Noyabrın 6-da müşahidə olunan güclü külək Bakı şəhərində bir sıra fəsadlara yol açıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Lent.az-a bildirib ki, külək nəticəsində paytaxtda 30-dan çox ağaca ciddi ziyan dəyib: “30-dan çox ağac küləkdən ciddi ziyan görüb. Ağaclardan 15-i kökündən aşıb. Digər ağacların isə qol-budağı sınıb”.
O.Məmmədov bildirib ki, ağaclar kəsilib-kötürülməzdən əvvəl aşma səbəbi araşdırılır: “Səbəb kimi iki gün əvvəldən yağan güclü yağışı göstərmək olar. Yağış sayəsində torpaq yumşalır. Eyni zamanda, ağacın oduncağının yumşalması baş verir. Külək zamanı ağacların aşma riski artır. Bundan başqa, 50-dən çox ağacın qəzalı vəziyyətə düşməsi qeydə alınıb, hazırda onların budanması və bərpası aparılır”.
Qeyd edək ki, paytaxtda dam örtükləri də qopub. Xətai rayonu, Əliağa Şıxlınski küçəsi 37 ünvanında 7 mərtəbədən ibarət özəl binada fəsad baş verib. Rayon icra hakimiyyətindən Lent.az-a bildirilib ki, binanın damında çardağın alt hissəsində uçma baş verib: “Həmin bina icra hakimiyyətinin balansında deyil, özəldir”.