22205
10:26
06 Oktyabr 2019

Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması QADAĞANDIR - RƏSMİ

Bu günlərdə məlum oldu ki, Bakıda üzərində probasiya xidmətinin elektron nəzarət qolbağını daşıyan şəxs oğurluq edirmiş. Söhbət bir müddət əvvəl Səbail rayonunda Səbinə Atakişiyeva, Ceyhun Cəbiyev və Kənan Nəcəfovun törətdiyi oğurluq əməlindən gedir. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib. Hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Belə məlum olur ki, probasiya xidmətinin elektron nəzarət qolbağı da məhkumu cinayətdən daşındırmır. Belə isə bu qolbağın əhəmiyyəti nədir? Ümumiyyətlə, probasiya xidmətinin elektron bilərziyi hansı məhdudiyyətləri qoyur? Lent.az -ın bu suallarına Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən cavablandırdılar:
“Probasiya xidmətinin elektron nəzarət bilərziyini məhkəmənin qanuni hökmü ilə şərti azadlığa buraxılanlar ayağında daşıyır. Həmin şəxslər probasiya nəzarətində cəzasını çəkir. Məhkəmənin qərarına əsasən, həmin şəxslərə müəyyən olunmuş qadağalar qoyulur. Bu nəzarət əsasən iki istiqamətdə aparılır. Birincisi, hökm oxunan şəxs təyin olunmuş şəhər, rayon və.s ərazidən kənara çıxmamalıdır. İkincisi isə gecə saaat 23:00-dan səhər saat 07:00-dək evdən bayıra çıxa bilməz. Günün digər hissəsini yəni, səhər saat 07:00-dən axşam saat 23:00-dək işə və ya digər istədiyi yerə getməkdə sərbəstdir. Ancaq müəyyən olunmuş ərazini tərk etdikdə və ya axşam saat 23:00-dan sonra evi tərk etsə dərhal siqnal vasitəsilə bizə məlumat gəlir. Səbail rayonunda törədilən oğurluq hadisəsi də axşam saat 19 radələrində baş verdiyi üçün hər hansı bilgi gəlməyib. Bir sözlə, probasiya xidmətinin elektron nəzarət bilərziyi cinayətin qarşısını almır. Sadəcə şəxsin hərəkətlərinə müəyyən qadağalar tətbiq edir”.
Probasiya Xidməti elektron nəzarət bilərziyi daşıyan şəxsin təkrar cinayət törətdiyi təqdirdə çəkəcəyi cəza barədə də məlumat verib:
“Əgər ayağında elektron qolbaq daşıyan şəxs təkrar cinayət törədərsə, onun cəzası məhkəmənin qərarından asılı olaraq dəyişəcək. Ola bilər ki, məhkəmə həmin şəxsə yenidən eyni qaydada cəza təyin etsin. Bu zaman məsələn, şəxsə təkrar cinayətə görə 2 il cəza hökmü oxunubsa, əvvəlki cinayətdən də qalan tutaq ki, 1 il yarım onun üzərinə gələcək və beləliklə şəxsin cəzası 3 il yarım olacaq. Demək ki, həmin şəxs 3 il yarım daha probasiya xidmətinin elektron nəzarət bilərziyini daşımalı olacaq. Əgər məhkəmə həmin 2 il müddəti cəzaçəkmə müəssisəsində çəkmək qərarı versə, onun elektron nəzarətdə qalan növbəti müddətinin hər 2 günü bir gün hesablanaraq yeni cəza ilə birləşəcək. Məsələn, elektron bilərziklə 1 il cəza vaxtı qalıbsa həbsxanada bu 6 ay hesablanır və yeni hökmlə birləşərək 2 il yarım cəza çəkəcək”.
Xatırladaq ki, Ədliyyə Nazirliyi Probasiya Xidməti Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncam əsasında yaradılıb. Probasiyanın latıncadan tərcüməsi sınaq deməkdir. Hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Probasiya institutu əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.