293
09:32
24 Oktyabr 2019

Ramil Qasımov “Vaqif”də oynayır

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası oynanılacaq.

Teatrdan Lent.az -a verilən məlumata görə, tamaşada əsas partiya - şair Vaqifin obrazını Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edəcək.

R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış edəcəklər.

Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.