600
11:20
27 Sentyabr 2019

Bakının 5 məktəbində peşə təmayüllü siniflər yaradılıb

2019-2020–ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -a bildirilib ki, paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyində təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.