253
11:24
17 Oktyabr 2019

“Mən ağacam” tamaşası yenidən səhnədə

Oktyabrın 19-da YUĞ Dövlət Teatrında “Mən ağacam” tamaşası oynanılacaq.

Lent.az xəbər verir ki, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edəcək.

Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxış bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.