“Onu boğmağa başladım... gücünü itirib xırıldayırdı...” – Bulud Qaranın gündəliyi – 25-ci BÖLÜM
30 avqust 2019 12:24 (UTC +04:00)

“Onu boğmağa başladım... gücünü itirib xırıldayırdı...” – Bulud Qaranın gündəliyi25-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/323849

 

Peşmanlıq

 

Telefonun ekranından gözlərimə dolan “Özünsən” kəlməsi mənə elə od qoymuşdu ki, bir dünya adam bir yerə toplaşıb mənə bir kitablıq söyüş söysəydi, bu qədər təsir etməzdi.

 

-         Saxla maşını! – dedim.

-         Niyə? – Surxay bir anlıq mənə sarı çönüb, yenidən yola baxdı, - sənin də cibini boşaldıblar?

-         Nə cib?

-         Cib də, şalvarın cibi.

-         Başa düşmürəm, nə deyirsən?

-         Pulqabımı götürüb də it qızı! – Surxay yəqin ki, bayaq barda qoluna girib harasa çəkildiyi qızı söydü.

 

O bunu deyəndə barda baş verənləri dumanlı şəkildə də olsa, yadıma sala bildim. Biz yedik, içdik. Yanımızda iki qız da vardı. Sonra Surxay qızların biri ilə harasa getdi. Digər qız isə mənə özünü təklif elədi. Mən də...

 

-         Sən canın, qıza nə demişdin ki, masanı başına çevirmişdi?

-         Heç nə.

-         Heç nə üstə bu gündəsən? – yenə bir anlıq çönüb üzümə baxaraq güldü.

-         Əşşiii! – onu başımdan eləmək istədim, - dedi əlli manat ver, mən də dedim yox, ancaq üç manat.

-         Nəə? – Surxay ucadan gülməyə başladı.

-         Hə də. Burda nə var ki?

-         Üç manata qəhbə olur? Dəlisən sən?

-         Olur, olur...

 

Köksümü ötürdüm.

 

Leyla yenə də bütün təzadlı davranışlarıyla, sirli strategiyası ilə, məsum üz ifadəsi ilə gəlib dayandı gözlərimin qarşısında.

“Üç manat ver...”

 

Yox buna dözmək olmurdu, mən nəsə etməliydim, nəyisə mütləq dəyişməliydim düşüncələrimdə də, yaşayışımda da.

 

-         Düş. Al açarı, qalx, mən su alıb gəlirəm, - Surxay açar topasını mənə uzadıb, maşından düşdü.

-         Açar niyə? – mən də düşüb qeyri-ixtiyari reaksiya ilə onun mənzilinə sarı baxdım, - Tofiq orda deyil ki?

-         Ordadı, amma yəqin yatmış olar.

-         Yox, ən yaxşısı, mən evə gedim.

-         Bu gündə? – Surxay üz-gözünü əyib mənə baxdı.

 

Nə gündə olduğumu hələ dəqiq bilməsəm də, üz-gözümün, bədənimin ağrılarından anlayırdım ki, adam arasına çıxası halda deyiləm. Üstəlik, anamın gözlərinə qətiyyən görünməməliydim. Arvad onsuz da gəldiyi gündən bəri rahatlıq görməmişdi.

Açarı ovcumun içində sıxa-sıxa yuxarı, Surxayın mənzilinə doğru qalxdım. Qapını açıb içəri girəndə isə elə bir şey gördüm ki...

Tofiq divanda uzanmış, Sevda isə onun yanında oturub başını sinəsinə qoymuşdu.

İlahi, bu necə qadın idi? Aldatdığı, üstəlik də bıçaqlayıb yaraladığı kişinin yanında bu qədər rahat olmağı necə bacarırdı?

Leylanın iki daşın arasında mənə dedikləri də yadımdaydı: “Sevda Sehrbazın adamıdır”, “Uşaq Sehrbazdandır”, “Tofiqin heç vaxt uşağı olmayacaq”...

 

-         Ay salamməleyküm! – Sevda məni görüb ayağa durdu, üstümə gəlib əlimi sıxmaq və üzümdən öpmək istədi, amma çaşqınlıq içində dayandı, - nə olub sənə?

-         Salam, Tofiq, - mən Sevdanı görmürmüş kimi davranaraq Tofiqə yaxınlaşdım, - Necəsən?

-         Mən yaxşıyam e, - Tofiq oturub ayaqlarını divanın qarşısındakı masaya qoydu və qəfil hərəkətdən ağrıyıb inildədi, üzümə işarə ilə, - səni də arvad vurub?

-         Arvadı var ki, vursun? – Sevda guya zarafat elədi.

-         Yox, - quru səslə Tofiqə cavab verib vanna otağına keçdim.

-         Köynəyin lap Yusif peyğəmbərinki kimi cırılıb, - Sevda qaqqıldadı.

 

Aynada özümə baxanda bir az sakitləşdim, çünki hiss etdiyim ağrılara və Surxayla Tofiqin “nə gündəsən?” tipli reaksiyalarına baxmayaraq, o qədər də dəhşətli halda deyildim. Dodağım sol tərəfdən partlamışdı, sağ gözümün də altında zəif qaraltı görünürdü. Üst-başım isə doğrudan da bərbad idi. Qan, toz-torpaq paltarlarımda bir-birinə qarışmışdı, üstəlik, köynəyimi də arxadan cırmışdılar.

Sevdaya bax hələ, yadına düşən Yusif-Züleyxa əhvalatına bax!

Əynimi soyunub, duşu açdım...

 

Bir azdan Surxayın verdiyi paltarları geyinərək, hamı ilə birlikdə balaca masanın arxasında oturmuşdum və Sevdanın dəmlədiyi çaydan içirdim.

Mən indiyə kimi çox qadınlarla üz-üzə gəlmişdim, istər tərəf müqabili kimi, istər pasient kimi. Heç vaxt onların nə istədiklərini və nə istəmədiklərini yanlış başa düşməmişdim. Həmişə hər birini yarı kəlməsindən anlamışdım, hətta çox vaxt demədiyi kəlmələrindən. Lakin indi, həyatımın ən yetkin vaxtında mən ətrafımdakı, illərlə həyatımda, düşüncələrimdə olan qadınları anlaya bilmirdim. Mən anlaya bilmirdim ki, anam Sürəyya nə üçün Sevdanın onunla kobud davranışlarına dözür və bunları mənə demir. Mən anlaya bilmirdim ki, Gülnar nə üçün Surxaydan çox mənə vaxt ayırır və ondan çox məni qısqanır hamıya. Mən anlaya bilmirdim ki, Sevda nə üçün bətnində başqasının uşağını gəzdirə-gəzdirə Tofiqə məhz ondan hamilə olduğunu deyir, üstəlik, paralel olaraq da mənimlə münasibət qurmaq istəyir, hətta anam üçün potensial gəlin rolu oynayır. Və nəhayət, mən anlaya bilmirdim ki, Leyla nə istəyir, niyə hamıdan gizlənir, eyni zamanda da hər hadisənin içindən görünür və mənə dedikləri ilə mənim onda müşahidə etdiklərim arasında niyə bu qədər təzad var...

 

-         Sən hansı ağılla Sevdanı Tofiqlə tək qoymusan? – deyə mən bir azdan balkonda siqaret çəkən Surxaydan soruşdum.

-         Mən gedəndə Tofiq tək idi, özü buraxıb.

-         Axı...

-         Bilirəm də, deyəcəksən ki, onu bıçaqlamışdı filan, - Surxay bezgin halda siqareti çeynəyib həyətə atdı, - amma hamilədir də, əsəbləri yerində deyil. Tofiq də ki, özün bilirsən, suyun lal axanı, adamın yerə baxanı məsəlindəki kimidir. Aralarında kim bilir nə olub, bizə nə? Görmürsən necə yapışıb ona?

-         Sən Sevdanın tərəfini saxlayırsan? – heyrətlə soruşdum, - haçandan, Surxay?

-         Nə tərəf? Qələt eləyir o. Bilmirəm tülküdür? – otağa işarə edib səsini yavaşıtdı, - amma bu baş verənlərdə nə isə qaranlıq bir şey var, onu başa düşməyə çalışıram. Tofiqi, Sevdanı, Səni.

-         Yəni?

-         Yəni ki, Tofiq özü bilir ki, yer üzündəki ən axırıncı kişi də dəvədən-fildən hamilə qalıb arvad kimi uşaq doğa bilər bəlkə, amma Tofiqdən heç bir qadın hamilə qala bilməz.

 

Heç nə deyə bilməyərək, mat-mat Surxayın üzünə baxırdım və düşünürdüm ki, evə gedən kimi ilk işim diplomumu cırıb atmaq, sonra da şəxsi psixoloji xidmət ofisimi bağlamaq olacaq. Axı illərlə gözünün qabağında olan insanların, hələ də ən yaxın iki dostundan birinin elementar problemlərindən xəbərsiz olan biri necə başqalarının mənəvi-ruhi problemlərini anlayıb onlara çarə tapar?

 

-         Düzünü de, bu işdə sən varsan?

-         Nə? – diksindim, - Hansı işdə?

-         Uşaq işində!

-         Başına at təpib? – hirslə Surxaya baxıb, içəri keçdim.

 

Sevda süfrəni yığıb, qabları yuyub getmək istədiyini bildirdi.

Surxay maşınımın açarını üstümə atdı, mənim aparmağımı istədi.

Onu tərs-tərs süzüb, Sevdanın dalınca həyətə düşdüm. Maşının qapısı açılan kimi Sevda özünü qabaq oturacağa atdı. Bu mənim ürəyimcə olmasa da bir söz demədim, çünki onsuz da arxaya keçməyəcəyini və hay-küy salacağını bilirdim.

 

-         Mənə acığın tutur? - əlini əlimin üstünə qoydu.

-         Çək əlini! – acıqlandım, - sən iyrəncsən!

-         Həə... - əllərini dizlərinin arasında cütləşdirib, küsmüş vəziyyət aldı, - sən isə kobudsan, özü də bilə-bilə ki, hamiləyəm...

-         Qulaq as! – mən artıq dözə bilməyərək, maşını bir tərəfə çəkib saxladım, Sevdanın çiynindən sıxıb fısıldadım, - sən məni başqalarıyla səhv salma ha! Mən sənin üçün nə Tofiqəm, nə də sənin o biri maymaq kişilərin!

-         Dəli olmusan? Burax çiynimi!

 

Sevda maşından çıxmağa çalışdı, lakin mən imkan vermədim. Bu anlarda ona qarşı elə dəhşətli nifrət hiss edirdim ki, üstündən nə qədər zaman keçsə də, hələ də yadıma düşəndə qanım donur.

 

-         Nə istəyirsən sən? Kimsən? Kimə işləyirsən? – deyə mən onun qolunu tutub sıxdım, - kim göndərib səni üstümüzə? Kim? De!

-         Aaa! Başın qaçıb sənin! - əlimdən qurtulmağa çalışdı, - Burax deyirəm! Buraaax!

-         Niyə hamını aldadırsan ki, hamiləsən? Niyə mənim anamı it kimi qapırsan, hə? Niyə mənə girişirsən? Sən necə bir ləçərsənmiş, hə?

 

Həmin anlarda mən artıq onu tam çarəsiz vəziyyətdə qoyub ağrıtdığımın fərqində deyildim. Mən hətta onun hamilə olduğunun fərqində də deyildim. O məqamda qarşımda anama əzab verən, məni də, dostlarımı da aldadan və Sehrbaza işləyən bir şeytan vardı. Və mən bu şeytanın yoxa çıxmasını istəyirdim...

 

Hər şey ta ilk saniyələrindən tutmuş, indi bu maşının içində olduğumuz son dəqiqələrə kimi gözlərimin qarşısından film kadrları kimi keçib gedirdi. Sevdanı ilk dəfə gördüyüm an, onunla ilk dəfə görüşə çıxdığım gün, ona aldığım çiçək və ətirə görə sevinməsi, sevindiyi anlarda dünyanın ən gözəl qadınına çevrilmək cəhəti, onunla ilk dəfə sevişdiyimiz gecə, onun mənə xəyanət etdiyini ilk dəfə hiss etdiyim anlar, onu başqa kişiylə gördüyüm axşam... Qəflətən boğazından yapışıb, onu boğmağa başladım.

 

-         Burax! Burax məniiii! – bağırıb, əl-qol atıb, sonra gücünü itirə-itirə yalvarmağa başlamışdı, - nolar, yalvarıram, xahiş edirəm, atam canı, çıxıb gedəcəyəm, bir də gözünə görünmərəm...nolar Bulud...yalvarıram...buraxxx...

 

Boğazındakı xırıltını qulaqlarımdan tez barmaqlarım hiss etdi...

 

 

(Davam edir)

# 2277
avatar

Bulud Qara

Oxşar yazılar