407
15:05
04 Sentyabr 2019

Emin Həsənli: “Azərbaycan adına birgə addımlar atacağıq”

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə görüşlərini davam etdirir.
Lent.az -a açıqlama verən E.Həsənli bildirib ki, növbəti görüş Rumeli Balkan Dərnəkləri Federasiyasının mənzil qərargahında olub.
“Federasiyanın Genel Başkanı Kamuran Atakandır. Bu federasiya 55 dərnəyi özündə birləşdirir. Bunlar əsasən Rum-Balkan elindən olan türklərdir. Hələ eramızın IV-V əsrlərində, Atillanın zamanından və Osmanlı dövründə, XV-XVI əsrlərdə Balkan elinə yerləşmiş türklərdir ki, I Dünya Müharibəsindən sonra çoxu Türkiyəyə köçüb. Amma hələ də Yunanıstanda, Makedoniyada Bolqarıstanda, Rumıniyada, Kosovoda, Macarıstanda yaşayanlar var. O topluluqların Türkiyədə qurduqları dərnəkdir və burada böyük nüfuza malikdir. Eyni zamanda, onların Avropada güclü diaspor fəaliyyətləri var. Dərnəyin rəhbərinin müavini Süheyl Çobanoğlu Azərbaycanda işləyib, ehtiyatda olan polkovnikdir. Azərbaycan Silahlı Qüvvələrinin formalaşma mərhələsində ölkəmizdə xidmət edib. Azərbaycanı çox yaxşı tanıyır və məmnun oldu ki, bizim təşkilat bu dərnəklə əməkdaşlıq edəcək. Görüş zamanı mən federasiyanın rəhbərini və idarə heyətinin üzvlərini Azərbaycana dəvət etdim”.
Şura üzvü bildirib ki, bütün görüşlərində olduğu kimi, burada da Qarabağ münaqişəsi, Xocalı soyqırımı məsələsi ön planda olub: “Onlar Azərbaycan türklərinin yaşadıqları ağrı-acını özləri də yaşadıqları üçün həmin yaşananları dünyaya çatdırmağın tərəfindədirlər. Eyni zamanda, Azərbaycan gənclərinin Türkiyədə təhsil alması, Azərbaycan QHT-ləri ilə qarşılıqlı əməkdaşlıq edərək həm onların, həm Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, birgə tədbirlərin, xarici ölkələrdə birgə yürüşlərin, piketlərin keçirilməsi, Azərbaycan həqiqətləri ilə bağlı birgə addımlar atılmasına hazır olduqlarını dedilər. Azərbaycanın ərazilərinin işğal olunması, qısa zamanda müstəqil dövlətin formalaşması, Azərbaycan-Türkiyə əlaqələri, ölkəmizin regionda nüfuzunun artırılması, silahlı qüvvələrin formalaşması ilə bağlı geniş çıxışım oldu. Sonra tədbir iştirakçılarının suallarını cavablandırdım”.
Emin Həsənli deyib ki, Dərnək üzvləri Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına sadiq olduqlarını bildiriblər. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini hər zaman özləri üçün bir fəaliyyət proqramı kimi qəbul etdiklərini deyirlər.
“Eyni zamanda, onlar bildirdilər ki, Azərbaycan qazının, neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılması, o ağır illərdə həmin cəsarətli qərarların qəbul edilməsi, iki ölkə arasında dəmiryol xəttinin çəkilməsi və bu kimi böyük işlərə imza atılması, TAP, TANAP kimi layihələrin həyata keçirilməsi Azərbaycanın Türkiyəyə nə qədər önəm verdiyini göstərir. Qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da belə olacağını bildirdilər” – deyə, Həsənli əlavə edib.