Metrodakı qatar gecikmələrinin SƏBƏBİ: Neçə nəfər cərimə olunub? - EKSKLÜZİV
14 noyabr 2019 16:17 (UTC +04:00)

Metrodakı qatar gecikmələrinin SƏBƏBİ: Neçə nəfər cərimə olunub? - EKSKLÜZİV

Son günlər mediada qatarların hərəkət intervalında gecikmələrin yaranması barədə xəbərlərlə tez-tez qarşılaşırıq.

Rəsmi məlumatlarda isə bildirilir ki, metroda sərnişinlərin sıxlığı səbəbindən qatarların hərəkət intervalında gecikmələr yaranır. Belə ki, stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnir. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır və bəzi stansiyalarda interval 4-5 saniyə, bəzi stansiyalarda isə  5-7 dəqiqəyə qədər müşahidə olunur.

Xatırladaq ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qurum yalnız sərnişindaşıma ilə məşğuldur və müəyyən edilən cərimələrə polis tərəfindən nəzarət edilir:

“Başqa ölkələrin nümunələrinə baxsaq görərik ki, sözügedən problemin həlli yolu daha çox sərnişinlərin maarifləndirilməsi yolu ilə aparılır. Burada cəza və cərimədən çox maarifləndirmə olmalıdır. Hazırda Yaponiyada, Moskvada, eləcə də digər ölkələrdəki metrolarda da sıxlıq müşahidə edilir, ancaq orada qatarı gözləmək və s. məsələlərə sərnişinlərin özləri riayət edirlər”.

B.Məmmədov həmçinin qeyd edib ki, bu il metropolitendə sərnişin artımı xüsusi müşahidə edilir:

“İl ərzində plandan əlavə olaraq 3 milyondan artıq sərnişin daşınıb. Sərnişinlərin metroya tələbatlarının artmasına bir tərəfdən sevinirik ki, güvən artır. Digər tərəfdən isə sərnişinlərin sayı artsa belə stansiyaların, qatarların sayları eyni qalır. Görəcəyimiz hansısa tədbirlər isə bunun qarşısını almağa tam imkan yaratmır. 

Əlavə edim ki, bununla bağlı qurum tərəfindən daimi və mütəmadi monitorinqlər aparılır və nəticələrə uyğun addımlar atılır”.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı Metropolitenindən istifadə qaydaları” ilə bağlı müvafiq qərarı var:

“Həmin qərara uyğun olaraq metropolitendə sərnişindaşımanın təhlükəsizliyi, sərnişinlərə xidmət səviyyəsi ilə qaydalar müəyyən olunub. Orda vurğulanır ki, “Ehtiyatlı olun! Qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. 

Narmativ-hüquqi aktda qeyd olunan hallar İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinin (Metropolitendən istifadə qaydalarının pozulması) tərkib əlamətləri olduğundan inzibati məsuliyyət yaradır, 50 manat məbləğində cərimə nəzərdə tutulur. Başqa sözlə, qatarın yola düşməsini ləngitmək inzibati xətadır, metropolitendən istifadə qaydalarının pozulması kimi qiymətləndirilir”.

E.Hacıyev qeyd edib ki, əgər sərnişinin üzərində olan hər hansı əşya ehtiyatsızlıqdan təmas relsləri olan dəmir yoluna düşübsə, sərnişin dərhal metropoliten, yaxud polis əməkdaşlarına yaxınlaşaraq məlumat verməlidir:

“Yalnız bu halda həmin əşya xüsusi alətlə oradan götürülə bilər. Bu mümkün olmadıqda metropolitenin iş vaxtından sonra həmin əşya oradan çıxarılaraq polisə təqdim olunaraq aktlaşdırılır. Daha sonra isə sözügedən əşyanın sahibinə təhvil verilməsi tərəfimizdən təmin olunur.

Bildirim ki, sərnişin əgər məlumat vermədən yüksək gərginlik olan təmas relslərin üzərinə düşərək əşyanı çıxarmağa çalışarsa, sözügedən hal insan həyatı və sağlamlığı üçün risk yarada bilər və bu vəziyyət də metropolitendən istifadə qaydalarının pozulması kimi inzibati xətanın dairəsinə daxildir”.

Polis mayoru əlavə edib ki, cari ilin 10 ayının statistikasına görə, metropolitendən istifadə qaydalarının pozulmasına görə 20 nəfər müəyyən olaraq, inzibati qaydada 50 manat cərimə olunub:

“Qeyd olunan halları nəzərə alaraq, hər bir sərnişinə metropolitendən istifadə qaydalarına əməl etməyi tövsiyə edirik”.

# 2677
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar