199
22:05
14 Sentyabr 2019

Bakının azad edilməsi 101: - Paytaxtdan Qobustana yürüş

1918-ci il sentyabrın 15-də Bakının daşnak erməni və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101 illiyi münasibətilə Müdafiə Nazirliyi ilə Türkiyənin Azərbaycandakı səfirliyi birgə iki qardaş ölkənin əsgər və zabitlərinin, eləcə də qazilərinin paytaxtdan Qobustan rayonuna yürüşünü təşkil edib.
APA -nın yerli bürosunun xəbərinə görə əllərində Azərbaycan və Türkiyə bayraqları olan 202 əsgər “Acıdərə” adlanan ərazidə yerləşən və 1130 qəhrəman türk şəhid əsgərinin
şərəfinə ucaldılan abidə qarşısına toplaşıblar.
Mərasim iştirakçıları əvvəlcə abidəni və şəhid məzarını ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Vasif Kazımov, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Türkiyədən gələn qazi, Kıbrız savaşının iştirakçısı, general-leytenant Cumhur Evcil çıxış edərək 101 il öncə Bakının düşmən işğalından azad edilməsini XX əsrdə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu hökuməti ilə dostluq müqaviləsi imzalayıb. Sənəddə qeyd olunub ki,
“Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün əgərə ehtiyac olarsa, Osmanlı hökuməti qardaş ölkəyə hərbi yardım göstərməyi öz üzərinə götürür”.
Osmanlı hökuməti bu öhdəliyi yerinə yetirərək yenicə müstəqillik qazanmış qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Türk Qafqaz İslam Ordusu Azərbaycan ərazilərinin düşmən işğalından azad edilməsi istiqamətində hərəkətə keçib.
Qeyd edilib ki, 14 sentyabrdan başlayaraq 36 saat davam edən savaşdan sonra Bakı işğaldan azad olunub. Türk Qafqaz İslam Ordusunun gəlişi eyni zamanda Azərbaycanda müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış olub: “Təsadüfi deyil ki, Bakısız Azərbaycan başsız bədənə bənzədilir. Bu, bir daha Bakının Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir. Türk Qafqaz İslam Ordusunun bu zəfərini, tarixi xidmətini unutmaq mümkün deyil”.
Bildirilib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin Azərbaycanın paytaxtı olması sual altında qalardı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya
köçməsilə dövlətimizin qarşısındakı böyük təhlükə sovuşmuş olub: “Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakı nın azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq”. Natiqlər deyib ki, Azərbaycan xalqının döyüş
ruhu bu gün də yüksəkdir və Ali Baş Komandanın əmri ilə işğal altında olan Qarabağ torpaqlarını düşməndən azad etməyə hazırdır”.
Sonra məktəblilər Azərbaycan və Türkiyə qardaşlığını, vətənpərvərliyi, şəhidliyi tərənnüm etdirən şeirlər söyləyiblər.