1344
19:45
03 Noyabr 2019

Yaşı 65-ə çatanın üzərindən xətt çəkmək doğrudurmu? - EKSPERT

“Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır. Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır. Həm də hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur”. Gənclər və İdman naziri Azad Rəhimov belə deyib.

Nazirin bu açıqlamasından ortaya belə bir sual çıxır. Görəsən ölkə əhalisinin çox faizinin gənc yaşda olması hansı hallarda müsbət amil kimi qiymətləndirilə bilər?

Qeyd edək ki, Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir.
Əhalinin 25,5 faizini qeyd ounan yaşda olan gənclər təşkil edir. Ölkədə əhalinin yaş qrupları üzrə sayına diqqət edək. Ötən ilin statistikasına əsasən ölkədə 0-4 yaşlı əhalinin sayı 805,1 min nəfər; 5-9 yaşlı əhalinin sayı 809,2; 10-14 yaşlı əhali 619,9, 15-19 yaşlı 652,9, 20-24 yaşlı 799,9, 25-29 yaşlı 934,2, 30-34 895,2; 35-39 yaşlı əhali 763,7; 40-44 yaşlı 629; 45-49 yaşlı 639,6; 50-54 yaşlı 649,3; 55-59 yaşlı 632, 60-64 419,5; 65-69 262,3; 70 və yuxarı yaşda olan əhalinin sayı 385,9 min nəfər təşkil edir.

Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənov Lent.az -a bildirib ki, ümumi əhali nisbətində gənc əhalinin sayının faiz etibarilə yüksək olması ümumillikdə baxanda müsbət amildir: “Amma burda məsələyə birtərəfli yanaşma olmamalıdır. Yaş qurluşuna görə ölkə əhalisinin təsnifatını aparıb, kompleks şəkildə yaşlı, gənc və yeniyetmə nə qədər təşkil etdiyinə baxmalıyıq. Gənclər 25-30 faiz arasında təşkil edir, amma digər göstəricilərin nə yerdə olduğuna baxılmalıdır. Əgər əhalinin uzunömürlülük məsələsi də tədqiqat obyektinə çevirilib müqayisəli təhlil aparılarsa və nəticə qənaətbəxş səviyyədə olarsa, o zaman gənc sayılan əhalinin yüksək faiz təşkil etməsində problem yoxdur. Yox əgər insanların həyatdan köçmə yaşı cavanlaşmağa doğru gedirsə, bu müsbət qiymələndirilə bilməz. Gənc əhalinin onsuz da faiz etibarilə ön sıralarda olması normal hal kimi dəyərləndirilə bilər”.

Sosioloq Əhməd Qəşəmoğlu dünyada bəzi ölkələrin (Çin, Fransa və s.) çox uşaq doğulmasına qoyduğu məhdudiyyəti xatırlatdı: “Uşaqların sayına qoyulan məhdudiyyət qorxunc bir vəziyyət yaratdı. Uşaq sayı, daha sonra gənclərin sayı azalanda iş yerlərinin, vergi ödəyicilərinin sayı azalır və əhalinin pensiyasını vermək olmur. Digər tərəfdən gənclərin sayı az olanda işçiyə ehtiyac yaranır ki, bu zaman ölkə qapını miqrantlar üçün açmalı olur. Miqrantların gəlişi isə bir sıra problemlərə yol açır. Ona görə balans elə olmalıdır ki, gənclərin sayı kifayət qədər olsun. Əhalinin 30 faizə qədərini gənclərin təşkil etməsi normal hal sayılır. Azərbaycanda elə illər öldu ki, istehsalat sahələri, iş yerləri olmadı. O zaman da gənclərin sayı çox idi, amma iş yerləri olmadığından ölkədən gedənlər də çox oldu”.

Uzun ömürlü əhali artırmı?

Sosioloq bildirib ki, millət vəkili Hadı Rəcəbli ölkədə uzunömürlülüyün artması səbəbindən pensiya yaşını 65-ə qaldırıldığını desə də, bu inandırıcı fikir deyil. Əhalinin uzunömrülük yaşının heç də artmadığını deyən Ə.Qəşəmoğu qeyd edib ki, demoqrafik proseslərdə baş verən dəyişiklikdən pensiya alanların sayı artıb: “Mövcud iqtisadiyyat həmin təqaüdü təmin etmək gücündə deyil. O zaman da pensiyaçıların sayını azaltmaq yolu qalır. Onun da bircə yolu var ki, o da yaşı artırmaqdır. Yəni bu yaş artırılması iqtisadi amillərin diktə etdiyi bir vəziyyətdir. Ölkədə iqtisadi vəziyyət, səhiyyə sistemi imkan verəndə yaşlıların sayının çox olmasının qorxusu yoxdur. Əksinə bu cür ölkələrdə düşünülür ki, pensiya yaşında olanların əməyindən necə istifadə etmək olar? Yaşı 65-ə çatdığı üçün artıq adam kimi insanın üstündən xətt çəkmək olmaz. Onların potensialından istifadə etmək cəmiyyət üçün faydalıdır. Bunun üçün də ciddi proqramlar hazırlanmalıdır”.

Müsahibimiz bildirib ki, 200 ildir bütün Avropada cəmiyyətin inkişafı, proseslərin tənzimlənməsi ilə bağlı elmi sahə yaranıb: “Çox təəssüf ki, həmin elm sahələrindən Azərbaycanda istifadə olunmur. Cəmiyyəti tənzimləmək üçün sosioloq, sosial idaraetmə, sosial iş kimi elm sahələri inkişaf etməlidir. Nə yaxşı, nə pisdi deməkdənsə fikirləşməliyik ki, əlimizdə olanlara uyğun proqramlar quraq. Elə edək ki, yeni nəsil daha keyfiyyətli olsun. Yəni düşünməliyik ki, yaşlı və gənclərin potensialından ölkənin tərəqqisi üçün nə cür istifadə edək”.