Xəzəri çirkləndirənlərə son <span style="color:red;">XƏBƏRDARLIQ
28 oktyabr 2019 17:40 (UTC +04:00)

Xəzəri çirkləndirənlərə son XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə görüş keçirilib. 
 
Lent.az-a nazirlikdən verilən məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Siyəzən Broyler”, “Səba” Açıq Səhmdar Cəmiyyəti, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, “Azər Yod” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Yalama Xəzər” Turist bazası, “Lotos”, “Malibu”, “Meşəbəyi”, “Xəzər Palace”, “SunSet”, “Ülfət” və digər idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirak etdiyi görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.
 
ETSN-nin ətraf mühit üzrə mütəxəssisi Adil Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib. Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-nin maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub. 
 
ETSN rəsmisi Xəzərin çirkləndirilməsində rolu olan müəssisə və təşkilat rəhbərlərinə bir daha müraciət edərək bildirib ki, müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm verilmir və bu gün də standartlara cavab verməyən köhnə texnoloji üsullardan istifadə edilir. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə çirkləndiricilər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, fəaliyyətlərinin məhdudlaşdırılması üçün məhkəmələrə müraciət olunacaq.
# 1084
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar