“Həkim arxamca “siz geysiniz…” dedi…” - <span style="color:red;">Bulud Qaranın gündəliyi - 26-cı BÖLÜM
05 sentyabr 2019 20:15 (UTC +04:00)

“Həkim arxamca “siz geysiniz…” dedi…” - Bulud Qaranın gündəliyi - 26-cı BÖLÜM

Əvvəli: https://lent.az/news/324507

26-cı hissə

Ər və arvad? Onlar kimdir?

Birdən elektrik cərəyanı vurmuş kimi qəfil geri çəkildim.

Əllərim Sevdadan qopan kimi barmaqlarımı ovuclarımın içinə sıxıb, sükanı yumruqladım.

Sevdanın əlləri mənim əllərimi əvəz edərək onun boğazına pərçim olmuşdu və o, özünü indicə qurtulduğu labüd ölümdən qorumağa çalışırdı. Sonra o, öskürməyə başladı və bir əli ilə boğazından yapışıb ovuşdurmaqda ikən digəri ilə qapını döyəcləyib açmağa çalışdı. Mənim içimdə elə dəhşətli bir soyuqluq var idi ki o anlarda belə! Yox, bu əsl qəddarlıq idi. Nə vaxtsa saflığına inanıb sevdiyim xəyanətkar qadına qarşı ürəyimdə o qədər böyük və gizli bir kin yaranıbmış ki, özüm də bundan xəbərsiz imişəm. Biz çox vaxt qəddarlığın adını “soyuq beyinlə düşünmək” qoyuruq və özümüzü aldadırıq. Mənim indi Sevdaya qarşı kin püskürməyimin adını özümə “xəyanətkar qadını cəzalandırmaq” deyə təlqin etməyim kimi...

Sevdanın qapını açmağa gücü çatmırdı və mən onun rəngi qaçmış üzünə, dağılmış saçlarına, gözlərində oynayan qorxu ifadəsinə baxa-baxa heç nə etmirdim. Nə kömək, nə pislik. Beləcə, “soyuq beyinlə” öz tərəfimdəki qapını açıb, maşından düşdüm. Təmiz və sərin xəzri üzümə çırpıldıqda isə özümün də boğulduğumu hiss etdim. Sanki gözəgörünməz iki əl mənim də boğazımdan yapışıb sıxmağa başlamışdı. Qeyri-ixtiyari əllərimlə boğazımı tutub dərindən nəfəs almağa başladım, köynəyimin düymələrini açıb sonra onu tamam əynimdən çıxartdım və maşının üstünə üzügöyə uzanmış kimi söykəndim.

Hava qəfil qaranlıq çökmüş kimi idi və narın yağış yağmağa başlamışdı. Gözlərimi yumub üzümə, sinəmə hopan zərif damlaların yaratdığı həzzə qapılmaq istədim. O anlarda mən çox gözəl bilirdim ki, söykəndiyim bu maşının içində hamilə bir gənc qadın var və o, ölməmək üçün çırpınır. Mən isə...

Bir anda ətrafımda maşınların dayandığını, qapıların açılıb çırpıldığını, bir-birinə qarışmış kişi səslərini eşitdim. Qəddimi düzəldəndə isə qarşımda Sehrbazın nəhəng mühafizəçilərindən birini gördüm və gözümün altına, sonra isə qarnıma dəyən yumruqlardan qıvrılıb yerə çöməldim.

- Şərəfsiz! – deyib maşınıma da bir təpik vuraraq getdi.

Birtəhər durub baxdığım zaman isə onun Sevdanı qucağına alıb maşınlardan birinə sarı tələsdiyini gördüm. Ətrafdakı digər mühafizəçilər də kimi onun Sevdanı oturtduğu, kimi də digər iki maşına minərək, oradan uzaqlaşdılar.

Birdən məni axmaq bir gülmək tutdu.

Sehrbazın adamları Sevdanı nəzarətdə saxlayırmışlar və onu bətnindəki uşağa görə də qoruyurmuşlar. Axmaq adam! Yer üzündəki bütün digər ət dağarcıqları kimi o da mütləq özünün nəslini-kökünü artırmaq üçün can atırdı və toxumunu əkmək üçün lap da özünə layiq bir qadın bədəni seçmişdi – Sevdanın bədənini. İndi gör bu iki şeytandan doğulacaq körpə necə bir iblis olacaq, deyə düşündüm.

Sonra da düşündüm ki, adamın imkanı ola, belə adamların uşaqlarını onlardan oğurlaya, yaxşı adam kimi böyütməyə çalışa...

Yox, mənim doğrudan da psixoloqa, hətta psixiatra ehtiyacım vardı.

***

Bir saatdan sonra mən artıq ölkənin ən tanınmış psixoloqlarından birinin şəxsi kabinetində idim və ona öz problemlərimi danışırdım. O, gözlərində eynək, saçları yağlanıb arxaya daranmış və kəskin ətir iyi verə-verə, əlindəki qələmin ucu ilə qarşısındakı masanın üstünə “tıq-tıq, tıq-tıq” vururdu. Bu tıqqıltı mənim beynimə ağır qonq səsi kimi təsir edirdi və başımın getdikcə ağırlaşdığını, ağrıdan gözlərimi qıyıb danışdığımı hiss edirdim. Özüm də anlayırdım ki, hər şeyi olduğu kimi danışmıram və bu heç lazım da deyil. Axı mən bu hamının tanıdığı məşhur adama (onu özümə rəqib bilirdim və hətta hesab edirdim ki, məndən yeganə üstünlüyü efirlərdə çox görünməsidir) baş verənlərin hamısını olduğu kimi niyə və necə danışaydım? Sehrbazın hoqqalarını, Sənubərin qətlini, Leylanın ikili və gizli həyatını, Sevdanın yalanla nəfəs alıb-verməsini... yoxsa özümün bir az bundan əvvəl hamilə bir qadını boğub öldürəcək dərəcədə qəddarlaşdığımı?

Yox!

Mən sadəcə qadınlara nifrət etdiyimi dedim. Onlara bundan sonra heç cür inanıb etibar etməyəcəyimi anladığımı dedim. Bir də dedim ki, qadınların hamısını öldürmək imkanım olsa, bunu soyuq beyinlə edərəm.

- Hmmm... – məşhur psixoloq əlindəki qələmin ucu ilə qarşısındakı masanın üzərinə “tıq-tıq, tıq-tıq” döyəcləməyə davam edərək, mırıldandı.

- Bəsdir bu qələmlə beynimi qazdınız! – birdən bağırdım, - əsəblərim yerində deyil, deyirəm, siz isə...

- Aydındır! – o, qələmi masanın üstünə “soyuq beyinlə” buraxıb üstümə diyirlətdi və ləzzətlə mənim üzümə baxıb reaksiyamın necə olacağını gözlədi.

- Nə aydındır? Heç nə aydın deyil! Sizin qələminizi də tutan deyiləm! – deyə mən üstümə gələn qələmin necə diyirlənib yerə düşməsinə gözümün ucu ilə də baxmadım.

Məşhur psixoloq ayağa durub bir əli qoynunda, bir əli də çənəsində, qaşlarını çata-çata, dərin düşüncələrdəymiş kimi otaqda var-gəl etməyə başladı.

- Nə aydındır? – mən bütün sinirlərim tarıma çəkilmiş halda fısıldadım.

- Bir dəqiqə...

O, pəncərəyə sarı gedərək, özünü səhnə çıxışına hazırlayıbmış kimi bir hal aldı və şeir deməyə başladı:

- Mən bir tozam,

Göy üzündə

hərlənən bir tozam mən,

Göydən-yerə

Boylanan bir gözəm mən.

Mən bir gözəm

Kirpiyim yox, qaşım yox,

Mən bir gözəm,

Ayağım yox, başım yox...

- Bəsdir! Mən gedirəm!

Ayağa durub qətiyyətlə onun yerə düşmüş qələmini götürüb masanın üstünə çırpdım və qapıya sarı addımladım. Bundan sonra baş verənlər üçün isə məşhur psixoloqun özü günahkardır. Belə ki, o, mənim arxamca sakit və “soyuq beyinlə” bu sözləri işlətdi:

- Əzizim, siz geysiniz.

- Nəə? – mən dönüb onun gözlərinin içinə baxdım.

- Adi bir homoseksualsınız yəni, - o, sakitcə yerinə oturub, masanın üstünə çırpılıb qalmış qələmi götürdü və qarşısındakı ağ vərəqlərdin birinə nəsə qeyd etməyə başladı.

- Siz dəli olmusuz? Mən... mənim həyatımda... – kəkələdim.

- Hə, siz indi deyəcəksiniz ki, sizin həyatınızda “en” qədər qadın olub, indi də var, bundan sonra da olacaq... – başını bulayıb güldü, - heç bilirsiz gizli geylər bunu nə qədər deyir?

- Qulaq asın...

- Oturun, sakitcə sizin məsələnizi çözək, əzizim, - o, eynəyini gözləri üstündən alnının yuxarısına sürüşdürdü və saçlarını da arxaya daramış oldu.

- Siz... siz ki... – deyə mən indicə hiss etdiyim məqamı ona anlatmağa çalışdım, lakin əmin olmadığım üçün susdum.

- Baxın mənim gözlərimin içinə... baxın üzümə, əllərimə... – o, gözlərini az qala qadın kimi süzərək, əllərini mənim qarşımda açdı, - nə hiss edirsiniz?

- Nə hiss edirəm?

- Ahaa, - o bir az da rahatlaşıb gövdəsini masaya sıxdı, - rahat olun, burada bir bizik, bir də bizim hisslərimiz, daxili dünyalarımızın gizli notları...

- Anladım... – mən soyuq səslə və “soyuq beyinlə” onu ikrahla süzdüm və qapıya sarı yönəldim, - mən səhv yerə gəlmişdim, üzrlü sayın.

- Ooo, siz nə danışırsınız? – o arxamca gəlib qolumdan tutdu, - siz məni nəsə doğru anlamadınız deyəsən, ya da mən sizi... hər nə isə, bu da bir test idi, deyək. Psixoloji test, yəni...

- Təşəkkür edirəm! – mən qolumu hirslə çəkib, çölə çıxdım.

Maşınla şəhəri bir-iki dəfə fırlanıb, dəniz sahilinə getdim.

Məni anlayacaq, məni ovudacaq, məni dağılmaqdan xilas edib bütün parçalarımı toplayaraq, yenidən yığacaq bir adama ehtiyacım vardı.

Ana kimi sevə biləcək biri...

Heyf ki, mən və anam ayrı-ayrı aləmlərin adamları idik və mən onunla heç bir dərdimi-sirrimi bölüşə bilmirdim.

Bunu düşünə-düşünə məhəlləmizə qayıtdım və maşını binamızın arxasında saxlayıb, Gülnara zəng etdim.

- Necəsən? Anam necədir? Sənin anan necədir?

- Hamımız əlayıq, sənin evindəyik, qəşəng döşəmə-plov süzmüşük, elə sənə zəng vurasıydıq ki, tez gələsən. Daydaygil də burdadı, arvad-uşaq, hamısı. Zəfəran götür gələndə.

- Mən gəlməyəcəm, Gülnar, rayona çıxıram.

- Necə yəni? Hökmən elə gərək indi çıxasan? Axşamdı e!

- Hə, səhər mühazirəm var. İşlə bağlıdır. Salam de hamıya.

- Yaxşı. Özündən muğayat ol.

Maşından düşüb binanın qarşısına keçdim və blokumuza daxil oldum. Pilləkənləri bir-bir, asta-asta çıxıb öz qapımızın qarşısında dayandım. İçəridən səs-küy və televizorda gedən hansısa konsertin səsi gəlirdi.

Evimdə bu qədər adam varkən mən tək-tənha idim və özüm kimi tək-tənha birinə qısılıb sakitləşmək istəyirdim.

Qeyri-ixtiyari əlim qonşu qapının zənginə sarı uzandı...

***

Hər şey ən adi evlərdəki kimi idi.

Mən divanda sərələnib, əlimdə pult, televiziya kanallarını tipik kişi səbirsizliyi ilə çevirib dəyişirdim. O isə sakitcə gəlib mənim yanımda oturmuşdu. Sonra bir az da yaxınlaşıb lap mənə yapışdı. Sinəmə qısılıb, üzünü ürəyimin üstünə sıxdı. Mən, “soyuq beyinlə”, sağ əlimdəki pultla televizorun kanallarını dəyişməyə davam edirdim. Sol əlim isə divanın söykənəcəyində idi. Bu anlarda ürəyim elə sürətlə çırpınırdı ki, elə bildim, indiyə kimi mənim heç yerli-dibli ürəyim yox imiş, onun varlığını hiss etməyim üçün mütləq Leylanın ona üzünü sıxması gərək imiş...

Mən bu qadını sevirdim və onun da məni sevdiyini bilirdim.

Pult əlimdən divanın üstünə düşdü və biz hansısa kanalda hansısa yerli serialın hansısa qəhrəmanlarını gördük. İkimiz də baxıb amma görmədiyimiz televizor ekranına qısılmışdıq – həm bir-birimizdən, həm özümüzdən...

- Ər-arvadlar belə olur? Belə baxırlar televizora? – soruşdu.

- Hə. – dedim.

- Heç vaxt yaşamamışdım... – dedi.

İnandım.

Mən həyatımda ilk dəfə olaraq bir qadına inandım...

(Davam edir)

 

# 3050
avatar

Bulud Qara

Oxşar yazılar