rolunun ifaçısı İnara Quliyevadır. İnaranın atası Bakıda yaşayıb, Neft Daşlarında çalışırmış. Sonradan Moskvaya köçüblər. İnara ixtisasca musiqili teatr rejissorudur. Rusiya Operetta teatrında çalışıb. Rusiya teatr və kino aktrisasıdır. Əməkdar artistdir. 69 yaşı var. Rusiya telekanallarında bir çox verilişlərin layihə müəllifidir. “Azərbaycanfilm”də üç filmdə əsas rollara çəkilib – “Qayınana”da Afət, “Alma almaya bənzər”də Aişə müəllimə, “Dədə Qorqud” da Selcan. Epizodlarda çəkildiyi filmlər də var.

Rollarda Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva (Afət; Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) çəkiliblər.

Filmdə Ofeliya Sənani – Sevda obrazında Tanilə Əhmərovanı səsləndirib. Afət rolunda İnara Quliyeva isə Əminə Yusifqızının səsi ilə “danışır”.

Filmdən yaddaqalan sitatlar:

“Ağəz, bu əziz gündə evimə it gətirib, məni iylətdirəcəksən?”

“Ver çamadanları soxsun gözünə, qurban olsun qara köpəyə, bir də zəhmət verməsinlər o itə”

“Gəlin mənim süpürgəmdü. Harada qoydum, orada da qalmalıdı”

“Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı”

“Atasının gülünü dərmişəm, balasından da gülab çəkəcəyəm”

“Adam öz evinin xanımı da olar, qulluqçusu da”

“Evi döndərib köhnə qəbiristanlığa, yatanda da yuxuma kəllə girir”

İndi yığışacaqlar bura, kəllə dolu, cib boş”

“Pulları çin-çin bibi, sir-sifəti cin bibi”...dedim göyərçin bibi

“Onu aton doğub, yoxsa anon əkib?”

“Onbarmağa gedib, nənəsi üçün kəfən almağa”

“Aağəz, o quş dögül, xalis bayquşdu”,

“Görüm təsbeh sahibi ona qənim olsun, qənim”