346
16:40
30 Sentyabr 2019

Azərbaycanlı alim Qarabağ münaqişəsinin həlli barədə kitab yazdı

Dünyanın tanınmış elmi nəşriyyatlarından biri – “Routledge” azərbaycanlı alimin kitabını dərc edib.
Lent.az xəbər verir ki, Malmo Universitetinin baş müəllimi, İsveç Lund Universitetinin və Raul Valenberq İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru Kamal Makili-Əliyevin kitabı “Mübahisəli ərazilər və beynəlxalq hüquq” adlanır. 2017-2018-ci illərdə Lund Universitetin hüquq fakültəsində aparılan araşdırmalar nəticəsində ərsəyə gələn kitabda Dağlıq Qarabağ münaqişəsi ilə Aland adalarındakı böhran müqayisəli şəkildə təhlil olunub.
Kitabın əsas tədqiqat predmeti - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsidir. Bu məqsədlə, İsveç və Finlyandiya arasındakı torpaq mübahisəsi hər hansı analoji münaqişənin optimal həlli variantı kimi təqdim olunur. Bu yol beynəlxalq hüququn qəbul etdiyi muxtariyyət əldə edilməsi yoludur.
Müəllif millətlərin özünüidarəetmə və öz müqəddəratını təyin etməsi prinsiplərinə, milli və etnik azlıqların hüquqları məsələlərinə əsaslanmaqla iki münaqişənin oxşar cəhətlərini təhlil edib. Tarixi paralelləri əhatə edən elmi işdə həmçinin iki münaqişənin həm kontekstual, həm konkret fərqli tərəfləri araşdırılıb.
Bununla belə müəllif təklif edir ki, Aland adaları presedentinin Dağlıq Qarabağ münaqişəsinə şablon tətbiqi ideyasından imtina edilsin. Alimin fikrincə, münaqişənin beynəlxalq hüquq nəzərindən həlli üçün presedentin ayrı-ayrı elementləri nöqtəli şəkildə tətbiq edilməlidir.
Kitab Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi təhlilini, Aland adaları presedentinin beynəlxalq hüquq müstəvisində təhlilini, həmçinin iki münaqişənin müqayisəli beynəlxalq hüquqi təhlilini və Aland adaları presedenti elementlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini əhatə edən dörd əsas fəsildən ibarətdir.
Kitabın 1-ci fəsli xüsusi əhəmiyyət kəsb edir. Bu fəsildə Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycan SSR-ə verilməsi mifi elmi baxımdan tamamilə təkzib edilir, Dağlıq Qarabağ münaqişəsinə xalqların öz müqəddəratını həll etmə prinsipinin tətbiq edilməsinin qeyri-mümkünlüyü beynəlxalq hüquq nöqteyi nəzərdən sübut edilir. Həmçinin göstərilir ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn hüquqların Azərbaycan tərəfindən istifadə edilməsi elmi cəhətdən tam mümkündür. Azərbaycan ərazilərin işğal olunması faktının məhkəmə tərəfindən təsdiqini göstərən müəllif İnsan Haqları üzrə Avropa Məhkəməsində qaldırılan “Çırağov və digərləri Ermənistana qarşı” işinin ətraflı şərhini təqdim edir, qondarma “Dağlıq Qarabağ Respublikasının” de-fakto dövət kimi tanınmasının qeyri-mümkünlüyünü elmi cəhətdən sübut edir.
Qeyd edək ki, bu kitab Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə həsr olunan ilk monoqrafiyadır. “Routledge” “A” indeksli ali kateqoriyalı akademik nəşriyyatdır. Belə nəşriyyatların sayı isə dünyada çox azdır. Bu baxımdan “Routledge”də çıxan kitab beynəlxalq elmi aləmdə daha böyük əhəmiyyətə və təsirə malikdir. Bu kitabın yayılması, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin elmi cəhətdən tanınması baxımından da əhəmiyyətlidir. Bu fakt Dağlıq Qarabağ mövzusunun gündəmdə qalmasına xidmət etməklə yanaşı, bu mövzuda növbəti elmi əsərlərin də dərc olunmasına stimul verəcək.
K.Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq” monoqrafiyasının işıq üzü görməsi o qədər də asan başa gəlməyib. Müəllif əvvəla Qarabağ həqiqətlərinin açıqlanmasına mane olmaq istəyən ideoloji opponentlərin müqavimətini qırmalı olub. Digər tərəfdən nəşriyyatı da inandırmaq lazım gəlib ki, problemli mövzuya qol qoymaqdan çəkinməsin. Deyilənlər bir daha sübut edir ki, K.Makili-Əliyevin monoqrafiyası Dağlıq Qarabağ münaqişəsinin elmi-tarixi və hüquqi cəhətdən obyektiv araşdıran ciddi tədqiqat işidir.