Lotu Namiq, Məmmədqulu Sabirabadski, “Bentli Sergey”: “Qanuni oğrular”ın varisləri kimdir?
22 oktyabr 2019 13:16 (UTC +04:00)

Lotu Namiq, Məmmədqulu Sabirabadski, “Bentli Sergey”: “Qanuni oğrular”ın varisləri kimdir?

Dünyada “qanuni oğru” adı daşıyan kriminal imicli şəxslərin sayı 500-ə yaxındır. Hazırda onların 118-i həbsdə, 14-ü isə axtarışdadır. Ən yaşlı “qanuni oğru” keçən əsrin 70-ci illərindən ABŞ-da məskunlaşan 88 yaşlı Borya Uşatıy və onun Gürcüstanın Kutaisi şəhərindən olan həmyaşıdı Kukura Zedaşidzedir. Ən gənc “oğru” isə yenə milliyyətcə gürcü olan 25 yaşlı Rezo Ubilavadır.
 
Dünyadakı “qanuni oğru”ların 57 faizi milliyyətcə gürcüdür. Onların arasında Şuşanaşvili, Tvalçelidze, Qoqoladze, Mikaeladze, Caparidze, Papiaşvili və Kardava kimi məşhur klanlar var.
 
İkinci ən titullu xalq isə ruslardır. Onların 61-i kriminal aləmin bu nüfuzlu adını daşıyır.
 
Azərbaycanlılar isə bu siyahıda 16 nəfərlə təmsil olunublar.
 
Amma biz bu mövzuyla bağlı başqa məqamdan danışacağıq.  Söhbət ondan gedir ki, adlı-sanlı qanuni oğruların özlərindən sonra irsi varisləri də olub və var.
 
Məsələn, Eduard Asatryan. Onun oğlu Sergey atasının yoluyla gedib və 22 yaşında qanuni oğru adını alıb. Onu şəxsən Ded Xasan taclandırıb.
 
Onun taclandırılması bəzi dairələrin xoşuna getməyib. Bəzi “qanuni oğru”lar oğul Asatryanın bu adı almağa layiq olmadığı qənaətindədirlər. Qlamur həyat tərzi keçirən Sergey kriminal aləmdə “Bentli” ləqəbiylə tanınır.
 
Rus kriminal aləminin əfsanələrindən sayılan Aleksandr İvankovun (Yaponçik) özündən sonra 3 oğlu qalıb. İlk həyat yoldaşından olan oğulları Gennadi və Eduard İvankovlar hazırda Avropada yaşayırlar. Necə deyərlər, öz biznesləri ilə məşğul olur, kriminal aləmdən uzaqdırlar.
 
Amma ikinci həyat yoldaşından olan Viktor atasının yoluyla gedib. O, 18 yaşında həbsxanaya düşüb. Həbsdən çıxan kimi  taclandırılıb və özünə “Kalina” ləqəbini götürüb. 1992-ci ildə isə kriminal “razborka”ların birində qətlə yetirilib.
 
2002-ci ildə gürcü əsilli Merab Barkalaya qətlə yetiriləndən sonra onun işini oğlu Merab davam etdirdi. Merabın ətrafında olan kriminal elementlər, əsasən mənzil oğurluğu ilə məşğul idilər. Təsadüfi deyil ki, 2014-cü ildə o həbs edilərkən mənzilindən 15 milyon rubl dəyərində oğurluq zinyət əşyası tapılmışdı.
 
“Kvejo” ləqəbli Avtandil Çixladze həyat yoldaşıyla birgə qətlə yetiriləndən sonra onun varisi kimi 10 yaşlı oğlu qalmışdı. Sonradan Quram da atası kimi kriminal elementə çevrildi. O, hazırda Lotu Quliylə ciddi münaqişədədir.
 
Mikeladzelər qanuni oğru aləmində ciddi klanlardan sayılırlar. Arsen Mikeladze hələ sovet dönəmində SSRİ miqyasında tanınmış oğru idi. Sonradan onun oğlanları Mamuka və Camal da atlarının yolunu davam etdirdilər. Mamuka bu ilin yanvarında vəfat etdi. Qardaşı Camal isə ondan iki ay sonra. Hər ikisinin narkotikin təsirindən öldüyü deyilir.
 
Məşhur azərbaycanlı “qanuni oğru”nun öz oğlu olmasa da, qardaşı oğlu Məmmədqulu Muxtarova (“Sabirabadski”  “qanuni oğru” adı almağın bir addımlığında idi.  Amma son anda onun ad almasına Lotu Quli mane olub.
 
Lent.az -ın məlumatına görə, məsələnin kökü çox uzaqlara gedib çıxır. Söhbət ondan gedir ki, avtoritetlərin hər ikisi eyni vaxtda Bayıl həbsxanasında cəza çəkərkən Quliylə Hikmət arasında insident baş verib. Quli oğru qanunlarına zidd gedərək Azərbaycan kriminal avtoritetlərinin arasında “böyük qardaş” kimi çağırılan “Sabirabadlı Hikmət”ə əl qaldırıb.
 
Bu hadisədən sonra Moskvada 11 nəfər “qanuni oğru”nun toplaşdığı “sxodka” keçirilib. Həmin “sxodka”da Qulidən “qanuni oğru” adının alınması ilə bağlı qərar qəbul olunub. Bu qərar Azərbaycanının və MDB ölkələrinin bütün həbsxanalarına göndərilib.
 
Məhz bu hadisədən sonra azərbaycanlı “qanuni oğru”lar arasında ikitirəlik yaranıb, Quliylə Hikmət isə düşmənə çevriliblər. Quli və onu dəstəkləyən avtoritetlər qeyd etdiyimiz “sxodka”da çıxarılan qərarı indi də qəbul etmirlər.
 
Yeri gəlmişkən, həmin qərarı dəstəkləyənlərdən biri də Rövşən Lənkəranski olub. Məmmədqulu da Rövşən qətlə yetirilənədək onun yanında imiş. Onun hazırda Moskvada yaşadığı, kriminal aləmdə avtoritet kimi qəbul edilıir.
 
6 il əvvəl isə elə Lotu Qulinin öz qardaşı taclandırılıb. 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli” qardaşı Namiq Səlifova oğru statusu verilib. N.Səlifovun da taclandırıldığı “sxodka” Ded Xasan klanı tərəfindən 2013-cü il avqustun 14-də keçirilib. “Sxodka”da 7 nəfərin “taclandırıldığı” bildirilir ki, onların da arasında Namiq Səlifovun adı çəkilir. Məlumata görə, “sxodka”nın keçirilməsi təşəbbüsü Qela Kardavadan gəlib. Vova Puxlıy, Maçik, Roland Şlyapa da “sxodka”da iştirak edib. Hamını təəccübləndirən məqam isə “sxodka”da Tbilisidən Paata Malenkiyin iştirakı olub. Hələlik “taclandırılan” yeni “qanuni oğru”lardan ancaq 4 nəfəri barədə məlumat verilir. Bunlardan biri bu statusa çoxdan iddialı olan, 42 yaşlı Tümen sakini Aleksandr Babanov, Lotu Qulinin qardaşı Namiq Səlifov, Roma Mostavoy və Samvel Berseqyan olub.
 
 
 
 
 
 
 
 
 
 
# 1805
avatar

Səbuhi Sədəf

Oxşar yazılar