258
11:00
25 Oktyabr 2019

Gəncə Teatrı “Dəli yığıncağı” tamaşasını Tbilisidə oynadı

Gəncə Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşanı oynayıb.

Gəncə Teatrının baş rejissoru İradə Gözəlovanın Lent.az -a verdiyi məlumata görə, səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ilə təqdim olunub.

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib. Tamaşa maraqla qarşlanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və gənclər də tamaşaya baxanlar sırasında olub.