2250
18:40
25 Sentyabr 2019

Saatlının rus şəhidləri: sevgiliylə son görüş, əmanət məzar... – Səbuhi Sədəf yazır

- İlahi, necə gözəl səsi vardı. Tərtəmiz, şaqraq bir səs. Oxuyanda elə bil Rəşid Behbudov idi oxuyan. Başını yelləyə-yelləyə, elə şirin oxuyurdu ki. Elə başından da vurmuşdular...

Aleksandr Mixaylukdan danışırıq müəllimiylə. Saatlı şəhər 4 saylı məktəbdə ona 4-cü sinifdən dərs demiş Valentina Polikarpovnayla. Bir azdan sinif yoldaşı Cəmalə xanım da söhbətə qoşulacaq. Və hamı bəstəboy, gülərüz, özləri demişkən, toyuq başı kəsməyə ürək etməyən, böyük ürək sahibi Saşanı ürəkağrısı, həm də böyük fəxrlə xatırlayacaqlar...

***

...1975-ci il fevralın 14-də anadan olmuşdu Saşa. 8-ci sinfi bitirən kimi 109 saylı peşə məktəbinə daxil olmuşdu. Avtomobil çilingəri olmaq istəyirdi. Amma çilingər işləmək nəsib olmadı ona. Heç peşə məktəbini də düz-əməlli oxuyub bitirmədi. 18 yaşı tamam olmamışdı, amma demək olar ki, hər gün Saatlı rayon hərbi komissarlığının qapısını döyürdü. Hardansa eşitmişdi ki, könüllülərdən ibarət Saatlı batalyonu yaranır. Amma ona izah edə bilmirdilər ki, hələ sənin yaşın çatmır, uşaqsan, hərbi komissarlıq nə vaxt çağırış vərəqəsi göndərsə, onda gələrsən.

Saşa 18 yaşının tamam olmasını gözləyir. Elə həmin günün səhəri yenidən komissarlığa üz tutur. Bu dəfə də deyirlər ki, get evə, çağırış vərəqi göndərəndə gələrsən.

Saatlıda Mixaylukları kasıb, amma zəhmətkeş ailə kimi tanıyırdılar. İki övlad böyüyürdü Mixayluklar ailəsində. Saşa və bacısı Tatyana. Saşa ən kiçiyi idi ailədə. Valentina Polikarpovnanın dediyinə görə, həm bacısını, həm də Saşanı məktəbdə tərbiyəli, intizamlı uşaq kimi tanıyırdılar.

- Sinifdə ən kiçiyi idi. Həm boyda, həm də yaşda. Hamı ilə də dostluq edirdi. Kristal uşaq idi. Bir kimsəyə pislik etməzdi. Sinifdə gözə görünməzdi. Dindirməsən, səsi çıxmazdı. Amma biz hardan biləydik ki, bu bəstəboy uşağın nə boyda ürəyi varmış.

Saşa ilə bir sinifdə oxumuş Cəmalə xanım deyir ki, olduqca utancaq idi, tikansız kol kimiydi.

- Müharibə başlayanda biz orta məktəbi təzə bitirmişdik. Sən demə, sinfimizin ən balacası müharibəyə hazırlaşır.

Hə, hisslərini gizlədirmiş. Ona rəsm dərsi deyən Sürəyya Zeynalovanın dediyinə görə, sakit təbiətli, az qala ana uşağı sandıqları Saşanın müharibə kimi bir dəhşətə, özü də könüllü atılacağını təsəvvür belə etmirmiş.

- Amma Aleksandr getdi. Şəhid oldu, Saatlıya şəhid kimi qayıtdı. İndi də qəbri üstündə Azərbaycan bayrağı dalğalanır.

1994-cü il 19 yaşının tamamına 4 gün qalmış Tərtər istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı Saşa. Onu təcili Gəncəyə hospitala gətirmişdilər. Huşu özündə deyildi. Heç ayılmadı da. Əbədi yuxuya getdi. İki gün sonra isə Saatlıda xristian qəbiristanlığında dəfn edildi.

Əslində onu ümumşəhər qəbiristanlığında, digər şəhidlərin yanında dəfn etmək istəyirmişlər.

- Dinin nə fərqi var axı, o, öz torpağı uğrunda şəhid olmuşdu. Amma sonradan fikirləşdik ki, hər halda, yenə öz qəbiristanlıqlarında dəfn edək. Onsuz da bütün şəhidlərimiz kimi, o da bizim üçün əzizdir. Qəbiristanlığa baxın, abad şəkildə saxlayırıq, göz bəbəyi kimi. Qəbirin üstündə isə Azərbaycan bayrağı dalğalanır.

Saşanın ölümündən bir neçə il sonra anası Marqarita qızı Tatyananı da götürüb, Saatlıdan gedir. Qonşuları çox təsirlənmişdilər Mixaylukların gedişindən. Anası elə beləcə də demişdi Saatlı camaatına:

- Hə, biz rusuq. Saşa rus idi. Amma o, Azərbaycan xalqının oğluydu. O bu xalqın uğrunda özünü döyüşə atmışdı. Şəhid olmuşdu. O, ona görə şəhid adını daşıyır ki, öz torpağı uğrunda qurban getdi.

Və…

Və Marqraita xanımın son sözləri onu yola salanları ağlatmışdı:

- Mən bu gün buranı vətənimi tərk edəndə tam əminəm: Siz Saatlı camaatı, siz azərbaycanlılar mənim balamı unutmayacaqsız. Onu sizlərə əmanət qoyub gedirəm.

Yeri gəlmişkən, araşdırmalarımız nəticəsində öyrəndik ki, Mixayluklar, Marqarita xanım və qızı Tanya indi Rusiyanın Tver şəhərində yaşayırlar. Azərbaycana isə xeyli müddətdir ki, gəlmirlər. Amma burada yaşayan qonşularla, qohumlarla əlaqədədirlər.

***

Elə Valeri də həmin məktəbi bitirmişdi: Saatlıda hamının Zinaida Fyodorovnanın “dəlisov” oğlu kimi tanıdığı Valeri. 1969-cu ildə Saatlıda anadan olmuşdu Valeri. Elə həmin məktəbi, 4 nömrəlini bitirmişdi. Onun adını da daşıyır indi həmin məktəb. 1984-cü ildə həmin məktəbin 9-cu sinfini bitirir. Sonra ailə vəziyyəti ilə bağlı Voronej şəhərinə köçürlər. Orada peşə məktəbini bitirir. 1987-ci ildə elə Voronejdən hərbi xidmətə çağırılır, Donetsk şəhərində xidmət edir.

Qarabağda müharibə xəbərini də orda eşidir. Azərbaycana qayıdır. Anası Zinaida Fyodorovna az qala yalvarırmış ki, uşaqsan, müharibə sənin yerin deyil. O isə israr edib: “Ana, mən boyda adama güllə dəyməz”. Deyilənə görə, anasından pul alıb Bakıya gəlir. Oradan da Saatlıya. Bu həmin vaxt imiş ki, elə Saşanın da sonradan qoşulmaq istədiyi Saatlı batalyonu təzə formalaşırmış.

Batalyonun komandiri olmuş Əliağa Qurbanovun Lent.az -a dediklərindən:

- Saatlı batalyonu təzə yaranırdı. Bu barədə o vaxtkı müdafiə naziri Valeh Bərşadlıya da məlumat verilmişdi. Bizə bildirmişdilər ki, nizam-intizama riayət etməyən heç kimi batalyona yazmayaq. Bir gün Bakıdan xəbər gəldi ki, siyahını müəyyənləşdirin, hərbi geyim göndərəcəyik. Deyilən vaxtda da göndərdilər. Biz əvvəlcə rayondakı peşə məktəbinə yığışdıq. Valeri də bizimlə idi. Civə kimiydi, bir yerdə dura bilmirdi. Hələ bizə silah verməyiblər, bu deyirdi ki, komandir, döyüş nə vaxtdı? Ya da, bir də gördün deyirdi ki, bax unutma ha, batalyonun PDM-i özümündü. Sovet ordusunda PDM sürmüşdü axı.

Hə, bir gün batalyonu Bakıya çağırırlar. Onları Salyan kazarmasında yerləşdirilər. Silah verirlər, qısa müddətli təlimə cəlb edirlər. Bərşadlının əmriylə bir neçə gündən sonra Saatlı batalyon cəbhə xəttinə yola düşəcəkdi ki…

Ardını Əliağa Qurbanov danışır:

- Kazarmada həm təlim keçirdik, həm də posta çıxırdıq. Bir gün Valeri də postdaydı. Axşam güllə səsi eşitdik. Posta çatanda məlum oldu ki, Valerii, necə deyərlər, sadəcə güllə atmaq xətrinə güllə atıb. Çox əsəbiləşmişdim onun nizam-intizamı pozduğuna görə. Dərhal silahını əlindən alıb, kazarmaya göndərdim. Səhəri isə dedim ki, formanı da təhvil ver, qayıt Saatlıya.

Valeri nə qədər yalvarsa da, xeyri olmur. Komandir Qurbanov əmrinin yerinə yetirilməsini tələb edir. Valeri kor-peşman Saatlıya qayıdır. Saatlı batalyonu isə Ağdamın Şelli istiqamətinə göndərilir.

Və bir gün komandir Qurbanovun ağlına belə gətirməyəcəyi hadisə baş verir.

- Nahar vaxtıydı. Postdakı uşaqlar xəbər verdi ki, Saatlıdan batalyonumuza ərzaq, geyim göndəriblər. Sağ olsun bizim camaat, batalyonumuzu korluq çəkməyə qoymurdu. Ərzağı gətirən isə rayonumuzun ən hörmətli 3 adamından biri, şəhər sovetinin sədri, Böyük Vətən Müharibəsi veteranı Hacıağa Enyullayev idi. Hacıağa müəllimi uzaqdan görən komandir dərhal onun qabağına qaçır hörmət əlaməti olaraq. Batalyondan, rayondan, kənddən-kəsəkdən danışırlar bir yerdə çay içə-içə. Birdən Hacıağa müəllim dillənir:

- Əliağa, səndən bir xahişim var. Bilirəm ki, sözümü yerə salmazsan. Batalyonuna bir döyüşçü gətirmişəm. Xahiş edirəm, onu sıralarınıza qəbul edin.

Komandir Qurbanov ağsaqqalın sözündən çıxmır. “Nə vaxt istəsə gəlsin” deyir.

- Dedim heç olmasa silah tuta bilirmi, əsgərlikdə olubmu? Dedi, “hə, olub, özün də yaxşı tanıyırsan. Valerini gətirmişəm. Neçə gündü gəlib qapımızda yatıb ki, məni də apar döyüşə. Mən də keçəmmədim”. Donub yerimdə qaldım. Valerini çağırdılar. Görüşdük. Qucaqladım, öpdüm.

...Həmin gün 1992-ci il mayın 12-si idi.

Batalyondakı yeganə PDM-i də elə Valeriyə verirlər. Ən ağır döyüşlər gedirdi həmin vaxtlar. Əsasən də Şelli istiqamətində. Komandir Qurbanov danışır ki, iyunun 27-də Fred Asiflə birgə Qaraqaya istiqamətində hücum planı hazırlayırlar.

- İyunun 28-ə keçən gecə saat 4-ə yaxın hücum planını təsdiqlədik. O, öz qərargahına qayıtdı. Mən də bizim uşaqların postunu yoxlamağa getdim. Valerigilin yanına gələndə gördüm ocaq qalayıb oturublar. Mənə dedi ki, komandir, gör sabah mənim PDM-im nə oyun açacaq ermənilərin başına!

Əslində Valeri barədə ermənilər çoxdan eşitmişdilər. O, PDM-də pulemyotçu idi. Ağdamda hamı onu yaxşı tanıyırdı. Bilirdilər ki, Valeri sağ, pulemyot əlindədirsə, erməni üzü bu tərəfə baxan deyil. Elə digər batalyonlarda da onu yaxşı tanıyırdılar, sevirdilər.

İyunun 28-də Fred Asif və Əliağa Qurbanov Qaraqaya istiqamətində hücum əmri verirlər. Ağır döyüş başlayır. Ermənilər ciddi itki verirlər. Elə bizimkilər də. Həmin gün qəhrəmanlıqla həlak olanlar arasında Valeri də vardı. Ermənilər onun PDM-ini vursalar da, özü ağır yaralansa da, sonadək döyüşmüşdü. PDM-də dostu Şəmsəddinlə birgə həlak olmuşdular.

...Saatlıda bir sevdiyi varmış. Bacısı bilirmiş onun kimliyini. Son döyüşdən 10 gün əvvəl bacısına baş çəkibmiş. Sonra da sevgilisinə. “Qayıdacam” deyibmiş. Və qayıdıb, iyulun 2-də, Saatlı qəbiristanlığına.

- Biz Zinaida Fyodorovnanı tək qoymadıq heç vaxt. Bilirsənmi niyə? Çünki hər dəfə onun görüşünə gedəndə, bizimlə öpüşüb görüşəndən sonra saçlarımızı oxşayıb qoxuyardı. “Valerikin iyini sizlərdən alıram” - deyirdi.

Bunu da komandiri deyir.

İndi Zinaida xanım da dünyada yoxdur. Bununla belə, döyüş yoldaşları həm onu, həm də Valerini ziyarətsiz buraxmırlar. Valerinin sevgilisi isə… Yox, gəlin bu barədə danışmayaq. Mən sabah başqa bir sevgi hekayəsini danışacam. Mistik bir sevgi hekayəsini.

Lent.az -da qalın...