Analitik Anselm Perera iddia edir ki, Səudiyyə Ərəbistanı İsrail ilə İran arasındakı münaqişədən formal olaraq döyüşlərdə iştirak etmədən maksimum fayda əldə edir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 24 mart tarixli “The New York Times” nəşrindəki məqaləsində yazıb ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Donald Trampla şəxsi söhbətində İranı yalnız rejim dəyişikliyi yolu ilə aradan qaldırıla bilən uzunmüddətli təhdid adlandırıb, mövcud müharibəni isə Yaxın Şərqin yenidən qurulması üçün “tarixi imkan” kimi qiymətləndirib.
Pereranın sözlərinə görə, Ər-Riyadın ictimai şəkildə gərginliyin azaldılmasına çağırışları Vaşinqtona qapalı kanallarla ötürülən siqnallarla kəskin ziddiyyət təşkil edir. “Bu fərq təsadüfi deyil. Bu, Səudiyyə strategiyasının mahiyyətini əks etdirir”, — deyə analitik qeyd edir. Onun fikrincə, neft qiymətlərinin dinamikası, atəşkəs danışıqlarının formatı və Hörmüz boğazının bağlı qalması da məhz bununla izah olunur.
Perera Səudiyyə neft ixracının kəskin azalmasına diqqət çəkir: fevralda gündə təxminən 6,7 milyon bareldən martda 3,3 milyon barelə qədər. Bununla yanaşı, Asiya bazarı üçün “Arab Light” markalı neftin rəsmi qiyməti bir ay əvvəlki 2,50 dollarla müqayisədə barel üçün 19,50 dollar premiuma yüksəlib. “Hesab sadədir: həcm azdır, lakin hər barel üçün qiymət xeyli yüksəkdir”, — deyə Perera yazıb.
Əsas rolu krallığın şərq yataqlarını Qırmızı dənizdə yerləşən Yanbu limanı ilə birləşdirən Petroline neft kəməri oynayır. Bu kəmər tam gücü ilə, gündə 7 milyon barelə qədər işləyir və nefti Hörmüz boğazını keçmədən Asiyaya çatdırmağa imkan verir. Pereranın sözlərinə görə, İrana təzyiq aləti kimi istifadə olunan həmin boğaz artıq Səudiyyə Ərəbistanının özü üçün həyati əhəmiyyət daşımır.
Analitik baş verənləri “üçbucaq modeli” kimi təsvir edir: İsrail zərbələr endirir, İran cavab verir, Səudiyyə Ərəbistanı isə qiymət üstünlüyü əldə edir. O iddia edir ki, İran infrastrukturuna edilən hücumlar və regiondakı obyektlərə cavab zərbələri Ər-Riyadın rəqiblərini zəiflədir, krallıq isə alternativ marşrutlarla sabit şəkildə neft tədarükünü davam etdirir.
Pereranın fikrincə, əlavə gəlir birbaşa ölkənin daxili məqsədləri ilə bağlıdır. Söhbət “Vision 2030” proqramından və böyük investisiyalar tələb edən NEOM kimi iri layihələrdən gedir. “Hərbi mükafat hesabına əldə edilən hər dollar ölkənin iqtisadi transformasiyasını sürətləndirir”, — deyə analitik vurğulayır.
Bununla belə, analitikin fikrincə, bu strategiyanın da həddi var. Səudiyyə Ərəbistanı İranın zəifləməsində maraqlıdır, lakin onun tam süqutunda yox, çünki bu, sərhədləri yaxınlığında xaosa səbəb ola bilər. “Səudiyyə Ərəbistanı bu müharibəni kənardan izləməkdə deyil. O, ondan fayda götürür”, — deyə Perera yekunlaşdırır.