394
17:43
29 Oktyabr 2019

Böyük güclər Suriyada terrorla mübarizədə nə dərəcədə səmimidir? - TƏHLİL

Oktyabrın 22-də Soçidə Türkiyə ilə Rusiya arasında Suriya məsələsinə dair imzalanan 150 saatlıq sülh razılaşması bitir. YPG terror təşkilatı üçün verilən zaman daraldıqca, diplomatik və hərbi hərəkətlilik müşahidə edilməkdədir. Artıq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bəzi YPG terrorçuları Suriyanın şimalını tərk etsə də, bəziləri hələ də təhlükəsiz ərazidə qalmaqdadır. Bu isə o deməkdir ki, terrorçular Rusiya ilə əldə edilən razılaşmaya da tam əməl etmək fikrində deyillər. Necə ki, 18 oktyabrda ABŞ-la Türkiyə arasında Suriyanın şimal-şərqinə dair razılaşma əldə edilsə də, razılaşmanın maddələri tam həyata keçirilmədi. Belə ki, 13 maddədən ibarət olan razılaşmanın birinci maddəsində göstərilirdi kimi, Türkiyə Silahlı Qüvvələri “Barış bulağı” əməliyyatına 120 saat fasilə verəcək, bu müddət ərzində YPG silahlıları Ankara üçün önəmli sayılan bölgədən çıxarılacaq və Türkiyə üçün heç bir təhdid yaratmayacaqdı. Lakin 120 saat dolduqdan sonra məlum oldu ki, YPG silahlıları Türkiyə üçün təhlükə mənbəyi olaraq qalmaqda və yeni terror dalğası əsdirməkdədirlər. YPG tərəfindən belə terror hücumlarından biri elə dünən Suriyanın Resulayn bölgəsində həyata keçirildi. Nəticədə beş türk əsgəri yaralandı, biri isə şəhid oldu. Bu o deməkdir ki, Suriyada qurulmuş şahmat taxtası üstündəki oyunçuların heç də hamısı - əsasən də Rusiya və ABŞ terrorla mübarizədə səmimi deyil.
Ümumiyyətlə, Suriya torpaqlarında oynanılan oyunlar yeni mərhələnin başlamasının anonsunu verir. Sahnədə çox oyunçu var, lakin əsas və aktiv fiqurlar artıq bəllidir. Bunlar bilindiyi kimi, ABŞ, Rusiya, İran və Türkiyədir. Türkiyənin Suriyada aktiv rol alması, geosiyasi maraqları artırmaqla yanaşı, həm də Suriyadakı "status-kvo"nun qorunub saxlanılmasında maraqlı olan tərəflərin planlarını alt-üst etmiş sayıla bilər. Belə ki, Ankara milli və dövlət təhlükəsizliyini terrorçulardan qorumaq məqsədilə “Fırat qalxanı”, “Zeytun budağı”, indi isə “Barış bulağı” əməliyyatlarını keçirməklə, Suriyada, o cümlədən dünyada önəmli rola malik olduğunu ortaya qoyur, həm də qlobal güclərin imperiya maraqlarını zədələmiş olur. Təbii ki, Ankaranın bu davranışları Moskva və Vaşinqtonun ürəyincə deyil, ancaq onlar Ankara ilə hesablaşmaq məcburiyyətindədir. Hətta ABŞ Suriya məsələsində Ankaranı oyundan kənarda saxlamaq üçün NATO-dakı müttəfiqi olan Türkiyəyə qarşı sanksiya tətbiq etməkdən belə çəkinmir, Tramp Ərdoğana heç bir diplomatik normaya sığmayan məktub göndərir. Türkiyə dövlətinin və cəmiyyətinin qətiyyəti, dik duruşu isə onların istəklərinə əngəl olur. Şəriksiz bölgə hakimliyi maraqlarını təmin edə bilməyəcəklərini anlayan güclər bir sıra məqamlarda artıq Türkiyə ilə hesablaşmağa məcbur qalırlar. Təsadüfi deyil ki, beş gün içərisində dünyanın iki super gücü - ABŞ və Rusiya Türkiyə ilə danışıqlar masasına əyləşməli oldu və Suriyada əməliyyatların dayandırılmasına dair 120 və 150 saatlıq razılaşma əldə edildi.
Bu razılaşmalardan başqa nəticələr də çıxarmaq olar. Həm ABŞ, həm də Rusiya tam güclü Türkiyə ilə bu razılaşmalara getməklə, müəyyən məqsəd və maraqlarını təmin etmək niyyətindədir.
Əslində, ABŞ və Rusiyanın beynəlxalq problemlərlə deyil, ancaq özlərinin mənfəəti naminə “seçilmiş problemlərlə” maraqlanmağı prioritet hesab etdikləri sirr deyil. Buna görə də onlar, xüsusən də ABŞ azadlıq və demokratiya üçün səy göstərdiyini hər nə qədər iddia etsə də, öz maraqları naminə diktatorları, hərbi çevrilişlə iqtidara gələnləri, hətta terrorçuları belə bütün dünyanın gözü qarşısında müdafiə edirlər. 120 və 150 saatlıq atəşkəs razılaşmasının imzalanması da bu baxımdan istisna deyil. Onlar Türkiyə ilə sözügedən razılaşmaları tələm-tələsik imzalamaqla, ən azı terror təşkilatları olan PKK, YPG, PYD-ni türk əsgərinin əlindən xilas etmək, yaxud terrorçuların ömrünü müəyyən zaman qədər uzatmaq istəyirlər. Ona görə də Prezident Donald Trampın Ərdoğana biabırçı məktub ünvanlamasının səhərisi günü yüksək ranqlı məmurları Ankaraya göndərməsi, Rusiyanın Suriya problemi üzrə məsul şəxslərinin isə “əgər YPG müəyyənləşdirilən təhlükəsizlik zonadan çıxmazsa, Türkiyə ordusunun zərbələri altında qalacaq" xəbərdarlığının həm də terrorçulara xilas yolunun göstərilməsi, "ərazini tərk edin, əks təqdirdə öldürüləcəksiniz" qayğıkeşliyi kimi də dəyərləndirmək mümkündür. Bununla onlar terrorçulara verdikləri sağ qalma vədlərinə əməl etmiş olurlar, eyni zamanda ola bilsin ki, başqa sirlərini ört-basdır etməklə, YPG terrorçuları ilə məlum olmayan işbirliklərinin faş edilərək dünyaya bəyan olunmasından narahatdırlar.
Necə ki, Afrin əməliyyatı zamanı ABŞ hərbçilərinin YPG və PYD terrorçularına verdikləri silahları türk əsgərləri ələ keçirəndə Vaşinqtonun niyyəti tam olaraq dünyaya bir daha bəyan oldu. Türkiyə ordusu terrorçulardan qənimət kimi əldə etdiyi ABŞ silahlarını heç Vaşinqtona təhvil də vermədi, öz arsenalında saxladı, Ağ Evin isə səsini belə çıxmadı. Son vaxtlar Türkiyə-Rusiya münasibətlərində də hər nə qədər yaxınlıq nəzərə çarpmasına baxmayaraq, Moskvanı da narahat edən bu və ya buna bənzər məqamlar var. Yoxsa, niyə terrorçuların sağ qalması üçün dəhliz yaradılsın ki? Əgər söhbət beynəlxalq terrorizmlə mübarizədən gedirsə, o zaman dövlətlərin terror təşkilatlarının qayğısına qalmaq kimi dərdi olmamalıdır. Əksinə, terrorla mübarizədə qətiyyətli olan Türkiyə kimi ölkələrlə eyni cərgədə durmalıdırlar.
APA Analytics