<span style="color:red;">"Bu il belə olmayacaq"  - Fəxriyyə Xələfovadan <span style="color:red;">ÖNƏMLİ AÇIQLAMALAR
18 sentyabr 2019 12:54 (UTC +04:00)

"Bu il belə olmayacaq" - Fəxriyyə Xələfovadan ÖNƏMLİ AÇIQLAMALAR

Artıq payız fəslinin astanasındayıq. Mövsümlə bağlı xüsusən də xanımları maraqlandıran ən vacib məsələ fəslə uyğun geyimlərdən istifadədir. Bu mövsüm hansı formada geyimlər və rənglər dəbdə olacaq? Dəbli və şıq görünmək üçün qadınlar alış-verişə çıxdığı zaman nələrə diqqət etməlidirlər?

 

Lent.az bu mövzu ilə əlaqədar olan bir çox sualları Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfovaya ünvanlayıb. Onunla müsahibəni təqdim edirik:

 

- Payız elə mövsümlərdən biridir ki, havalar tez-tez dəyişdiyi üçün üst geyimlərdə əksər insanlar qərarsız qalırlar. Onlara hansı məsləhətlər verə bilərsiniz?

 

- Dəb aləmində payız mövsümü üçün qarderobda bir neçə geyim nümunələri hazırlanır. Payız mövsümü bir neçə mərhələyə bölünür. Yaydan payıza keçid mərhələsində havalar soyuyur, amma tam sərin olmadığı üçün birdən–birə qalın geyimə keçmək olmur. 

 

Elə ölkələr var ki, orada yayın ortalarından artıq havalar soyumağa başlayır və insanlar üst geyimlərə keçirlər. Bizdə isə iqlim fərqli olduğu üçün sentyabr, oktyabr ayından pencək və jilet kimi üst geyimlər istifadə edilir.

 

- İlk mərhələdə hansı üst geyimləri alınmalıdır?

 

- Payızın ilk mərhələsində astarsız plaşlar, astarsız gödəkcələr geyinilir. Onların istifadəsi çox rahatdır. Həm geyim ansamblını tamamlayırlar, həm də geyimin bir elementinə çevrilirlər. Bu mövsümdə üst geyimi öz vacibliyini göstərir. 

 

Bu geyimlərin istehsalında istifadə olunan parçalar incə cins tipli parçalar və ya ənənəvi plaş parçasından olurlar. Gödəkcələr isə parça tipli olur. Bu əsasən, payızın ilk aylarına aiddir. Sonrakı mərhələdə isə daha qalın astarlı, palto tipli ya da ki, gödəkçə tipli və müxtəlif üsullarda üst geyimləri təklif oluna bilər. 

 

- Son illərdir ki, dəri üst geyimlərindən istifadə edənlərin sayı çoxalıb. Bu dəb bu il də davam edəcəkmi?

 

- Bəli, davam edəcək. Bildirim ki, gənclər daha çox idman üslubunda olan üst geyimlərə üstünlük verir və bir mərhələdən sonra dəridən istehsal olunan üst geyimlərindən istifadə edirlər. Bu təmiz dəri də ola bilər, süni dəri də. Dəb aləmində süni dərilərdən daha çox istifadə olunur, çünki heyvanların qorunması baxımından təbii dəridən imtina edilib. Qeyd edim ki, təbii dəridən istehsal olunan geyimlər qiymət baxımından daha baha olurlar, ona görə də əksər şəxslər heç təbii dəriləri əldə etmək istəmirlər. 

 

- Bu il geyimlərdə hansı rənglər üstünlük təşkil edəcək? Mövsümün "favori" rəngləri hansılardır?

 

- Bu mövsümdə üst geyimlərinin rənglərində dəyişikliklər çox olacaq. Belə ki, üstünlük əlvan rənglərdən ibarət olmalıdır. Təbii ki, ənənəvi olaraq klassik variantda olan üst geyimlərdə qara, boz, tünd mavi rənglər də yer alacaq, amma dediyim kimi bu il daha əlvan, açıq rənglər trenddir. 

 

Xanımlar üçün payız kolleksiyası, eləcə də qış kolleksiyaları yarım il əvvəl podiumda təqdim olunur və artıq tendensiyalar bəlli olub. Məsələn, xanımlar üçün incə, noxudu və tünd limon rənglərində paltolar bu mövsüm çox aktual olacaq. Eləcə də kərpic rəngləri, zoğalı və sumax rəngi də dəbdədir. Sonra gümüşü qara, həmçinin gümüşü ilə bir parlaqlığı olan parçalar da bu il çox istifadə ediləcək.

 

- Ümumiyyətlə, mövsüm fərqi olmadan tez-tez “kapişon”lardan da istifadənin şahidi oluruq. Bu dəb yenidirmi?

 

- Üst geyimlərində əsas element kimi “kapişon” istifadə edilir. Əvvəllər daha çox gödəkcələrdə, idman üslubunda olan üst geyimlərində onları görürdüksə, indi “kapişon” bir element kimi klassik paltolara, yarım paltolara və hətta pencək tipli paltolara da əlavə olunur. Çünki soyuq havalarda “kapişon”un olması çox zəruridir. 

Bundan başqa artıq üst geyimlərin yaxasına uzun bir şərf də əlavə olunub. Bunu da hər istifadəçi özü istədiyi kimi bağlayıb, geyinir. Bu şərflər də çox aktualdır. 

 

- Üst geyimləri ilə istifadə olunan aksesuarlardan da danışaq. Bunlar nə qədər önəmlidir, eləcə də bu mövsüm dəbdə olacaqmı?

 

- Üst geyimlərində bir neçə ildir ki, aksesuar istifadə olunmurdu, ancaq bu il belə olmayacaq. Məsələn, xanımlarda sinədə, plaşın və ya paltonun ətəyində bir dekorun istifadə edilməsi onları daha dəbli göstərəcək. 

 

Həmçinin folklor üslubunda elementlər çox aktual olacaq. Folklor üslubu deyərkən hansısa bir milli naxışlar, tikmə növləri və milli paltardan olan rənglər nəzərdə tutulur. 

Mövsümün "hit" elementi isə kəmər olacaq. Əvvəllər daha çox kəmərlər ənənəvi olaraq eyni parçadan, yəni paltonun və ya plaşın istehsal edildiyi parçadan istifadə olunurdu, hazırda isə bu dəyişib. Belə ki, üst geyimlərində artıq fərqli rəngli və ya dəridən olan maraqlı formalardan kəmərlər daha çox dəbdə olacaq.

 

# 2990
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar