“Bircə bu transın mənə eşq etirafı etməsi çatmırdı...” – Bulud Qaranın gündəliyi – 27-ci BÖLÜM
12 sentyabr 2019 20:15 (UTC +04:00)

“Bircə bu transın mənə eşq etirafı etməsi çatmırdı...” – Bulud Qaranın gündəliyi – 27-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/325122

27-ci hissə - Sənubərin ruhu

Məgər biz o adamlar deyilmiyik ki, ən çox inandığımız insanlara da son anda şübhə ilə baxa bilirik və bizə ən çox inanan adamları da ən son anda mütləq nədəsə aldadırıq?
 
Odur ki, mən də bir orta statistik Yer sakini kimi, bu dəqiqələrdə yanımda oturub sinəmə qısılan və özünü tamamilə mənə etibar etmiş qadının heç vaxt ərinə beləcə yapışıb televizor izləmədiyinə inansam da (axı söhbət Sehrbazdan gedirdi, kim inanmazdı ki?) orta statistik kişi eqom içimdəki bütün primitivliyi üzə çıxartdı. 
Və mən onun başı üstündən divanın söykənəcəyinə pərçim olub qalmış, içim yanıb-qovrulsa da onu qucaqlamaq üçün çox yox, 15-20 sm aşağı enməyən məğrur sol qolumun yerini daha da möhkəmlədib soruşdum:
 
- Doğru deyirsən?
 
- Nəyi? – sanki indicə dediklərini qəfil unutmuş kimi üzümə baxdı və köksümdən üzümə başını qaldırıb baxdığı anlarda gözlərindəki məsumluqdan yenə də ölüb-dirildim, amma məğrur sol qolum yenə də aşağı enmədi ki, enmədi.
 
- Yəni... – gözlərimi ondan qaçırıb televizora pənaha apardım yenə, - doğrudan heç vaxt ərinlə belə oturmamısan? Adamın inanmağı gəlmir, məni qınama.
 
- Sən ki bilirsən söhbət kimdən gedir, - o, məndən incimiş kimi yerində dikəlib oturdu və köksümdə dağılıb səliqəsi itən saçlarını barmaqları ilə darayıb arxaya verdi, - nə isə.
 
- Yox e, bilirəm, niyə bilmirəm? Amma deyirəm ki, sənin onun iç üzünü tanımadığın vaxtlar da olub da yəni. Evliliyinizin əvvəlində, ya elə nişanlı vaxtı... yəqin o vaxtlar sən hətta ona aşiq də olubsanmış. 
 
- Biz nişanlı olmamışıq, mən də ona aşiq-filan olmamışam, - soyuq səslə dedi və mənim divanın söykənəcəyinə yapışmış qolumu sığalladı, əlimi əllərinin içinə alıb barmaqlarımı öpməyə başladı, - istəsən bir gün danışaram sənə bunları.
 
- İndi danış, - mən barmaqlarımı onun dodaqlarından çəkməyə çalışdım, lakin onlar mənim iradəmə tabe olmadılar və bir-bir közərib yanmağa başladılar, - eləmə...
 
- Nəyi... – o, bu sözü sual formasında belə verməyi unutmuşdu, dodaqları barmaqlarımdan ovcuun içinə keçmişdi və indi ovcumun içi yanırdı, - niyə, Bulud...
 
- Çünki istəyəcəm səni... – mən hələ də üzümü ona çevirib baxmır, gözlərimi televizor ekranından çəkmirdim, - eləmə...
 
- İstə, - dedi, səsi yana-yana, - nolar... xahiş edirəm.
 
- Yox... – mən dərindən nəfəs alıb əlimi özümə sarı çəkdim, - olmaz, mən də xahiş edirəm. Özümü yaxşı hiss eləmirəm, xahiş eləyirəm, üstümə gəlmə... yaxşısı budur, mənə çay gətir.
 
- Hmm... – ayağa durub sağ tərəfimə keçdi və pultu götürüb televizoru söndürdü, - dur!
 
- Niyə? – karıxmış halda ona baxdım
 
- Dur get burdan! Bura sənin üçün çayxana deyil, mən də çayçı!
 
***
 
Həmin axşam narın yağan ilk payız yağışının altında maşınla şəhərin küçələrində dolaşdıqca Leylanı nə qədər çox sevdiyimi bir daha anlamışdım. Amma nəsə çatmırdı mənim ona sevgimdə. Nəyinsə yeri ya boş idi, ya zədəli idi, anlaya bilmirdim. Bəlkə mən qorxurdum? Amma nədən? Məsuliyyət daşımaqdanmı? Kimdən? Sehrbazdanmı? Yoxsa hamıdan, bütün cəmiyyətimizdən? Axı o hələ də Sehrbazın ölmüş həyat yoldaşı sayılırdı və bir gün üzə çıxsa, rəsmən boşanma prosesindən keçməli olacaqdı. Üzə çıxmasa... yox, bu mümkün deyildi. Leyla nə qədər gizlənəcəkdi ki? Üstəlik, bəlkə də Sehrbaz artıq onun sağ olduğunu bilirdi. Sənubərin başına mənim evimdə gətirdiyi oyunun videosunun ona kimin göndərdiyini doğrudanmı anlamamışdı? İlahi, bəlkə mən fil qulağında yatmışdım və Leyla gördüyümdən də, düşündüyümdən də böyük və qəliz bir oyunun içindəydi?! Bəlkə də özü qurmuşdu bu oyunu?! Axı onun o məsum gözləri... mən əmin idim ki, o baxışlar ancaq mənim üçün olur, ola bilməzdi, mümkün deyildi ki, Leyla məndən başqa hansısa bir kişiyə də məhz o cür baxsın. Çünki bu onun uşaqlıqdakı baxışları idi, mənim ilk sevgimin, Səmamın...
 
- Korsan? – yanımdan keçən maşından yaşlı kişi başını çıxarıb üstümə bağırdı.
 
Heç nə başa düşmədim, deyəsən fikrə qapılıb döngədə onun yoluna çıxmışdım. Hər nə isə, cəriməsi gələndə biləcəkdim.
Emalatxanaya getdim. 
 
Budur, mən mətbəxdəki boş balaca marinad bankalarından birinə bir az jelatin və su töküb qarışdırıram. Sonra səbirlə onu düz on dəqiqə su vannasında qızdırıram, bütün tərkibin necə eyni qatılıqda olmasını diqqətlə yoxlayıb, üstünə emulsiya tökürəm və yenə də qarışdırıb, gips tökürəm, yenə qarışdırıram... sonra isə bu qarışımı sürtgəcə hopdurub, bütün hirsimi tərtəmiz kətandan alırmışam kimi vəhşi kimi onu sürtürəm. Kətanın əlimin altında sanki canını məndən qurtarmaq istəyirmiş kimi dartındığını, tarım çəkilmiş səliqəli vəziyyətini itirdiyini izləyə-izləyə həzz alıram və peşə vərdişimlə o iki daşın arasında da düşünürəm ki, mənim psixikam əməlli-başlı pozulub və mütləq psixoloq konsultasiyasından keçməliyəm. Bu anlarda da qəbuluna getdiyim və mənim gey olduğumu deyən məşhur psixoloqun siması gəlir dayanır gözlərimin önündə. Tərs bir gülmək tutur məni, amma başımı bulayıb qulaqlıqlarımı taxıram və telefonumdakı instrumental musiqini dinləyə-dinləyə yenə də kətana qapılıram.... Budur, kətanı hazırlamağımın birinci mərhələsi bitir, mən onu balkona çıxarıb dincə qoyuram ki, üç-dörd saatdan sonra bir də jelatinli-emulsiyalı qarışımla sürtüm, sonra bir də, bir də... ta ki tamam quruyub hazır olana kimi...
 
Amma səbrim və vaxtım yoxdur və mən qeyri-ixtiyari olaraq ətrafa göz gəzdirir, divarlarda boş yer axtarıram. Sonra isə qırmızı divana ilişib qalır baxışlarım. Sanki divanın söykənəcəyi arxasından bir cüt göz baxır mənə. Məsum, sakit, sevgi və inamla...
 
Bir saatdan sonra mən divandan kənara çəkilib Leylanın mənim divanımın arxasındakı divardan üzümə baxan məsum, sakit, sevgi və inam dolu gözlərinə tamaşa edirəm.
 
Gözlərim yaşarır və bütün baş verənlərdən sonra ilk dəfə tam sakit beyinlə divanda uzanıb özümü yuxunun ixtiyarına verirəm...
 
***
 
Səhər işə gedəndə məlum oldu ki, üst-başım heç də ideal vəziyyətdə deyil, hətta köynəyimdə də, şalvarımda da rəng, gips, emulsiya ləkələri var. Evə gedib paltarlarımı dəyişməyə vaxtım olmayacaqdı, odur ki, masamın arxasından durmadan pasientləri qəbul edəcəyimə qərar verdim.
 
İlk pasientim isə dünən qəbuluna getdiyim həmin o məşhur psixoloq oldu.
 
İlahi, o necə də bəzənib-düzənmiş, ətirlənmiş, saçlarını dən-dən, bəlkə də bir-bir sayıb ətirli gel çəkə-çəkə arxaya daramışdı, hələ ayaqqabıları... təzəliyini “cır-cır” ədayla hər addımında bildirən o bahalı və parlaq tufliləri...
 
- Xoş gördük! – o, şirin təbəssümlə qapının ağzından məni salamlayaraq, bir əli irəli uzanmış halda üstümə gəldi.
 
- Salam, - mən ayağa durmadan, bir az yerimdən irəli dartınaraq onun yumşaq və tərləmiş ipisti əlini sıxdım və dərhal də çimçəşərək geri çəkdim, digər əlimlə yer göstərdim, - buyurun, oturun.
 
- Həə, - əvvəl oturacağı yerə göz gəzdirib, təmizliyindən arxayın olaraq, oturdu, - necəsiz, Bulud bəy?
 
- Yaxşıyam. Siz? Nə əcəb bura gəlmisiz? Həm də iş vaxtınızda.
 
- Həə, - ilahi, o lap Sənubər kimi bir əli ilə arxaya daranmış saçını sanki zorla tartıb qulağının dalına verməyə çalışdı, - dünən fikrim qaldı sizin üstünüzdə, dedim çox gərgindir bu adam, görəsən necə oldu onun vəziyyəti? 
 
- Hər şey yaxşıdır, - dedim və Sənubər gözümün qabağına gəldiyi üçün səsimin bir az həyəcanlı olduğunun fərqinə vardım, - siz nahaq narahat olmusuz.
 
- Siz nə danışırsınız? Bu mənim borcumdur, - o, ayağa durub özü ilə gətirdiyi portfeldən iki portağal çıxararaq masanın üstünə qoydu, - bunları bir pasientim mənə gətirmişdi, sizdən yaxşı olmasın, çox mədəni, ziyalı, təmiz insandır, altı ay səkkiz gündür ki, tanıyıram... pasientimdir yəni. Dedim sizə də gətirim... pay.
 
- Çox sağ olun, - portağalları masanın kənarına verib üzümə ona tutdum, - eşidirəm sizi.
 
- Yoox, mən pasient kimi gəlməmişəm... – həyəcandan qızardı və yenə də saçını dartıb qulağının dibinə verməyə çalışdı, gözlərini də eynən Sənubər kimi qaçırtdı məndən.
 
- Eşidirəm, buyurun, - mən peşə vərdişi soyuqqanlılığı ilə gözlərimi onun üzünə dikdim.
 
- Dedim axı... – o, yenə gözlərini o yana-bu yana qaçırdaraq, məngənəyə düşmüş kimi çarəsizcə üzümə baxdı, - mənim bir problemim var.
 
- Buyurun, - beynim soyuyub-soyuyub buz baltası halına gəldi və mən tamamilə peşəmə qapıldım, - eşidirəm.
 
- Mən... mən bunu ancaq sizə danışa bilərəm, mən bunu dəqiq bilirəm, mənim intuisiyam o qədər güclüdür ki, inanın, sizi görən kimi bunu başa düşmüşdüm... siz içəri girən kimi... inanırsız? Deyin ki, inanırsız...mən, düzdür, sizi əvvəllər də tanıyırdım... – xəfif təbəssümlə dodağı qaçdı və tez özünü yığışdırdı, - mən sizinlə heç vaxt rəqib kimi özümü hiss etməmişəm... yəni sizi özümə rəqib... yox, mən nə danışıram, bağışlayın məni, çox üzr istəyirəm... mənim fikirlərim qarışıqdır...
 
- Buyurun, - qrafindən stəkana su süzüb ona uzatdım və onun qurtum-qurtum suyu içdiyinə tamaşa etdim, sonra eyni soyuq səslə dedim, - davam edin.
 
- Mən... – onu tər basdı, huşunu itirəcəkmiş kimi bir hala düşdü, - bəlkə də siz dünən mənim yanıma gəlməsəydiniz, mən də bu gün bu cürəti özümdə tapmazdım...
 
Yox, bircə bu özünün transseksual meylləri olduğu aşkar sezilən tipin məni gey bilməsi və eşq etirafı etməsi çatmırdı. Məni bu dünyada bu dəqiqə tam xoşbəxt olmağım üçün məhz elə bu faktor lazım imiş, deyə mən özümə də, düşüncələrimə də ironiya dolu qəzəblə düşünürdüm. Lakin özümü peşəkar göstərməliydim və ona görə də üzümə ciddi ifadə verdim.
 
- Çəkinməyin, xahiş edirəm, mənə etibar edə bilərsiz.
 
- Həə... – inamla üzümə baxdı, - bilirəm, sizə tam etibar edə bilərəm...
 
- Aha...eşdirəm.
 
- Mən...mən bir qadının ölümünə səbəb olmuşam... qətlinə yəni...
 
- Yəni?
 
- Mənim günahım yoxdur, mən ona deməmişdim axı get hər şeyi ərinə danış... daha doğrusu, mən ona başqa cür demişdim, o isə... axmaq qadın, gedib ərinə danışmışdı nə var, hamısını... əri də... səkkiz bıçaq zərbəsi ilə... təsəvvür edirsiz? – o birdən bütün həyəcanını unudub, özünüqoruma instinktinin diktəsi ilə müdafiə rakursu seçdi, - yox e, sən gəl, mənə de ki, məni şantaj edirlər, üç kişi ilə birdən olmuşam, hamısını videoya çəkiblər, internetə qoyublar, ərim görsə, üzünə baxa bilmərəm, özümü öldürmək istəyirəm, filan- bəsməkan... mən də deyirəm ki, ay xanım, ay axmaq, ay Sənubər, axı niyə sənin ərin bütün bunları bilən ən axırıncı adam olmalıdır? Sən heç mənim kimi onunla da oturub söhbət eləməyə çalışdınmı? Yox e, kimə deyirsən? Bizim millət budur da! Bizim qadınlar budur da! Əxlaqsızlıq elə, sonra da qorx. Gül kimi oğlandı e əri, boylu-buxunlu, gözəl, of, of, of... getdi yazıq əlli-ayaqlı...
 
- Siz nə dediniz? – mən onun bütün danışdıqlarından ancaq bircə kəlməni eşitmişdim sanki, - Sənubər?
 
- Aha, Sənubər, - gözlərini süzüb dodağını büzdü, - primitiv addı, hə? Amma mən bu primitivə görə psixoloji sarsıntı keçirmişəm... təsəvvür edirsiz?
 
O, yenə də bir əli ilə arxaya yağlanıb daranmış saçını dartıb qulağının arxasına çəkməyə başladı və birdən mənə elə gəldi ki, Sənubər bu dəqiqələrdə burada, mənim kabinetimdə, qarşımda, bu məşhur psixoloqun vücudunda oturub, onun gözlərinin içindən mənim üzümə baxır. Mən hətta onun səsini də eşitdim...
 
- Nolar, kömək elə… 
 

 

# 3722
avatar

Bulud Qara

Oxşar yazılar