418
11:40
30 Sentyabr 2019

Azərbaycanlı xanəndə Almaniyada “Sığmazam” qəzəlini ifa edib

Tanınmış xanəndə Vüsalə Musayeva Almaniyanın Köln şəhərində keçirilən Almaniya Ələvi Birlikləri Fedarasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı konsertdə iştirak edib.
Lent.az xəbər verir ki, Avropa və Türkiyədən sənətçilərin qatıldığı konsertdə xanım müğınni İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini ifa edib.
Vüsalə Musayevanın sözlərinə görə, gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşaiyəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin, qəzəllərinə mahnılar səsləndirilib: “Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində oldu. Şairin “Sığmazam” qəzəlinə muğam səsləndirdim və bu, çox maraqla qarşılandı”.
Gecədə dünyada baş verən amansız qətliam qurbanları da yad edilib, şamlar yandırılıb. Azərbaycan adına bu missiyanı Almaniyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Rafiqqızı yerinə yetirib. O Qafqazın ən dəhşətli faciəsi olan Xocalı soyqrımının qurbanları üçün şam yandırıb.
İnsanların dinindən, dilindən, irqindən asılı olmayaraq yalnız bir fikir ətrafında birləşdiyi bir tədbir olduğunu bildirən T.Rafiqqızı qeyd edib ki dünyada baş verən qətliam qurbanları çıraq yandırılaraq anılıb: “Mən də Xocalı faciəsinin qurbanları adına orda idim. Təbii ki, milyonların diqqətinin yönəldiyi belə bir tədbirdə olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir”.
Qeyd edək ki, sözügedən tədbiri 15 min tamaşaçı canlı izləyib. Gecənin aparıcıları Türkiyənin tanınmış sənətçiləri Mehmet Ali Alabora və Füsun Demirel olub.