920
15:37
01 Noyabr 2019

Pik saatlarda avtobuslarda gedişhaqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev Lent.az -a bildirib ki, ötən gün “Xəzər TV”də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçidin tam başa çatmasından sonra gedişhaqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini deyib:

“Yəni, bu, sadəcə fikir olaraq söylənilib, ortada heç nə yoxdur. Bir gün sonra bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gedişhaqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA tərəfindən yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir”.

M.Ağayev əlavə edib ki, efirdə səslənən fikirlərin izahına gəlincə, məsələn, Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır:

“Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir.

Bir daha qeyd edirəm, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.