941
13:11
07 Noyabr 2019

Müxalifətçi fəalın qızı ilə bağlı qalmaqala baş həkimdən MÜNASİBƏT

Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər.

Bu barədə Lent.az -a sözügedən xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib. O bildirib ki, hadisə dünən gecə saat 23:30-da baş verib:

"1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Həmçinin mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik".

Baş həkim qeyd edib ki, gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər və kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar:

“Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub. E.Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir”.

Məlum olub ki, E.Yusifova bir neçə gün əvvəl yenə də ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxananın baş həkimi Fazil Alməmmədovun saytımıza bildirdiyinə görə xəstə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, amma şəkəri normal vəziyyətə düşən kimi müalicədən imtina edib. Həkimlərin təkidinə baxmayaraq imtina ərizəsi yazaraq müalicə olunmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, bu gün bir neçə mətbu orqanda hazırda həbsdə olan AXCP fəalı Asif Yusiflinin övladına vaxtında tibbi yardım göstərilmədiyi üçün qızın həyatının təhlükədə olduğuna dair iddialar yer alıb.